Azərbaycan-Rumıniya: strateji əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələ
Siyasət

Azərbaycan-Rumıniya: strateji əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələ

üquqi, demokratik, sivilizasiyalı dövlət, cəmiyyət quruculuğu yolu ilə inamla addımlayan, xarici siyasətində dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük önəm verən Azərbaycan möhkəm təməllər üzərində qurulan əlaqələri gündən-günə şaxələndirir. Ölkələr arasında bütün sahələr üzrə inkişaf etdirilən bu əlaqələr səmimi münasibətlər zəminində daha da dərinləşir. Sülhü, əmin-amanlığı, humanistliyi təşviq edən, təhlükəsiz, münaqişələrsiz bir dünyanın qurulmasına səy göstərən Azərbaycan həyata keçirdiyi düşünülmüş siyasəti ilə bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş, eyni zamanda inkişaf etməkdə olan dünyəvi dövlət olaraq qəbul edilir.

Zəngin təbii ehtiyatlara, yeraltı-yerüstü sərvətlərə sahib olması ölkəmizin iqtisadi gücünü artırmaqla onu daha da qüdrətləndirir. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf səviyyəsinə yüksələn, sahib olduğu təbii resurslardan düzgün, xalqının mənafeyinə uyğun formada istifadə edən ölkə kimi nüfuzu artır. Bu baxımdan, yüksək iqtisadi gücə, potensiala malik olan müstəqil dövlətimizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün dünyada Azərbaycan etibarlı tərəfdaş imici qazanıb. Odur ki, müstəqilliyinin ilk illərində ölkəmizlə diplomatik münasibətlər, iqtisadi əlaqələr qurmaqda ehtiyat edən dövlətlər bu gün Azərbaycanla hərtərəfli dostluq, əməkdaşlıq əlaqələri yaratmaqda maraqlıdırlar.

Əsası uzun illər öncə qoyulmuş Azərbaycan-Rumıniya əlaqələri zamanın müxtəlif dövrlərində mərhələ-mərhələ inkişaf edərək bugünkü səviyyəyə çatmışdır. 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanıyan Rumıniya 1997-ci ildə ölkəmizdə diplomatik nümayəndəliyini təsis etmiş, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin Rumıniyaya ilk rəsmi səfəri zamanı iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atılmış, Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət, idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini əks etdirən sənədlərə imza atılmışdır. 1998-ci ildə "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında", 2002-ci ildə tərəfdaşlıq haqqında bəyannamə və iki ölkənin müvafiq qurumları arasında iqtisadi və elmi-texniki sahələrdə bağlanan sazişlər münasibətləri daha da möhkəmləndirərək birgə əməkdaşlığa zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Rumıniyaya ilk rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması Rumıniya ilə əlaqələrin uğurla inkişaf etdirilməsində əhəmiyyətli rol oynamışdır.

Bu gün Azərbaycan ilə Rumıniya arasında siyasi-iqtisadi sahələrdə əlaqələr inkişaf edir. Avratlantik strukturlara inteqrasiya prosesində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi beynəlxalq layihələr çərçivəsində işbirliyinin həyata keçirilməsinə, ikitərəfli dostluq münasibətlərini sürətlə inkişaf etdirərək siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olmasına və uğurlu regional əməkdaşlığa yol açmışdır.

Belə ki, Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak edən Rumıniya ölkəmizlə müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edir. Ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda çıxış edən Rumıniya Prezidenti Klaus Yohannis dördtərəfli sazişin ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradacağına əminliyini ifadə etmiş və bildirmişdir ki, gələcəkdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilməsi, dəniz nəqliyyat əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da ilk növbədə Azərbaycanla və sonra isə Mərkəzi Asiya ilə əlaqələri daha da genişləndirəcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bərpaolunan enerji mənbələrinin artmaqda olan payının inteqrasiyası üçün güclü elektrik enerjisi interkonnektorlarına ehtiyac olduğunu və bu istiqamətdə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xəttinin vacibliyini qeyd etmişdir.

"Yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrasının Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə olacağını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropanın mühüm elektrik enerjisi, əsasən, "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırdığını diqqətə çatdırmışdır. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda şəklində fəaliyyətinin əhəmiyyətindən danışan ölkə başçımız demişdir: "Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var".

İmzalanma mərasimi ilə bağlı keçirilən plenar iclasda Rumıniyanın Baş naziri Nikolae Çuke parçalanan dünyada ölkələr arasında möhkəm əlaqələr yaratmağın, ölkələrin sahib olduqları potensiallarının müştərək şəraitdə istifadəsi fonunda "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində uzunmüddətli qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmişdir. 2023-cü ilin əvvəlindən başlayaraq Azərbaycan qazının Rumıniyaya çatdırılması ilə ölkəmizin Rumıniyanın enerji təhlükəsizliyinə əlavə stimul verəcəyini vurğulamışdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, siyasi, energetika və s. sahələrdə mövcud olan münasibətlər uğurla inkişaf etdirilir. Azərbaycan Avropa İttifaqı və ona üzv olan ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. Avropa İttifaqı ilə strateji əlaqələrin möhkəmləndirilməsi fonunda Azərbaycan-Rumıniya münasibətləri mühüm mərhələyə yüksəlir.

Mehparə ƏLİYEVA,

"Respublika".