Bu üç qida kifayətdir ki...
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri sayılan İbn Sina min illər əvvəl qələmə aldığı "Kiçik Tibb Qanunu" kitabında insan ömrünü uzada biləcək üç bitkinin adını açıqlayıb. Alim qocalmanı ləngitmək üçün müntəzəm olaraq şam qozası, gicitkən və paxla istehlak etməyi tövsiyə edib.
İbn Sina xüsusilə iflic keçirmiş insanlar üçün K vitamini ilə zəngin olan, nadir qidalardan hesab edilən şam qozasından istifadə etməyi məsləhət görüb. O, tərkibi C vitamini ilə də zəngin olan bu qidanın insult nəticəsində zədələnən hüceyrələrin bərpa olunmasına kömək etdiyini qeyd edib. Elm adamının kitabında qeyd etdiyi digər bitki isə tərkibi A, C, K, vitamini, kalium, dəmir, maqniylə bol olan gicitkəndir. O, bu bitkidən hazırlanan çayın viruslar nəticəsində boğaz və ağciyərlərin selikli qişasında yaranan quruluğun qarşısını aldığını, öskürəyə yaxşı təsir etdiyini bildirib. Həmçinin bitkinin maddələr mübadiləsini sürətləndirdiyi, immuniteti gücləndirdiyi, həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığı və böyrək xəstəlikləri zamanı müsbət təsirə malik olduğunu söyləyib.
Yaş irəlilədikcə dəridəki hüceyrələrin deformasiyasının artması səbəbindən isə İbn Sina daim gənc görünmək üçün uşaqlıqdan mütəmadi olaraq paxla istehlak etməyi tövsiyə edib. O, kalsium, dəmir, protein, karbohidrat və təbii dopamin mənbəyi olan bu bitkinin nəinki dəriyə, bilavasitə ürək-damar, böyrək xəstəlikləri, şəkərli diabet, qaraciyər çatışmazlığına müsbət təsir etdiyini vurğulayıb. İnformasiya posta.com.tr veb saytında yayımlanıb.
Yatanda xoruldayanlar oxusun...
Aparılan araşdırma nəticəsində məlum olub ki, xoruldayan insanların gecələr çıxardığı səslər onların beyinlərinə zərər verə bilər. Belə ki, İngiltərənin London Kral Kollecinin alimləri yuxu apnesinin beyinə gedən qan axınının qarşısını alaraq oksigeni məhdudlaşdırdığını, bu səbəblə də erkən idrak zəifləməsinə yol aça biləcəyini söyləyirlər.
Məlumat üçün qeyd edək ki, sadəcə apne kimi də bilinən yuxu apnesi, yuxu müddətində tənəffüsün dayanması və yuxu rejiminin pozulmasına səbəb olan ciddi bir xəstəlikdir. Bu xəstəlik yuxu zamanı tənəffüsün ən az 10 saniyə müddətində dayanmasına gətirib çıxarır. Xəstəliyin ən vacib əlamətlərindən biri isə yüksək səslə xoruldamaqdır. Bunun da öz növbəsində beyinə gedən qan axınını dayandıraraq oksigen səviyyəsinə təsiretmə ehtimalı yüksəkdir.
Alimlərin fikrincə, beyinin fəaliyyətinə mənfi təsir edən hər hansı bir faktor yaddaşa, eləcə də qərar, reaksiya vermə və qavrayış kimi düşünmə bacarıqlarına təsir edə bilər. Təcrübəyə 35-70 yaş arası yüngül və ağır yuxu apnesi diaqnozu qoyulmuş 27 nəfər cəlb edilib. Tədqiqatçılar eyni zamanda sağlamlıq və təhsil statusu bənzər olan, lakin sözügedən xəstəlikdən əziyyət çəkməyən 7 nəfərin də sağlamlıq məlumatlarını nəzərdən keçiriblər.
"Frontiers in Sleep" jurnalında dərc edilən araşdırmada ağır yuxu apnesindən əziyyət çəkən insanların daha az ayıq olduqları və hədəfə çatmaq üçün diqqəti cəmləməkdə çətinlik çəkdikləri də daxil olmaqla, idarəçilik işlərində zəif performans nümayiş etdirdikləri ortaya çıxıb.
Çörəyi soyuducuda saxlamaq düzgündürmü?
Süfrələrimizin vazkeçilməz neməti olan çörək hər bir evdə ən çox istifadə olunan və imtina edə bilmədiyimiz qidalardandır. Müqəddəs hesab etdiyimiz bu neməti köhnəlməsin deyə bəzən soyuducuda saxlamaq məcburiyyətində qalırıq. Bəs görəsən onu soyuducuda saxlamaq nə dərəcədə düzgündür?
Əslində, ən çox istehlak edilən bu qidanın necə və hansı şəraitdə saxlanması vacib məsələdir. Çörəyin təravətini itirməməsi və eyni zamanda tərkib hissəsinin dəyişməməsi üçün saxlanma üsuluna diqqət yetirilməlidir.
Çörək soyuducuya daxil olduqdan sonra içindəki karbohidrat molekulları "retrogradasiya"ya uğrayır. Bu isə o deməkdir ki, qidanın tərkibindəki nişasta kristallaşır. Bəs "molekullar kristallaşarsa nə baş verir?". Gəlin, izah edək: Su molekulları yavaş-yavaş çörəyi tərk edir və karbohidrat molekulları tək qalır. Bu isə çörəyin tez bayatlanmasına və dadının dəyişməsinə səbəb olur.
Bu səbəbdən çörəyi soyuducuda saxlamaq heç də yaxşı alternativ deyil. Ona görə də bu qidanın köhnəlməsi və bayatlaşmasının qarşısını almaq üçün görəcəyiniz ilk tədbir, çörəyi yeyə biləcəyiniz miqdarda almaq və təzə şəkildə istehlak etməkdir. Əgər bunu edə bilmirsinizsə, qidanı hava keçirməyən xüsusi saxlama qablarında təmiz, sərin bir mühitdə saxlaya bilərsiniz. Hətta onu 2-3 gün müddətində mətbəxdə, otaq temperaturunda saxlamaq soyuducudan daha yaxşı seçimdir.
Beynin asılılıqla əlaqəli hissəsi tapıldı
Amerikalı alimlər insanlarda spirt, narkotik maddələr və tütün məhsullarına olan asılılığın beynin hansı hissəsi ilə əlaqəli olduğunu müəyyən ediblər.
"Nature" jurnalında dərc edilən araşdırmaya görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən Cold Spring Harbor Laboratoriyasının alimləri siçanların mükafatlandırma sistemini test edərək onların beyninin asılılıqla bağlı hissəsini araşdırıblar. Ən son görüntüləmə üsullarından istifadə edən elm adamları gəmiricilərin beyninin duyğularla əlaqəli amigdala adlanan badam formalı bölgəsində olan əsas neyronların səslərə cavab verdiyini təsbit ediblər. Lakin bu neyronlar bloklandığı zaman isə siçanların səslərə reaksiya verə bilmədikləri müəyyənləşdirilib. Bundan əlavə, uzunmüddətli təcrübələr əsasında tədqiqatçılar siçanların beyinlərindəki amigdalanın səslərə reaksiya verərək neyronlar tərəfindən xəbərdar edildiyini də aşkar ediblər.
Elm adamları gələcəkdə amigdala və asılılıq arasındakı əlaqəni araşdırmağı planlaşdırırlar. Hazırda təcrübələr siçanlar üzərində aparılsa da, gələcəkdə bunun insanlar üzərində də sınaqdan keçirilməsi nəzərdə tutulur.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".