Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Mircəfər Bağırov

Bu insanın adı elə uydurmalar, elə lənətlərlə əhatə olunub ki, təkcə adının çəkilməsi belə nifrət, kin-küdurət doğurur. Onun ünvanına "yaxşı, ləyaqətli insan" sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü belə "məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır" demişdi... Bununla belə, Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olmasında onun rolu danılmazdır. Söhbət Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri olan Mircəfər Bağırovdan gedir... Ölüm cəzasına məhkum edilən, qarşılıq vermədiyi üçün sevdiyi qadını güllələyən bu liderin həyatı ziddiyyətlərlə dolu olub...

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri kimi bir çox məsul vəzifələrdə çalışan Mircəfər Abbas oğlu Bağırov Bakı quberniyasının Quba şəhərində Mirabbas bəy və Yaxşı xanımın ailəsində dünyaya göz açıb. O, ilk təhsilini mollaxanada alıb. Sonra isə Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin olunub. Bağırov bu kənddə bir ilə yaxın müəllim işləyib. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edən Bağırov, eyni zamanda qısa müddətdə ləzgi dilini öyrənib.

Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızı ilə ailə quran Mircəfər Bağırovun bu nikahdan Cahangir (Vladimir) adlı oğlu doğulub. Mariya xanım vəfat etdikdən 4 il sonra isə bacılarının təkidi ilə Yevgeniya Mixaylovna ilə evlənib. Bu izdivacdan ikinci oğlu Cen dünyaya gəlib.

Deyilənə görə, Mircəfər Bağırovun sevgi məsələlərində heç bəxti gətirməyib. Kimə aşiq olurmuşsa qarşı tərəfdən rədd cavabı alırmış. Ən maraqlısı isə onu evli qadınların cəlb etməsidir. İlk sevgilisi Azərbaycanın qadın pianoçularından biri Xədicə Qayıbova olub. Bu xanımın Bağırovla evlənməyə razılıq vermədiyi üçün başına çox bəlalar gəlib. Deyirlər Xədicə xanımın ailə qurduğu kişilər Bağırovun tapşırığı ilə qətlə yetiriliblər. Repressiya zamanı Xədicə xanım və əri casusluqda ittiham olunaraq həbs ediliblər. Xanımın dindirilmə prosesində Mircəfər Bağırov şəxsən iştirak edib. Daha sonra Bağırov Xədicə Qayıbovanın kamerasına gəlib, o, evlənməyə razılıq verərsə, həyat yoldaşının azad olunacağını deyib. Xədicə xanım isə bu təklifdən imtina edib.

Xədicə Qayıbovanın ölümü haqqında iki versiya mövcuddur. Birinci versiyaya görə, hökmdən bir həftə sonra o, naməlum məkanda güllələnib. Digər versiyaya əsasən isə Mircəfər Bağırov hökm çıxarıldıqdan sonra Xədicə xanıma sonuncu şans verərək yanına həbsxanaya gəlib. Qadın yenidən Bağırova "yox" cavabı verərək ona şillə vurub. Bağırov isə buna qəzəblənib xanımı güllələyib, sonra isə onun meyitinin yanında diz çöküb hönkür-hönkür ağlayıb. Sonralar isə Xədicəyə çox bənzədiyi üçün Qəmər Əlizadə adlı evli bir qadına sevgi etirafı edib, qarşılıq görməyəndə isə ona əzab verib. Bağırovdan xanıma niyə əziyyət verdiyini soruşanda isə o, belə cavab verib: "Mən onu sevirdim".

Bağırov xaraktercə çox sərt adam olub. Ətrafındakı hər kəs, xüsusilə də dövlət məmurları ondan çəkinib. Onun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə təəssübkeşliyi idi. Deyilənə görə, Bağırov yağışlı günlərin birində maşınla Mərdəkandakı makaron fabrikinin yanından keçirmiş. Yolun ortasında çirkab suları ilə dolu olan iri bir gölməçənin şahidi olur. Görür ki, yağan yağış da gölməçənin suyunu artırır. Fabrikin fəhlələri-qız-gəlin, kişi-arvad hamısı min bir çətinlik hesabına oranı keçirlər. Bağırov "M-1" maşınından düşür. Rezin çəkmələrini geyinərək gölməçənin içinə girir. O saat raykomun birinci katibinin ora çağırılmasına əmr verir. Çox keçmədən raykom katibi gəlir. Təzə tuflidə və şalvar-pencəkdə olmasına baxmayaraq, Bağırovun çəkmə ilə girdiyi gölməçəyə girir və bütün üst-başını bulaşdıra-bulaşdıra onunla görüşür. Bağırov qımışaraq deyir: "Sən özün öz cəzanı verdin. Mənim cəzama gərək qalmadı. İki günə bu yol düzəlməlidir ki, fəhlələr işə rahat getsinlər. Mən üç gündən sonra elə bu saatda gəlib yoxlayacağam". Bağırov heç vaxt nəyisə qeyd etməzmiş. Amma raykom katibinə dediyi saatda həmin yerə gedir. Görür ki, yol artıq düzəldilib.

