Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": "Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib"

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu münasibətlə Prezident Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.

"Vestnik Kavkaza"nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb. Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

"Qatar Tribune": Ərəb İqtisadi Əməkdaşlıq Forumunun Mərkəzi Asiya və Azərbaycan üzrə koordinasiya iclası keçirilib

"Qatar Tribune" xəbər saytı məlumat verib ki, iclasda ölkəni Ərəb Dövlətləri Liqasındakı daimi nümayəndə Tariq Əli Fərəc Əl Ənsari təmsil edib. Görüş zamanı Ərəb Liqasının daimi nümayəndələri əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə ümid etdiklərini bildiriblər.

Ərəb Liqası baş katibinin beynəlxalq siyasi məsələlər sektoru üzrə köməkçisi səfir Xalid Mənzəlavi açıqlamasında bildirib ki, 2014-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadi Əməkdaşlıq Forumu fəaliyyətə başlayıb. Vurğulanıb ki, forumun məqsədi ərəb, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əlaqələri dərinləşdirmək və onlar arasında əməkdaşlıq mexanizmlərini təkmilləşdirməkdir. Bu yolda əvvəlki iki sessiyadan sonra əldə edilən uğurlar olduqca böyük əhəmiyyət kəsb edir.

"Daily Sabah": Azərbaycan Ermənistanın işğal etdiyi 4 kəndin qaytarılmasını tələb edir

Azərbaycan Ermənistanın işğal etdiyi 4 kəndin dərhal geri qaytarılmasını tələb edir.

"Daily Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev açıqlama verib. Bildirib ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinin Azərbaycanın işğalı altında olması barədə yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunub ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz şəkildə dərhal azad edilməlidir.

Xəbərdə o da vurğulanıb ki, bu məsələ delimitasiya prosesi çərçivəsində həll olunacaq. Xatırladaq ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib.

"Anadolu Agentliyi": Ermənistan Tovuz rayonu üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edib

Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.

"Anadolu Agentliyi" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Məlumatda bildirilib ki, "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib".

"Cargo Forwarder": Azərbaycanın "Silk Way West" aviaşirkəti Almaniyaya uçuşları artırmaq niyyətindədir

Bakıda yerləşən yükdaşıma aviaşirkəti Bakı-Handan marşrutu üzrə uçuşların artırılması ilə bağlı ikitərəfli razılığın əldə olunmasına nikbin baxır.

Bu barədə "Cargo Forwarder" xəbər saytı məlumat yayıb. Bu gün əməliyyatlar həftədə beş xidmətlə məhdudlaşır. "Silk Way West Airlines"in baş direktoru və prezidenti Volfqanq Meyer bildirib ki, daha çox hava nəqliyyatına imkan verən yeni saziş hər iki ölkənin iqtisadi rifahına, eyni zamanda ticarətin genişləndirilməsinə və iqtisadi artımın təşviqinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

"Respublika".