ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Bu məhsullardan hibrid qida hazırlanıb

Koreyalı elm adamları qeyri-adi yeniliyə imza atıblar. Belə ki,  Cənubi Koreyanın Yonsey Universitetinin tədqiqatçıları düyü ilə mal ətini "calaq" edərək hibrid qida əldə ediblər.

Tədqiqatçılar ilkin olaraq ət hüceyrələrinin yapışmasına kömək etmək üçün hər bir düyü dənəsini balıq jelatini ilə örtüblər. Daha sonra isə   düyü dənələrinin içinə inəyin yağ və əzələ kök hüceyrələrini yerləşdiriblər. Laboratoriyada yetişdirilən düyü təbii düyü ilə müqayisədə 8 faiz  protein və 7 faiz yağla zəngindir. Tədqiqat müəllifi  Cinki Honqun sözlərinə görə, bu məhsulu bişirdikdə düyüdən ətə xas dad və ətir gəlir. "Matter" jurnalında dərc edilən araşdırmada qeyd edilir ki, düyü dənələrinin dadı mal ətindən hazırlanmış suşiyə bənzəyir. Mütəxəssislərin fikrincə  bu qida gələcəkdə ət və protein tələbatını ödəyə bilər.

Məhsul hələ ki, araşdırma mərhələsində olduğu üçün kütləvi istehsala hazır deyil. Tədqiqatçılar bu qidanın dadını, toxumasını və rəngini daha da yaxşılaşdırmağa ümid edirlər.

"Google"a rəqib gəlir

Süni intellekt sahəsində  liderliyi ələ keçirən "OpenAI", bu dəfə  "Google"un axtarış sistemi ilə  rəqabət aparmaq fikrinə düşüb. Belə ki,  şirkət "Google"a rəqib  olaraq süni intellektə əsaslanan axtarış sistemi üzərində çalışır.

Yeni axtarış sisteminin birbaşa "ChatGPT"nin  pullu və ya  pulsuz versiyasına inteqrasiya ediləcəyi hələ ki, məlum deyil. Bu gün, ümumiyyətlə, "Google" şirkəti axtarış mühərriki olan "Bing" ilə mübarizə aparır. Hətta "Microsoft" da rəqabət apara bilmək üçün axtarış sisteminə milyonlarla dollar sərmayə qoyur. Bununla belə, "Google" hələ də, istifadəçi sayına görə sektorda lider hesab olunur. "OpenAI" şirkəti rəsmi olaraq bu işlə məşğul olması barədə  açıqlama verməsə də, insayderlər artıq prosesin başladığını bildirir. Görünən odur ki, OpenAI, "Microsoft"un güclü dəstəyi ilə "Google"un  lider mövqeyinə hücum etməyə hazırlaşır.

"OpenAI"nin şəxsi axtarış sisteminin necə işləyəcəyi hələ dəqiq bilinmir, lakin internetdə ortaya çıxan bəzi məlumatlar əsasında sadəcə, fərziyyələr irəli sürülür.  İnsayderlərə görə yeni axtarış sistemi "Mənim üçün gözdən keçir" funksiyası kimi yeniliklərə sahib ola bilər.

Yupiterin peykinin son fotoları çəkilib

ABŞ-ın Milli Aerokosmik Agentliyi NASA-nın "Juno" adlı kosmik aparatı Günəş sisteminin ən yüksək vulkanik aktivliyə malik olan obyektinin yeni fotolarını göndərib. Söhbət, Yupiterin peyki İodan gedir.

Qeyd edək ki, sözügedən aparat  bu kosmik cismi 2016-cı ildən bəri müşahidə edir. Yeni fotolar fevral ayında çəkilib. Fotoların çəkilişi zamanı kosmik aparatla  Yupiterin peyki arasındakı məsafə 1500 kilometr olub. Fotolardan birində peykin  səthindəki vulkanik aktivliklər nəticəsində kosmosa ifraz edilən vulkanik tullantılar əks olunub. NASA-dan verilən məlumata görə, bu bir-birinə yaxın yerləşən iki vulkanın aktiv fəaliyyəti ilə əlaqəlidir. Məlumat üçün bildirək ki, İonun səthində 400 aktiv vulkan mövcuddur.

"Lenovo" yeni əməliyyat sistemi hazırlayır

"Microsoft" şirkətinin məşhur əməliyyat sistemi olan "Windows"a yeni rəqib gəlir. Belə ki, Honq-Konq mərkəzli "Lenovo" şirkəti süni intellekt əsaslı yeni əməliyyat sistemi üzərində işləyir.

Qeyd edək ki, bu "Lenovo" şirkətinin proqram təminatı sahəsində ilk işi olacaq. Şirkətin öz əməliyyat sistemini inkişaf etdirmək qərarı, süni intellektə doğru ümumi keçidinin bir hissəsidir. Bu gün artıq süni intellekt bütün texnologiya şirkətləri tərəfindən mənimsənilməkdədir. Bütövlükdə texnologiya bazarına nəzər saldıqda görünür ki, süni intellekt texnologiyası demək olar ki, hər sahəyə nüfuz etmişdir və ondan bir çox  məhsullarda istifadə olunur. "Lenovo" şirkəti də artıq öz cihazlarında müxtəlif dillərdən istifadə edərək süni intellekt əsaslı əməliyyat sistemi yaradacaq. Qeyd edək ki, şirkət 2024-cü ilin birinci yarısında satışa çıxması planlaşdırılan süni intellektli kompüterlərini təqdim etməyə hazırlaşır.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".