DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

HDQ-NİN DƏNİZ XÜSUSİ TƏYİNATLILARI İLƏ TƏLİM MƏŞQLƏRİ KEÇİRİLİB, ZƏRBƏ PUA-SI TƏTBİQ EDİLİB

Bu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror tədbirlərinin, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər.

Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.

Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.

KREML: NATO BU ADDIMI ATSA, HƏRBİ TOQQUŞMA QAÇILMAZ OLACAQ

NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bəyan edib. O bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.

Eyni zamanda, mətbuat katibinin sözlərinə görə, Qərb ölkələrinin Ukraynaya qoşun yeritməsi onların “isti münaqişəyə” cəlb olunması anlamına gəlir: “Qərbdə Ukraynaya qoşun yeritmək imkanının müzakirəsi mühüm və yeni elementdir”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Parisdə Avropa liderlərinin görüşündən sonra Ukraynaya dəstək üçün yeni addımları açıqlayıb. O bəyan edib ki, Rusiyaya qarşı müharibədə qalib gəlmək üçün Qərbin quru qoşunlarının bu ölkəyə göndərilməsi istisna deyil.

Almaniya kansleri Olaf Şolts isə bildirib ki, Avropa İttifaqı ölkələri və NATO Ukraynaya qoşun göndərməyəcək. Bu bəyanatdan bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq də alyansın Ukraynaya hərbçi göndərməyi planlaşdırmadığını açıqlayıb.

ABŞ DİPLOMATLARI TÜRKİYƏ ŞİRKƏTLƏRİNİ HƏDƏLƏYİRLƏR

ABŞ-ın Ankara və İstanbuldakı səfirliyi, eləcə də baş konsulluğunun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə ticarət əlaqələrinə görə hədələyirlər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Aydınlık” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin açıqlamasına görə, ABŞ-ın Türkiyədə çalışan səfirlik və konsulluq əməkdaşları şirkətləri sanksiyalar siyahısına salmaqla hədələyirlər. Adının açıqlanmasını istəməyən şirkət əməkdaşı bildirib ki, həmin şəxslərdən biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə əməkdaşıdır.

Adlarını açıqlamayan iş adamları həmçinin bildiriblər ki, səfər zamanı Amerika rəsmiləri onlara sanksiya siyahısına salınacaqları ilə bağlı şəxsən xəbərdarlıq ediblər.

Bir müddət öncə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirmişdi.

HƏMAS LİDERİ ÖZÜNÜ “CANLI QALXAN”LA QORUMAĞA ÇALIŞIR

Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar anklavda girovlardan ibarət “cənlı qalxan” ilə əhatə olunmuş tunellər şəbəkəsində gizlənir. Bu barədə “The Washington Post” qəzeti İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə, onun yerini tapmaq heç də çətin deyil. Belə ki, HƏMAS lideri doğulduğu Xan Yunis şəhərinin altında qazılan tunellər şəbəkəsindədir.

Eyni zamanda, vurğulanır ki, Yəhya Sinvarın zərərsizləşdirilməsi girovların ölümü və yaralanması ilə nəticələnə bilər ki, bu da mübadilə razılaşması əldə etmək səylərini sarsıdacaq.

Qeyd edək ki, İsrail rəsmiləri dəfələrlə bəyan ediblər ki, Yəhya Sinvar ələ keçirilməyənə, öldürülməyənə və ya hərəkata rəhbərlik edə bilməyənə qədər yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatı dayandırmayacaq.

RUSİYA BENZİN İXRACINA QADAĞA QOYUR

Rusiya hökumətinin başçısı Mixail Mişustin bu il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyub. “Report” agentliyinin verdiyi məlumatına görə, bu barədə “RBC” agentliyi mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı dövlətlərinə, həmçinin Monqolustan, Özbəkistan, qondarma Abxaziya və Cənubi Osetiyaya benzin tədarükünün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

Bununla yanaşı, agentliyin həmsöhbətlərinin sözlərinə görə, birjada dizel satışı standartının 16 faizə çatdırılması barədə də qərar qəbul edilib.

Məlumata əsasən, benzinin ixracına müvəqqəti qadağa tətbiq edilməsinin və birjada neft məhsullarının ticarəti üçün standartların artırılmasının təşəbbüskarı Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak olub.

Novakın fikrincə, daxili bazarda qiymətləri sabitləşdirməyə və ölkədə neft məhsullarına tələbat axınını neytrallaşdırmağa kömək edəcək tədbirlər görmək lazımdır.