Bir çoxları Bağırovun qəzəbinə tuş gəlsə də, onun himayədarlıq etdiyi insanlar da olub. Deyilənə görə, o, Üzeyir Hacıbəyov, Mikayıl Rəfili, Hüseyn Cavid kimi bəzi ziyalıları qoruyub. Xüsusilə də Hüseyn Cavidin xətrini çox istəyib. Hətta ona ev də verib. Onu sürgündən xilas edə bilməsə də güllələnməkdən qoruyub. 37-ci il repressiyasından Bağırovun qoruduğu insanlardan biri də Mirmövsüm ağa olub. İddia olunur ki, Mirmövsüm ağanın evində antisovet təbliğatı aparılıb. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsüm ağadan əl çəkiblər. Bağırovun sonradan ölümünə təəssüfləndiyi insanlardan biri isə Mikayıl Müşfiq olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib: "O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı".

Bu siyasi xadim bir çoxlarına himayədarlıq etsə də, özünü ölümün cəngindən qurtara bilməyib. Belə ki, istintaqa cəlb olunmuş 60 yaşlı Bağırov məhkəmənin hökmü ilə ən ağır cəzaya - güllələnməyə məhkum edilib.

Şahidlərin sözlərinə görə, 60 yaşlı Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur. Müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyir. Məhkəmə heyəti Bağırova icazə verir. O, gözətçilərin müşayiətilə qəbiristanlığa gedir, oğlunun məzarını oxşayaraq onunla danışmağa başlayır. Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun gözlərindən axan yaş məzarın sinədaşına tökülür. Ani bir səssizlik hökm sürür. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yaşları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: "Sənin yanında ölmək mənə qismət olmadı", - deyərək oğlunun məzarından ayrılır.

Bağırov əvvəlcə kimsəsizlər qəbiristanlığında dəfn olunsa da, sonradan məzarındakı qalıqları toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb...

Artur Rembo

XIX əsrin sonuncu onilliyində yaşayıb-yaradan şairlərdən bəziləri öz həyatlarına qəsd etməyə can atır, qayda-qanunlara, əxlaqa, dinə qarşı etiraz səslərini ucaldır, ədəbi mühit tərəfindən tanınmadıqları üçün əzab çəkməklə, mənəvi böhrandan xilas olmaq yollarını mütləq gözəllikdə, hətta çirkinlikdə və eybəcərlikdə axtarırdılar. Bu qələm sahibləri dünya ədəbiyyatı tarixinə "Lənətlənmiş şairlər" adı ilə daxil olublar. Belə şairlərdən biri də fransız şairi Artur Rembodur.

Fransanın Şarlevil Mezyer qəsəbəsində dünyaya göz açan şairin qeyri-adi istedadı hələ erkən uşaqlıq illərindən ortaya çıxıb. 8 yaşından şeirlər yazmağa başlayan Rembo, 17 yaşında qarşısına peyğəmbər-şair olmaq məqsədi qoyub və öz üzərində ciddi cəhdlə eksperimentlər aparıb. Bütün fənlər üzrə birincilik qazanan balaca Artur dindar və sözəbaxan uşaq olub. Məktəbdə göstərdiyi əla nəticələrin qarşılığında hədiyyə edilmiş kitablarını, bunun ardınca isə saatını satıb Parisə, daha sonra isə Belçikaya qaçıb. Jurnalistika ilə məşğul olmağa cəhd edən Rembonu bir neçə dəfə "evsiz və yaşamağa imkanı olmayan şəxs" kimi tutub evinə qaytarıblar. Sərsəri və avara yeniyetmə şair həyatının cəmi 4-5 ilini bədii yaradıcılığa həsr edib. Elə bu qısa müddət də inadkar və dəcəl gəncin növbəti yüzilliyin bütün inqilabi avanqardçılarının əfsanəvi xəbərçisi kimi dünya ədəbiyyatı tarixinə düşməsinə kifayət edib. O, cəmi 37 il yaşayıb. Qısa ömrünün çox hissəsini kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, hətta qarlı Alp dağlarını belə piyada aşıb. Xəstəliyi ona güc gələndə isə bacısından ancaq bir şeyi, ona Efiopiyaya getmək üçün bilet almasını xahiş edib.

Şair şəxsi həyatına görə həmişə qınaq obyektinə çevrilib. Cinsi azlığın nümayəndələrindən olan şair 19 yaşında ikən məşhur fransız şairi Verlenlə tanış olub. Lakin uzun müddət "eşq yaşayan" şairlərin arasındakı "böyük sevgiyə" sanki birdən-birə göz dəyib. Belə ki, günlərin birində Rembo sevgilisi Verlen tərəfindən qısqanclıq zəminində oteldə güllələnir və biləyindən yaralanır. Sevgilisi isə həbsə düşür. Bu hadisədən sonra Artur Rembo anasının yanına qayıdır. Burada o, müəllim, əsgər, ticarətçi və dənizçi kimi fəaliyyət göstərir. Amma bir daha poeziya ilə məşğul olmur.

Deyilənə görə, şair dilənçi həyatı yaşasa da bütün Avropanı gəzib. Sağlamlığı imkan versəydi bəlkə də bütün dünyanı gəzərdi. Xəstəlikdən tamamilə əldən düşmüş şair ömrünün sonlarına yaxın yenidən Şarlevilə qayıdıb. Belə ki, Rembonun dizində şiş əmələ gəlir. O, təcili olaraq vətəninə yollanır, orada onun ayağını kəsirlər. Xəstəlik onu tərk etmir. Sarkoma onu yatağa zəncirləyir. Bacısı İzabella Rembonun qeydinə qalır. Ölümündən bir qədər əvvəl Rembo bacısından Afrikaya gedən gəmi üçün bilet almasını xahiş edir, o, ölüm ayağında "Allahu Əkbər" sözlərini işlədir və "Efiopiyaya" yollanır...

Hazırladı: Elenora HƏSƏNOVA,

“Respublika”.