Sülhə doğru
Siyasət

Sülhə doğru "bir irəli, iki geri"

Haqq işimizi sonacan icra etməyimizdən qıcıqlanan, revanşist xülyalarla yaşayan haylar çirkin xislətlərindən əl çəkmək niyyətində deyillər. Uzun illər münaqişəni əbədi olaraq dondurmaq istəyən Ermənistan və onların havadarları daim yeni planlarla regional xaosu dərinləşdirməyə çalışırlar. Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində düşmən ölkənin silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti məhz bu qəbildəndir.

Təxribata cəhdi müxtəlif rakurslardan dəyərləndirmək lazımdır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmaması, sərhədlərin demarkasiya və delimitasiya proseslərinin uzadılması haylara vaxt qazandırır. Rəsmi İrəvan havadarların hərbi-siyasi dayağını möhkəmləndirmək üçün əlindən gələni əsirgəmir. İlk olaraq beynəlxalq ictimaiyyəti aldatmaq üçün baş nazir Nikol Paşinyanın müxtəlif platformalarda səsləndirdiyi saxta sülh vədlərinə nəzər yetirək. Qeyd edək ki, ötən illərdə Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən sonra Brüsseldə yenidən bir araya gəldilər. Hər iki görüşün nəticəsi kimi sərhədlərin müəyyənləşməsinin önəmi vurğulansa da, ardınca baş verən təxribatlar hayların əsl xislətini göstərdi. Bununla yanaşı, "Avropa Siyasi Birliyinin" təşkilatçılığı ilə keçirilmiş Kişineu sammitində bir araya gələn dövlət rəsmilərinin görüşündə də müsbət nidalarla çıxış edən Nikol Paşinyan nə delimitasiya və demarkasiya prosesinə, nə də ki, düzgün mina xəritələrinin ötürülməsinə çalışmadı.

Qeyd etməliyik ki, Cənubi Qafqazda sülhə doğru "bir irəliyə, iki geriyə" addımlayan Ermənistanın destabil mövqeyi rəsmi Bakının səbir kasasını doldurub. "Dəmir yumruq"un xofu hayların canından çıxdıqca bu cür ritorikaların tez-tez şahidi oluruq. Təsadüfi deyil ki, kollektiv qərbin vədləri, hayların missiyaçılara, tədarük edilən silah-sursata arxalanmaları məsələni gərgin həddə çatdırıb. Bununla yanaşı, 5 aprel görüşü ərəfəsində bu cür hərbi aktivliyin müşahidə olunması heç də təsadüfi deyil. Məlumdur ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüş, şübhəsiz ki, növbəti anti-Azərbaycan planlarının cızılması ilə "əlamətdar" olacaqdır. Havadarları tərəfindən şirnikləşdirilən Ermənistan sülh sazişini imzalamadıqca, sərhəddə gərginlik azalmayacaq. Sülh isə erməni təəssübkeşlərinin əyləşdiyi masada bərqərar ola bilməz.

Hamilərinə "qovuşmaq" üçün gün sayan Paşinyan rejimi şərti sərhəddə məhz bu səbəbdən aktivləşir. Lakin bir müddət əvvələ nəzər salsaq, görərik ki, regional müstəvidə aparılan danışıqlardan sonra nisbi sakitlik hökm sürürdü. Belə ki, Ermənistan tərəfi 4-5 aylıq müddətdə heç bir insidentlə gündəmə gəlmədi. Nə zaman ki, Hindistan və Fransanın silah tədarükü yenidən müzakirə olundu, haylar silaha əl ataraq təxribat törətdilər. Sərhədçimizin snayper atəşi ilə yaralanması faktını Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrlar məsələnin bütün mənzərəsini açıq göstərdi.

Xüsusilə Fransanın regiona müdaxiləsi hayların revanş arzusunu gündəmdə saxlayır. Məlumdur ki, Fransanın qətnamələr qəbul etməsi, sülh prosesindəki qərəzli mövqeyi, beynəlxalq məkanda Ermənistanın havadarı olması Cənubi Qafqaz üçün başlıca təhdiddir. Kağız parçasından seçilməyən qətnamələrin Azərbaycan üçün heç bir hökmü olmasa da, başlıca olaraq bu tip addımlar sülh prosesini ləngidir. Məhz bu məqamda, Makron rejiminin Ermənistanı silahlandırmaq, erməni hərbçilərinə təlim keçmək cəhdləri də onun növbəti riyakarlığından xəbər verir.

Fransa ilə birlikdə silahlandırmanın aktiv iştirakçılarından biri də Hindistandır. Son olaraq haylar Hindistandan 155 milyon ABŞ dolları dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan "ATAGS" alacaq. Sözügedən hərbi aktivlik əslində heç də birdən-birə gündəmə gəlməyib. İrəvanla Dehli arasında 2022-ci ilin sentyabr ayında silah satışı ilə bağlı müqavilə imzalanması bunu təsdiqləyir. Müqaviləyə "Pinaka" raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışı da daxildir. Təxminən 250 milyon dollarlıq silah tədarükü "sərhədlərin müqqəddəsliyi" üçün haylara olduqca vacibdir. Bir sözlə, fransızların "Bastion", hindlilərin "Pinaka", "Konkurs", "Mistral", "Akaş" kimi hərbi texnikaları ilə Ermənistan dövləti yeni münaqişəyə hazırlaşır.

Cənubi Qafqazın "zəif bənd"i olan Ermənistan hər hansı bir təxribat cəhdində dövlətçiliyi ilə vidalaşa bilər. Qüdrətli Azərbaycan dövlətinin bu məsələdə olduqca qətiyyətli və dönməz mövqeyi var. Rəsmi Bakının direktivləri regionda əbədi rifaha xidmət edir. Bunun əksinə hayların destruktivlik nümayiş etdirməsi, heç şübhəsiz, cavabsız qalmayacaq. Xatırladaq ki, ötən il Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun bölmələrinin Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Nəticədə ordumuzun hərbi qulluqçusu yaralandı. Silahlı Qüvvələrimiz hərbçimizin yaralanmasına gecə ilə cavab olaraq, "Qəzəb" əməliyyatı həyata keçirərək düşmənə ağır zərbə vurdu. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturuna da ciddi ziyan dəydi. Bundan başqa, 5 terrorçu məhv edildi. Bununla yanaşı, öz xislətinə sadiq qalan haylar hətta sərhədimizə diversiya qrupu da göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin xain cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.

Haylar əgər bu tip təcavüzlərin kəsərini artırarsa, "Dəmir yumruq" növbəti dəfə onların başı üzərinə qaldırılacaq. Azərbaycan ordusu öz ayıq-sayıqlığı ilə daim ölkəmizin keşiyindədir. Yaxşısı budur ki, rəsmi İrəvan Fərrux, Sarıbaba, Qırxqız, Buzdux və digər əməliyyatlarımızı xatırlasın və nəticə çıxarsın. Əks təqdirdə, qüdrətli Azərbaycan dövləti nəyə qadir olduğunu növbəti dəfə sübut edəcək.

Nurlan ABDALOV,

"Respublika".