BMT-NİN İQLİM SAMMİTİ ÖZ İŞİNƏ BAŞLAYIB

BMT-nin Ətraf Mühit üzrə Proqramının mənzil-qərargahının yerləşdiyi  Keniyanın paytaxtı Nayrobidə təşkilatın altıncı iqlim sammiti öz işinə başlayıb. “TASS” agentliyinin xəbərinə görə, Proqramın icraçı direktoru İnger Andersen brifinqdə çıxış edərək, sammitdə 7300 iştirakçının, 100-dən çox ölkədən 150 nazirin iştirak etdiyini bildirib.

İqlim sammitinin prezidenti və Mərakeşin enerji və davamlı inkişaf naziri Leyla Benalinin sözlərinə görə, tədbir zamanı iqlim gündəminin müxtəlif aspektləri ilə bağlı 19-a yaxın qətnamə nəzərdən keçirilə və qəbul edilə bilər.

“Sammitin davam etdiyi günlərdə qlobal çağırışların ən yüksək səviyyədə müzakirəsi keçiriləcək”, - deyə Keniyanın ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Rozelinda Soipan Tuyya əlavə edib.

Keniyalı nazir qeyd edib ki, iqlim sammiti, şübhəsiz ki, ölkə liderlərinin ümumi problemləri ən yüksək səviyyədə müzakirə edəcəkləri intensiv tədbir olacaq.

FERMER QİYAMLARI BÜTÜN AVROPANI BÜRÜYÜB

Avropanın bir sıra mühüm ölkələrində fermer qiyamları müşahidə olunmaqdadır. “Trend” agentliyinin verdiyi xəbərə görə, Belçikada Avropa İttifaqının kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirən fermerlər küçələrə atdıqları ot bağlamalarını yandıraraq polislə toqquşub, İspaniyada isə fermerlər iki magistral yola peyin səpiblər. Fransada da analoji hadisə baş verib, etiraz plakatlarına “bədbəxtlik əkən qəzəb biçər” yazan fermerlər traktorları ilə magistral yollara çıxaraq onları bağlamaqla etirazlarını bildiriblər.

Məlumata görə, fermerlər Fransada dizel qiymətlərinə, pestisid istifadəsinə tətbiq edilən məhdudiyyətlərə, Portuqaliyada dövlət dəstəyinin azlığına, Belçikada torpaqların 4 faizinin istifadəsiz qalması qərarına, subsidiyaların əsasən böyük təsərrüfatlara verilməsinə, İspaniyada isə ucuz məhsul idxalına səbəb olacaq ticarət sazişlərinə qarşıdırlar.

Analoji vəziyyət Şərqi Avropa ölkələrindən olan Polşa və Çexiyada da davam etməkdədir və fermerlərin Ukraynadan idxal olunan ucuz məhsullara və Aİ-nin fermer siyasətinə qarşı kütləvi etirazlar səngimək bilmir.

Fermer etirazlarının bu qədər geniş vüsət almasını araşdıranda məlum olur ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin Ukraynadan gələn kənd təsərrüfatı məhsullarını gömrük yoxlamasından azad etməsi əvvəlcə Şərqi Avropa sonra isə tədricən qitənin digər ölkələrini çətin vəziyyətdə qoyub.

HUSİLƏR AVROPA VƏ ASİYANI BİRLƏŞDİRƏN İNTERNET KABELİNİ ZƏDƏLƏYİBLƏR

Husilərin növbəti hücumu nəticəsində Avropa və Asiya arasında internet rabitəsini təmin edən dörd sualtı kabel zədələnib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə İsrailin “Globes” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, “AAE-1”, “Seacom”, “EIG” və “TGN” kabellərinin zədələnməsi Avropa və Asiya arasında internet rabitəsində problemlərə səbəb olub. Bundan ən çox Körfəz ölkələri və Hindistan zərər çəkib.

Mütəxəssislər zərərin aradan qaldırılması üçün səkkiz həftə vaxt lazım olduğunu təxmin edirlər. Onların fikrincə, eyni ərazidən keçən, Asiya, Afrika və Avropanı birləşdirən digər kabellər zədələnmədiyi üçün vəziyyət kritik deyil.

Xatırladaq ki, Qəzza zolağında döyüşlər başlayanda husilər İsrail ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər. Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.