Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Gündəm

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür, dumanlı ərazilərdə sürücülər müşayiət olunur, yolda qalanlara kömək göstərilir.

Lakin hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişin daşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, bir sözlə - qaydalara sözsüz əməl etməyə çağırır!