DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Camal Sürəya

"Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı". Belə deyərdi türk ədəbiyyatının ən məşhur simalarından biri, sevgi şeirləri ilə adı dillər əzbəri olan Camal Sürəya... Həyatı boyunca 4 dəfə evlənən şair bəlkə elə bu səbəbdən şeirlərində qadın ruhunu daha yaxşı tərənnüm edə bilirdi...

Əsl adı Cəmaləddin Seber olan Camal Sürəya Ərzincanda dünyaya göz açıb. 7 yaşında anası Gülbəyaz xanımı itirən Camala bacılarına nənəsi baxıb. Ana sevgisindən məhrum qalan şair atasının evlənməyini istəyirdi: "İstəyirdim evdə bir qadın olsun, ana deyək". Ancaq bu istəyini atasına bildirmir. Bir müddət sonra nənəsi qocaldığı üçün uşaqlara baxa bilməyəndə, əmisinin vasitəçiliyi ilə atası Əsma adlı xanımla evlənir. Ancaq Əsma Camal Sürəyaya həsrətində olduğu ana qayğısı yerinə həyatı boyunca unutmayacağı acılar yaşadır. Ögey anasını "dəli" adlandıran Camal Sürəya onun çox pis insan olmasından xatirələrində bəhs edir. Yeri gəlmişkən qeyd edək ki, sürücülüklə məşğul olan şairin atası Hüseyn bəy avtomobil qəzasında həlak olub.      O, atasının ölümünü "faciəvi ölüm" adlandırırdı.

Şair həyatı boyunca 4 dəfə evlənib. Qadınlara olan bağlılığı şeirlərində özünü büruzə verirdi. Camal Sürəya dəfələrlə qadınlar mövzusunda şeir yazıb.

İlk evliliyi orta məktəbdə sinif yoldaşı olan Seniha Nəmli ilə olub. O, ilk həyat yoldaşına "Bənzəri olmayan yar" deyirdi. Bu nikahdan cütlüyün Ayşə adlı qızı dünyaya gəlib. Sonra anlaşılmazlıq səbəbindən boşanıblar.

Camal Sürəyanın həyatındakı daha bir qadın isə Tomris Uyar olub. O zamanlar Ülkü Tamer adlı adamla evli olan Tomris xanım Camal Sürəyaya aşiq olur sevgiləri üçün ikisi boşanır. Bu gün belə onların sevgisi haqda "Türk ədəbiyyatının ən məhsuldar sevgisi" deyilir. Onlar rəsmi olaraq evlənməsələr 3 il birlikdə yaşayıblar.

Camal Sürəya sevgi ehtiras dolu ən gözəl şeirlərini Tomris xanıma həsr edib. Daha sonralar isə Camal Sürəya ən uzunmüddətli evli qaldığı Zühal Təkqanada aşiq olub. Bu evlilikdən isə cütlüyün Memo Əmrah adlı oğlu dünyaya gəlib. Onların bir-birlərini hədsiz dərəcədə qısqanması boşanmalarına səbəb olub.

Camal Sürəya üçüncü dəfə evlənir. "Xanım Nəhayət" adlandırdığı Güngör Dəmirayla evliliyi böyük sevgi ilə başlasa da, cəmi bir il davam edir. Camal Sürəyanın qısqanclığından bezən qadın onu tərk edir.

Şair dördüncü dəfə isə Birsən Sağnak adlı xanımla ailə həyatı qurub. Birsən xanım dörd uşağı olan ana, eyni zamanda kitab evinin sahibi idi. Şairin "Xanım Ən Nəhayət" adlandırdığı bu qadın xarakterindəki çətinliklərə rəğmən ona daha çox şəfqətli yanaşırdı. Evliliyi çox yaxşı gedən zamanlarda Camal Sürəya təqaüdünün az olmağı səbəbindən bankda işə başlayır. Ancaq bank iflasa uğrayır. Mühakimə olunan Camal Sürəya qısa müddət sonra bəraət alır. Siqaret vərdişindən bu illərdə xilas olan Camal Sürəya həyatı boyunca spirtli içkidən uzaqlaşa bilmir.

