İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımız beynəlxalq turnirdə 4 medal qazanıblar

Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turniri taekvondo üzrə Azərbaycan millisi 4 medalla başa vurub. G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani finalda uduzaraq ikinci yeri tutub. Yığmanın digər üzvləri - kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar. Ölkəmiz turnirdə 11 taekvondoçu ilə təmsil olunub.

Cüdoçumuz "Böyük dəbilqə"də ikinci yeri tutub

Fransanın paytaxtı Parisdə keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycan cüdoçusu gümüş medal qazanıb. Yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev Türkiyə təmsilçisinə məğlub olaraq ikinci yeri tutub. Daha öncə isə Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub. Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Ölkə çempionatının seçmə yarışları başa çatıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə 8, 10, 12, 14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub. Yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə iştirak edib. Müxtəlif yaş kateqoriyasında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə), Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar), Zarina Mustafayeva (Gəncə) birinci yeri tutublar. Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıb.

"A" kateqoriyalı şahmat hakimlərinin sayı ikiyə çatıb

Azərbaycan Şahmat Federasiyasının (AŞF) daha bir hakimi "A" kateqoriyası alıb. İlahə Qədimova Beynəlxalq Şahmat Federasiyasının mövcud normativlərinə cavab verib. Bununla Azərbaycanda "A" kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov uzun illər ölkədə bu kateqoriyaya layiq görülən yeganə hakim olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".