DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: RUSİYADAKI TERROR AKTINDAN HƏR GÜN TÜRKİYƏDƏ TÖRƏTMƏK İSTƏYƏNLƏR VAR

Rusiyada baş verən terror aktının bənzərini  Türkiyədə törətmək istəyənlər var. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə liderinin sözlərinə görə, “Crocus City Hall”da baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyirlər.

“Şükürlər olsun ki, PKK-nı öz sərhədlərimiz daxilində hərəkət edə bilməyəcək hala gətirdik. Təhlükəsizliyimizi, əmin-amanlığımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt yol vermədik və verməyəcəyik”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb. Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb. Xatırladaq ki, İŞİD qruplaşması terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

SERBİYA PREZİDENTİNİN AÇIQLAMASI XALQI TƏLAŞA SALDI

Serbiya prezidenti Aleksandar Vuçic xəbərdarlıq edib ki, ölkəsi tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcək. “Report” agentliyinin xəbərinə görə, bu barədə prezidentin bəyanatında qeyd olunur.

Dövlət başçısının sözlərinə görə, son 48 saat ərzində rəsmi Belqrad Serbiyanın milli maraqlarını birbaşa təhdid edən xəbərlər alıb.

“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişə olduğu kimi çətin olacaq. Lakin biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - deyə A.Vuçiç əlavə edib.

Eyni zamanda bildirilir ki, Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

Bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.

ABŞ VƏ MÜTTƏFİQLƏRİ HUSİLƏRİN HÜCUMLARI QARŞISINDA ACİZ QALIB

ABŞ və onun müttəfiqləri Yəmənin husi yaraqlılarının Qırmızı dənizdəki silahlı hücumlarının qarşısını ala bilmirlər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Bütün bahalı silahlara baxmayaraq, ABŞ və müttəfiqləri mülki yük gəmilərinə və döyüş gəmilərinə endirilən hücumlarının qarşısını almaqda acizdirlər” - deyə agentlik vurğulayıb.

Bununla yanaşı, adı açıqlanmayan amerikalı hərbi rəsmi nəşrə bildirib ki, Yəmən husilərinin hücumlarının qarşısını almaq Vaşinqtona olduqca baha başa gəlir və bu, ABŞ üçün heç də sərfəli deyil.

Eyni zamanda jurnalistlər bildiriblər ki, husilər Qırmızı dənizdən keçən gəmilərə daha bir neçə ay ərzində hücumlarını indiki templə davam etdirə biləcəklər.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmən husiləri İsrail və onların müttəfiqləri ilə əlaqəli ticarət gəmilərinə hücum etməyə başlayıblar. Bununla yanaşı, bütün dünya ticarətinin təxminən 12 faizi Qırmızı dənizdən keçir, buna görə də husilərin hücumları iqtisadiyyata nəzərəçarpacaq təsir göstərib.

ALİMLƏR: İNSANLAR HEYVANLARI VİRUSA DAHA ÇOX YOLUXDURUR

Alimlərin son araşdırması zamanı məlum olub ki, viruslar heyvanlardan insanlara deyil, insanlardan heyvanlara daha çox keçir. “TRT” telekanalının verdiyi xəbərə görə, London Universitet Kollecində tədqiqatçılar virusların növlər arasındakı yoluxmasını araşdırmaq üçün qlobal məlumatlardan istifadə ediblər.

Bildirilir ki, təxminən 12 milyon virus genomu haqda məlumatlardan istifadə edilən araşdırmada, virusların insanlarla heyvanlar arasında yoluxma hallarının 64 faizində məhz insanlardan heyvanlara keçdiyi üzə çıxıb.

Tədqiqat qrupunda işləyən bioloq Sedrik Tan deyib: “Biz heyvanlara onların bizə ötürdüklərindən daha çox virus yayırıq”. S.Tan buna nümunə kimi isə “COVID-19”un insanlara yoluxmasından sonra daha sürətli yayıldığını göstərib.

