Bəşər tarixinin qanlı faciəsi
Sosial həyat

Bəşər tarixinin qanlı faciəsi

Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət zamanı çoxsaylı ağır texnika şəhərə yeridilmiş, dinc insanlar amansızcasına qətlə yetirilmiş, şəhər yerlə-yeksan edilmiş, yaşayış evləri və bütövlükdə infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə ən dəhşətli qətliam hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə əsasən qeyd olunur ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Soyqırımı cinayəti BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adıçəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Çox təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər beynəlxalq normalar çərçivəsində məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamışlar.

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğulamış, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişdir.

Bu gün Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları çərçivəsində tanımışlar. Habelə ABŞ-ın iyirmidən çox ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi "Xocalıya ədalət!" kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi daşıyır.

Amma Xocalı soyqırımına bu gün də beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, bu cinayəti törədənlərin cəzalandırılmaması təəssüf və hiddət doğurur.

Xocalı soyqrımının insan hüquqlarını kobud şəkildə pozan əməl kimi daim diqqət mərkəzində saxlanılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı geniş maarifləndirmə tədbirləri həyata keçirir. Ombudsman aparatının və Ombudsmanın regional mərkəzlərinin əməkdaşları bu istiqamətdə silsilə tədbirlər təşkil edir. Ombudsman Səbinə Əliyeva tərəfindən hər il Xocalı soyqırımının ildönümü ərəfəsində verilən Bəyanat beynəlxalq ictimaiyyətə, nüfuzlu beynəlxalq təşkilatlara -  BMT-nin Baş katibinə, təşkilatın Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilir. Ombudsman Səbinə Əliyeva bəyanatında beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, Xocalı soyqırımını pisləməyə, faciəni törədənlərin tezliklə cəzalarını alması üçün səylərini artırmağa çağırır.

Xocalı faciəsi şəhidlərinin 31-ci ildönümü xatirəsini dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Fərid MUSTAFAYEV,

Elm və Təhsil Nazirliyinin

Torpaqşünaslıq və

Aqrokimya İnstitutu.