Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Tesla"nın yeni avtomobili suda sınaqdan keçirildi

"Tesla"nın polad korpusu və qeyri-adi dizaynı ilə diqqət çəkən "Cybertruck" adlı yeni  avtomobili ilk dəfə suda sınaqdan keçirilib.

Qeyd edək ki, Elon Musk sözügedən avtomobilin təqdimatı zamanı onun suya davamlı olduğunu, qayıq kimi xidmət edəcəyini və hətta dalğalı olmayan dənizlərdə belə işləyə biləcəyini iddia etmişdi. Nəhayət, istifadəçilərdən biri maşınının bu qabiliyyətini sınaqdan keçirib.

İkonik pikap avtomobil dərin sulardan "Wade Mode" adlanan rejim sayəsində  keçə bilir. Sözügedən rejim aktivləşdirildikdə batareya paketi təzyiqə məruz qalır ki, bu da maşını sudan qoruyur. Təxminən 10 dəqiqə davam edən prosesin sonunda batareyanın təzyiqi artır və maksimum 30 dəqiqə ərzində sudan qorunur. Lakin bununla belə, "Tesla" sudan keçid rejimində baş verə biləcək hər hansı bir zərəri qarşılamayacağını bildirib. Bu riskə baxmayaraq, bir istifadəçi "Cybertruck"u  suyun müxtəlif dərinliyində heç bir problemlə üzləşmədən  idarə etməyi bacarıb. Hətta avtomobil ön şüşəsinə qədər suya batsa da, heç bir ciddi zərər görmədən sınaq testindən uğurla keçib.

Ən kiçik ulduz kəşf edilib

Astranomlar Yer kürəsindən  7 dəfə böyük ən kiçik ulduzu  kəşf ediblər. Qeyd edək ki, bu ulduz indiyə qədər elmə məlum olub. Bu cür ulduzların mövcudluğu ilk dəfə 20 il bundan öncə çinli alimlər tərəfindən proqnozlaşdırılıb. İndi isə bu, praktiki müşahidə vasitəsilə sübut edilib.

Kəşf edilmiş ulduz Günəş sistemindən 2760 işıq ili uzaqlıqda yerləşən ikili ulduz sistemində ağ cırtdan (ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar) ətrafında dövr edir.  "J0526B" adlı ağ cırtdan ilə "J0526A" adlı subcırtdandan təşkil edilmiş ikili ulduz sisteminin parlaqlığı olduqca aşağıdır. Buna görə də bu ikili ulduz sisteminin ən kiçik ulduzunu müşahidə etmək olduqca qəlizdir. Lakin "J0526B"nin parlaqlığındakı dəyişiklik hesabına alimlər ən kiçik ulduzun kütləsini və dövretmə müddətini hesablaya biliblər. Məlum olub ki, hər iki ulduz ümumi kütlə mərkəzi ətrafında tam dövrü 20 sutkaya reallaşdırır. "J0526B"nin kütləsi 0.03 Günəş kütləsinə bərabərdir. "J0526A" adlı ən kiçik ulduzun kütləsi isə Saturnun kütləsindən bir qədər azdır. Qeyd edək ki, indiyə kimi bu cür kütləyə sahib ulduza rast gəlinməmişdi.

1 petabit yaddaşa malik super DVD hazırlanıb

Şanxay Elm və Texnologiya Universitetinin tədqiqatçıları 1 petabit yaddaş tutumuna malik olan super DVD hazırlayıblar.

DVD daxilində 125 min GB məlumatı saxlaya bilir. Alimlər  bu qədər məlumatı standart ölçülərdə saxlamaq üçün xüsusi yazı texnikasından istifadə ediblər. Normalda, adi bir DVD məlumatı tək bir informasiya qatında təmin edirdi. Yeni super DVD-də xüsusi 3D texnikası sayəsində cəmi 54 nanometrlik sahədə 100-ə qədər məlumat qatı saxlanıla bilir. Bu isə öz növbəsində 1 petabit məlumatı bir diskdə saxlamağı mümkün edir. Adi bir DVD-nin 4.7 GB tutuma sahib olduğunu nəzərə alsaq, yeni super DVD 26 min 596 ədəd DVD-nin bacardığını tək başına edəcək. Elm adamları  belə  bir böyük yaddaş tutumuna malik qurğunun  gələcəkdə məlumat mərkəzləri üçün əhəmiyyətli üstünlükləri təmin edəcəyinə ümid edirlər.

Bu ölkədə yeni rəqəmsal şəxsiyyət vəsiqəsinə keçilir

Günü-gündən inkişaf edən texnologiya sayəsində insanların biometrik məlumatlarını toplamaq artıq asanlaşıb. Belə bir fürsətdən istifadə edən Vyetnam insanların bu məlumatlarını toplayaraq onlara nəzarət etməyə qərar verib.  Belə ki, artıq bu ölkədə iyul ayına kimi  şəxsiyyəti təsdiqləmək üçün təxminən 70 milyon vətəndaşın biometrik məlumatlarının toplanmasına başlanıb.

Yeni qərara əsasən ölkənin İctimai Təhlükəsizlik Nazirliyinə insanların göz  skanı, səs nümunələri və DNT məlumatları kimi ümumi biometrik məlumatlarını toplamaq tapşırılıb. Qeyd edək ki, Vyetnamda ötən il noyabrın 27-də edilən dəyişikliklərlə artıq 14 yaşdan yuxarı olan hər kəsə rəqəmsal şəxsiyyət vəsiqəsi verilir. Qanun eyni zamanda digər DNT ilə yanaşı, qan qrupu məlumatlarının da milli məlumat bazasına daxil edilməsinə şərait yaradır. Beləliklə, toplanan bütün bu məlumatlar müxtəlif dövlət qurumlarının istifadəsinə veriləcək. Bu qərarın verilməsində əsas məqsəd müxtəlif qurumlar arasında qarşılıqlı əlaqəni  asanlaşdırmaqdır. Yeni rəqəmsal şəxsiyyət vəsiqəsi gələcəkdə Vyetnamda şəxsiyyət vəsiqələrini, tibbi sığorta, sosial təminat kartlarını, sürücülük vəsiqələrini, nikah və doğum şəhadətnamələrini də əvəzləyəcək.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".