SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Əgər dilinizdə bu əlamətlər varsa...

Ta qədimdən dil bir çox xəstəliklərin "indikatoru" hesab edilir. Belə ki, insanın sağlam və ya xəstə olduğunu dilinin səthindəki əlamətlərlə  müəyyən etmək mümkündür. Dil yeganə orqanımızdır ki,  xroniki və iltihabi proseslər, həzmin pozulmasından tutmuş  qan xəstəliklərinə qədər daxilimizdə baş verən bir çox problemlərdən bizi xəbərdar edə bilir.

İnsan hər hansı bir xəstəlikdən əziyyət çəkirsə, onun dilində müəyyən rəngli ərp əmələ gəlir. Ərp yalnız daxili orqanların xəstəliyi zamanı deyil, ağız boşluğunda gigiyenaya əməl etmədikdə də yarana bilər. Əslində orqanizmi sağlam olan insanın dili normal ölçüdə, açıq çəhrayı rəngdə, ərpsiz və nəm olmalıdır. Lakin mədə xorası, qastritdən əziyyət çəkənlərin dilinin üstündə ağ ərp, kənarlarında isə kiçik çatlar əmələ gəlir. Anemiya, diareya, diabet və qızdırma zamanı dil son dərəcə quru olur və səthində çoxsaylı çatlar yaranır. Dalaq xəstəliklərində isə dilin sol tərəfi qızarır və şişir. Mədə-bağırsaq yolu pozulanda dilin üzərində qəhvəyi rəngli ərp qatı yaranır. Stomatit, kandidomikoz və disbakteriozda isə orqanizmdə infeksiyanın olduğunu göstərən ağ rəngli ərp əmələ gəlir. Dilin kənarları boyu və ucunda ağ ərpin olması isə ağciyər xəstəliklərinə işarə edir. Daim parıldayan hamar və qırmızı rəngli dil mədənin selikli qişasının atrofiyası, yaxud qaraciyər serrozunun əlamətidir. Rəngi solğun olan dil isə ürək çatışmazlığı və anemiyadan xəbər verir. Əgər dilin üzərində çatlar varsa, bu, bir sıra ciddi xəstəliklərlə (hormon ifrazının azalması, A və B vitaminlərinin çatışmazlığı, mədə xorası, qastrit, kolit, anemiya, qan xəstəlikləri, allergik reaksiyalar və mexaniki zədələr) əlaqəli ola bilər.

Bu qida sonsuzluğa səbəb olurmuş

Amerikalı alimlər xüsusilə uşaqların sevimli səhər yeməyi olan  yulaf sıyığında cinsi yetişkənliyi gecikdirən kimyəvi maddə tapıblar.

ABŞ-da fəalların yaratdığı təşkilat "The Environmental Working Group"un (EWG) "Journal of Exposure Science & Environmental Epidemiology" jurnalında dərc etdirdiyi araşdırmada amerikalıların 80 faizinin xlormekvat adlı zərərli pestisidə məruz qaldığı bildirilib. Qeyd edilib ki, hər beş amerikalıdan dördü yulaf lopalarında olan kimyəvi maddəyə məruz qalır ki, bu da sonsuzluq, dölün inkişafının pozulması və cinsi yetkinliyin gecikməsi ilə əlaqələndirilir. Sözügedən maddə üzərində araşdırmalar hazırda davam edir. Lakin təşkilat bu maddənin təcrübələrdə heyvanlara mənfi təsir etdiyini  və onun insanlara da zərər verə biləcəyi ilə bağlı suallar doğurduğunu qeyd edir. Heyvanlar üzərində aparılan tədqiqatların nəticələri sübut edir ki,  xlormekvat reproduktiv sistemləri zədələyir, dölün böyüməsinə mane olur, baş və sümüklərin inkişafını, həmçinin əsas metabolik prosesləri dəyişdirir.