Şair 59 yaşında İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İkinci həyat yoldaşı Zühal xanım onun ölümü ilə bağlı xatirələrində deyir: "İnsulin ürək döyünməsini sürətləndirib, ürək çatışmazlığı olduğu üçün vəfat edib. Ölüm kağızında səbəb kimi şəkər, ağciyər şişi ürək çatışmazlığı yazılıb. Ölümünün səhəri günü cənazəsi əvvəl Zincirlikuyu qəbiristanlığına, sonra isə Qulaqsız qəbiristanlığına aparıldı. Bütün dostları orada idi. Camal məzara qoyulan zaman bir göyərçin oradan uçub getdi. Bunu heç zaman unutmaram"...

 

Pol Sezan

Fransanın məşhur post impersionist rəssamı Pol Sezan... Həyatının sonuna qədər rəssam kimi qəbul edilməyən bu dahi şəxsiyyət, dövrünün bir çox sənətşünası tərəfindən "istedadsız" kimi xarakterizə edilmişdi. Lakin həyatda sevgidə uduzsa da, sənətdə qalib gəlməyi bacarmışdı...

Modern rəssamlığın inkişafında verdiyi töhfələr sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu "hamımızın atası", Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam, çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə , sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edilib.

Sezanın həyatının böyük bir qismi çox güclü əzici şəxsiyyəti olan atasının tabeliyi altında keçmişdi. Rəssamlığa olan böyük marağına baxmayaraq, daxil olduğu rəssamlıq akademiyasından çıxmış atasının əmriylə Hüquq məktəbinə daxil olmuşdu. İnsanlarla ünsiyyətə girməyi sevməyən bunu "mən tək başıma qalmaq üçün yaradılmışam" cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Həyatında etibar etdiyi yeganə şəxs atasıyla olan gərgin münasibətləri fonunda onu müdafiə edən anası idi.

Özündən 11 yaş kiçik, Fike adlı yoxsul bir ailənin qızı ilə evlənən rəssamın sevgidə bəxti gətirməmişdi. Belə ki, xanımı deyingən dikbaş bir qadın idi, pul xərcləməyi çox sevirdi. Fike rəssamın əsərlərini tez-tez təhqir etdiyi üçün Sezanın dostlarının ondan zəhləsi gedirdi. Amma qadınlardan çəkinən Sezan, gənc Fikeyə o dərəcədə vurulmuşdu ki, ona qədər tənha yaşamasına səbəb olan az gəlirini təhlükə altına salmağa risk etmiş, təkcə münasibətini deyil, sonralar Fikedən dünyaya gələn oğlunu da atasından gizlətmişdi. Amma gec ya tez, atası bu xəbəri eşidəcəkdi. Sezana verdiyi xərcliyi yarıya qədər aşağı salacaqdı.

Dünyasını dəyişəndə rəssamın 67 yaşı vardı.

Havanın açılmasından istifadə edən Sezan peyzaj çəkmək üçün emalatxanasının yaxınlığına yollanır. Güclü yağış başlayır, amma rəssam bunu görmürmüş kimi işləməyində davam edir. Bir neçə saat yağış vedrədən tökülürmüş kimi bərk yağır. Yaş paltarda, soyuqdan tir-tir titrəyən rəssam nəhayət ki, getməyi qərara alır. Molbert rəng yeşiyinin ağırlığı altında ayaqlarını güclə sürüyür. Birdən halsızlıqdan huşunu itirir. Onu belə vəziyyətdə tapıb evə gətirirlər. Rəssam ağciyərlərinin sətəlcəmindən sağ çıxa bilmir...

 

 

Pyotr Petroviç Şmidt

Pyotr Petroviç Şmidt... Yəqin ki, bu adamın adı çoxlarına tanışdır. Ələlxüsus da sovet dövrünü görmüş insanlar onu daha yaxşı xatırlayarlar.

Aləmi bir-birinə qatan bu dələduz leytenant, haradan biləydi ki, az, çox - çıxardığı oyunlardan düz 85 il sonra Bakının "Çapayev" küçəsindəki zavod onun adını daşıyacaq... Uzun illər ideal biri kimi tanınan bu adamın həyatı bir sirr pərdəsi altında gizlədilib, kütlələr onun ancaq fədakar yönünü tanıyıb...

