Əbədi Vətən sevgisi
Region

Əbədi Vətən sevgisi

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində dünyaya göz açan Vüsal Kazımov 44 günlük haqq savaşımızda canını Vətəninə, millətinə fəda etməklə 29 yaşında şəhidlik zirvəsinə ucalıb. Belə bir müqəddəs zirvəyə ucalmaq şərəf və qürurdur.

Lənkəranın qəhrəman oğlu şəhid baş-leytenant Vüsal Kazımov mənən yaşayır, Vətən sevgisi ilə ucada dayanır. Xalq heç vaxt öz oğlunu unutmur, həmişə onu ehtiramla xatırlayır. Vüsalın anası kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur, atası professor Kamran Kazımov Astara Pedaqoji Kollecin direktorudur.

Baş-leytenant Vüsal Kazımov Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın azadlığı uğrunda sözün əsl mənasında erməni dığalarına qan uddurub. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşada qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gəlib. Əbədi könüllərə köç edən qəhrəman Vüsal Kazımov dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və digər medallarla təltif edilib.

Bu günlər YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov, Astara Pedaqoji Kollecinin kollektivi, Astara şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva qəhrəman şəhidin ata ocağında olublar. Söhbət əsasında bildirilib ki, torpaq qeyrətli oğulların çiynində Vətən olur. Vüsal heç vaxt əzəli yurd yerimiz Qarabağın yağı tapdağına çevrilməsinə dözməzdi. Məqamı gələndə Azərbaycanımızın harayına səs verib, 30 il əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda son nəfəsinə qədər döyüşüb. İndi azad olunan torpaqlarımızda Azərbaycanın ay-ulduzlu qələbə bayrağı dalğalanır.

"Kamran müəllimi hələ uşaq vaxtlarımdan tanıyıram, olduqca səmimi, təvazökar, Vətənə bağlı bir insandır. Oğlu şəhid Vüsal Kazımovu da Vətənə bağlı, elinə sədaqətli böyüdüb". Bu səmimi fikirləri isə YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov söyləyib.

Şəhid Vüsalın məzarı ziyarət edilib və üzərinə tər güllər düzülüb.

Zəfər ORUCOĞLU.