Ağdamın “İmarət”i
Maraqlı

Ağdamın “İmarət”i

Ağdamdakı XVIII əsrə aid İmarət kompleksi xan nəslinin ilk mülklərindən hesab olunur. Kompleks iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində olandigər xan saraylarından dəbdəbəli görünüşü ilə kəskin fərqlənib. Bu baxımdan, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən vandalizmə məruz qalıb. 2023-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində İmarət Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ötən il dekabrın 29-da Ağdamda İmarət qəbiristanlığında 200-dən çox qəbir aşkar edilib. Qəbirlərin 20-dən çoxunun xan ailəsinə məxsus olduğu müəyyənləşib. Həmin qəbirlərdən DNK analizləri götürülüb. Arxeoloqların apardığı qazıntılar zamanı ərazidəki türbələrdə mövcud məzarların sayının qat-qat çox olduğu məlum olub. Belə ki, cəmi bir qəbrin olduğu ehtimal edilən Xan ailəsinə aid ikinci türbədə 7 qəbir aşkarlanıb. Burada dəfn edilənlərin əksəriyyəti isə uşaqlar olub. Qazıntılar göstərdi ki, doğrudan da bu qəbirlərin tədqiqinə ehtiyac var. Çünki yazılı mənbələrdə doğru informasiyalar yoxdur. İkinci türbədə 7, digər türbələrdə bir neçə qəbrin aşkar olunması artıq yazılı mənbələrdə olan informasiyaları kənara qoyur. Professional antropoloqlar tərəfindən götürülən DNK nümunələrinin məqsədi burada dəfn olunmuş xan ailəsi üzvlərinin kimliyini, onların üz cizgilərini dəqiqləşdirməkdir. Götürülən DNK analizləri Türkiyənin Hacettepe Universitetində araşdırılır. 

İmarət kompleksində 2022-ci ildə təsdiq edilmiş konsepsiya əsasında təmir-bərpa işləri aparılır. Kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq. Xan sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək. Kompleksdə aparılan bərpa və konservasiya işlərində italiyalı mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi də iştirak edir. Ermənilərin bir məqsədi var idi. Azərbaycanın tarixini, mədəniyyətini yer üzündən silmək. Lakin buna nail ola bilmədilər. Qarabağ işğaldan azad edildi. İndi azad Ağdamda Pənahəli xanın sarayı bərpa olunur. Kompleks, ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Ötən il İmarət kompleksində Xan qızı Natəvanın qəbirüstü abidəsinin açılışı olub. 

Tacir SADIQOV,

“Respublika”.