Qeyri-orqanik yulaf əsaslı məhsulların  92 faizində sözügedən kimyəvi maddə aşkar edilsə də, tərkibində buğda olan qidaların yalnız iki nümunəsində (hər ikisi çörək) xlormekvatın səviyyəsinin aşağı olduğu müəyyən edilib. EWG-nin elmi araşdırmalar üzrə vitse-prezidenti Olqa Naidenkonun  alıcılara tövsiyəsi orqanik yulaf məhsulları almaqdır, çünki onların yetişdirilməsində  xlormekvat və qlifosat kimi zəhərli pestisidlərdən istifadə edilmir.

Kabab sevənləri məyus edəcək xəbərimiz

Britaniyalı elm adamları kabab həvəskarlarını məyus edəcək faktı ortaya çıxarıblar. Belə ki, alimlər bu qidanın ən zərərli "fast food" olduğunu açıqlayıblar. 

Tədqiqatçılar kabab tipli qidaların zərərli tərəflərini sadalayıblar. Onlar bu qidanın ən böyük  zərərinin  qırmızı ətin tərkibində olan  təbii doymuş yağlar və yemək prosesi zamanı əmələ gələn trans yağlarla bağlı olduğunu söyləyirlər. Hansı ki,  doymuş  və trans yağlar ateroskleroza səbəb olan, damarları daraldan və bloklayan "Ateroma" lövhələrinin əmələ gəlməsini sürətləndirir. Kabab növləri ilə bağlı ikinci sağlamlıq problemi isə kömür və ya odda bişirilərkən ətin üzərində əmələ gələn zərərli kimyəvi maddələrdir. Bu maddələrin bəzilərinin xüsusilə kolon xərçənginin əmələ gəlməsini sürətləndirən kanserogen xüsusiyyətlərə malik olduğu iddia edilir.

Qeyd edək ki, bu araşdırmanın nəticələri və etibarlılığı hələ ki, sual altındadır. Bəzi mütəxəssislər kababın zərərli qida olması ilə razılaşsalar da, bəziləri onun hamburger və pizzadan daha yaxşı olduğunu söyləyirlər. Qida mütəxəssislərinin fikrincə, kababın bişirilməsində müəyyən qaydalara riayət olunarsa (onunla od arasında 15-20 santimetr məsafə saxlamaq və alovun birbaşa ətlə təmasda olmasının və yanmasının qarşısını almaq kanserogen maddələrin əmələ gəlməsinə mane olur)  hətta o sağlam qidaya çevrilə bilər.

Ölümcül xəstəliyin çarəsi tapıldı

Avstraliyalı elm adamları yuxu apnesindən qurtulmağın asan yolunu tapıblar. Belə ki, Flinders Universitetinin tədqiqatçıları bu xəstəliyin veqan pəhrizi ilə müalicə oluna biləcəyini iddia edirlər.

Qeyd edək ki, yuxu apnesi yuxuda tənəffüsün ani olaraq dayanması ilə müşayiət olunan  ciddi bir xəstəlikdir. Belə ki, bu xəstəlik yuxu zamanı tənəffüsün ən az 10 saniyə dayanması ilə ani ölümə səbəb olur. Xəstəliyin ən vacib əlamətlərindən biri xoruldamaqdır ki, bu da daha çox kişilərdə rast gəlinir. Çox vaxt bu təhlükəli hal xoruldama ilə qarışdırılır və nəzərə alınmır. Ancaq yuxu apnesi insult, infarkt və yüksək qan təzyiqinə səbəb olacaq qədər təhlükəli ola bilər.

Alimlər tərəvəz, meyvə, taxıl və çərəzlərlə zəngin bir pəhriz seçənlərdə yuxu apnesi riskinin daha az olduğunu aşkar ediblər. Tədqiqatçılar ABŞ-ın Milli Sağlamlıq və Qidalanma ekspertiza sorğusunda iştirak edən 14 min nəfərdən məlumat toplayıb. Sorğu iştirakçılarından hansı qidaları yedikləri ilə bağlı məlumat vermələri  istənilib. Qeyd edək ki, bu iştirakçılar arasında, həmçinin veqan və vegeterianlar da olub. Nəticədə bitki mənşəli qidalardan istifadə edənlərin ət yeyənlərlə müqayisədə yuxu apnesi ilə üzləşmə riskinin 19 faiz daha az olduğu müəyyən edilib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".