Alim bu məlumatın əldə olunmasının səbəbini əhalinin sayının çox olması və bütün dünyaya yayılması ilə əlaqələndirib, eləcə də komanda olaraq bu nəticəni gözləmədiklərini, lakin “geriyə baxdıqda məntiqli” olduğunu qeyd edib.

Bununla yanaşı, Sedrik Tan virusların insanlardan heyvanlara yayılmasının nəsli kəsilməkdə olan bir çox canlı üçün təhlükə yaratdığını da vurğulayıb.

Sİ CİNPİN: ÇİN-ABŞ MÜNASİBƏTLƏRİ BƏŞƏRİYYƏTİN GƏLƏCƏYİNƏ TƏSİR GÖSTƏRİR

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir. “TASS” agentliyinin verdiyi  xəbərə görə, bunu Pekində ABŞ işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin bəyan edib.

Si Cinpinin sözlərinə görə, iki ölkə xalqlarının rifahı, eləcə də bəşəriyyətin gələcəyi, taleyi Çin və ABŞ əməkdaşlığından və ya bir-biri ilə qarşıdurmasından asılıdır.

“Nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş sayarsa, bir-birinin maraqlarına hörmət edərsə, dinc yaşayarsa və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaq”, - deyə Çin sədri vurğulayıb.

Bununla yanaşı, Si Cinpin sonda iki ölkə cəmiyyətləri arasında mübadilə intensivliyinin artacağına ümid etdiyini bildirib.

VİKTOR ORBAN Aİ-NİN CORC SOROSUN ƏSİRLİYİNDƏ OLDUĞUNU BƏYAN EDİB

Avropa İttifaqı (Aİ) amerikalı iş adamı Corc Sorosun əsirliyində olduğuna görə sülhsevər siyasət apara bilmir. “Trend” agentliyinin xəbərinə görə, bunu Macarıstanın baş naziri Viktor Orban ölkənin “Kossuth” radiosunun efirində bildirib.

Məlumata əsasən, hökumət başçısı Avropa siyasətçilərinin Ukraynadakı nizamlanma ilə bağlı mövqeyini şərh edib. Onun sözlərinə görə, ictimai rəy getdikcə daha çox sülh yolu ilə nizamlanmanın tərəfdarı olan partiyaların dəstəyinə meyil edir. O, həmçinin əlavə edib ki, Aİ liderləri də bunu hiss edirlər.

“Avropada sülhə tərəf dönüş alınmır, ona görə ki, Brüssel əslində Corc Soros şəbəkəsinin əsiridir”, - deyə Macarıstanın baş naziri qeyd edib.

Viktor Orban əlavə edib ki, biznesmenin nümayəndələri Avropa siyasətinə çox böyük təsir göstərirlər, çünki o, 30 il ərzində öz təsir şəbəkəsini qurub. Baş nazir həmçinin vurğulayıb ki, avropalılar Avropa Parlamentinə seçkilərdə “müharibəyə meyilli siyasətçilərin” fəaliyyətini qiymətləndirə biləcəklər.

“CROCUS CITY HALL”DAKI TERROR AKTINDAN SONRA 143 NƏFƏR İTKİN DÜŞÜB

Rusiya İstintaq Komitəsinə “Crocus City Hall”dakı terror aktından sonra qohumlarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı 143 müraciət daxil olub. Bu barədə “TASS” agentliyinin məlumatında qeyd olunur.

Xəbər verilir ki, siyahı operativ xidmətlərin əməkdaşları tərəfindən itkin düşən şəxslərin qohumlarının müraciəti əsasında tərtib olunub.

Eyni zamanda, açıqlamaya görə, siyahıda adları çəkilənlər terror aktından sonra doğmalarının əlaqə saxlaya bilmədikləri, lakin nə xəsarət alanlar, nə də ölənlərin siyahısına daxil olmayan şəxslərdir.

Məlumata əsasən, itkin düşən şəxslərin bəzilərinin ola bilsin ki, öldüyü, lakin meyitlərinin hələ də tanınmadığı qeyd olunub.

Bununla belə, bu insanların bir qisminin sağ olduğu, lakin hər hansı səbəbdən əlaqəyə çıxmadığı ehtimalı da mövcuddur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.