Şmidtlər məşhur soyaddır. Neçə nəsil ardıcıl Rusiyanın hərbi dəniz donanmasında ad qoymuşdu. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü.

Uşaq ikən yaxşı rəsm çəkməsinə, çalışqan olmasına baxmayaraq, təhsil illərindən başlayaraq Şmidtin davranışlarında psixi pozğunluqlar hiss olunur. Dəfələrlə əsəb sarsıntısından yaranan bayılmalar, yoldaşları ilə münasibətlərində yol verdiyi qüsurlar sonunda komandanlığı məcbur edir ki, tələbəni psixi ekspertizadan keçirsin. Ancaq donanmada yüksək vəzifə tutan əmisi kontr-admiral Vladimir Petroviçin müdaxiləsi nəticəsində məsələlər yoluna qoyulur. Beləliklə, məktəbi çətinliklə başa vuran Pyotr Şmidt Baltik donanmasına göndərilir.

Gələcək arvadı Yekaterina fon Vaqner köklü-köməcli zadəgan ailəsindən olduğu üçün Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir. Evlilikdən bir il sonra - ailədə oğlan uşağı doğulur ona atasının adını verirlər: kiçik Pyotr Petroviç.

Daha sonra isə elə bir hadisə baş verir ki, bundan sonra onun ümumiyyətlə, gələcək hərbi karyerası şübhə altına düşür. Pyotr demək olar ki, bütün donanmanın tanıdığı məşhur pozğun qadın Dominiki Pavlova ilə ailə həyatı qurur. Oğlunun şanlı ailə soyadını biabır eləməsinə dözməyən böyük Pyotr Şmidt çərləyib ölür. Ancaq əmisi yenə onun dadına çatır. Qalmaqalı birtəhər yatırtmaq Şmidti Sakit Okean Donanmasına keçirmək mümkün olur. Çox keçmir ki, əmisinin hesabına leytenant rütbəsi alır. Ancaq qısa müddət sonra Şmidtdə yenə ruhi sarsıntılar başlayır: simptomlar birdən-birə səbəbsiz yerə kiminsə üstünə cumub onu şillələməkdən tutmuş döşəmədə sürüməyə qədər uzanır. Bir neçə dəfə dalbadal belə tutmalardan bayılmalardan sonra məcbur olub havalı leytenantı istefaya göndərirlər. Bu arada isə çoxdan gözlənilən hadisə baş verir: özünə arvad eləyib tərbiyələndirmək istədiyi Dominiki yeganə oğlu Yevgenini Pyotrun üstünə atıb, keçmiş peşəsinə qayıdır. Az qala həyatın dibinə yuvarlanan leytenant Şmidtin dadına yenə əmisi çatır: Rusiya Paroxod Ticarət Cəmiyyətində alan leytenant qeyrətə gəlib burada uzaq okean reyslərinə çıxan ticarət gəmilərinin kapitanlığına qədər yüksəlir. Buradan da qovulmasaydı bu gedişlə kim bilir, bəlkə mülki gəmiçilikdə böyüyüb-böyüyüb yekə adamlardan biri olacaqdı...

Bundan sonra cənab Şmidt özünə "ölməzlik" qazandıran işlərlə məşğul olmağa başlayır. Belə ki, siyasətə qoşulan Pyotr Petroviç, bu cür demək mümkünsə, inqilabi çıxışlarına Sevastopolda başlayır. Bacarıqlı natiq olan başıbəlalı inqilabçı leytenant az bir vaxtda kütlənin sevimlisinə çevrilsə , qısa müddət sonra dələduzluqları ucbatından çarın əmri ilə həbsə atılır, sonra da güllələnir. Beləcə, leytenant Şmidt elə leytenant kimi öz "mənalı" ömrünü başa vurur

Heç məzarının üstü qurumamış isə Pyotr Petroviçin adı məşhurlaşır. Artıq təkcə cənubda deyil, bütün Rusiya boyu keçirilən mitinqlərdə onun adı çəkilir, xatirəsi fədakar inqilabçı, çar rejiminin qurbanı kimi yad edilir...

                  Hazırladı:

Elenora HƏSƏNOVA,

        "Respublika".