Brüssel formatının
Siyasət

Brüssel formatının "təkamülü"

2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu. 4 saatdan artıq davam edən görüş dövlətimiz üçün uğurla nəticələndi. Üçtərəfli danışıqlar Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan yaratdı.

Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndirdilər. Həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini vurğuladılar. Görüşdən sonra yayılan bəyanatda bildirildi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsi və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb. Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr Soçi bəyanatları, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi qeyd olundu.

Görüşü xüsusiləşdirən ən vacib məqam isə o oldu ki, danışıqlarda ermənilərin daim iddia etdiyi status məsələsi nəinki qaldırılmadı, hətta ölkələr arasında münasibətlərin tənzimlənməsində ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmadı. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərdi ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyuldu. Bu səbəbdən Brüssel görüşü Ermənistan cəmiyyətində dərin narahatlıq yaratdı. Erməni siyasətçilər ardıcıl olaraq bildirdilər ki, Avropa İttifaqı Bakının lehinə addımlar atır. Bunun üçün isə Paşinyandan istifadə olunur. Həmçinin ermənilər məyusluqla qeyd etdilər ki, "qoca qitə"də artıq Qarabağın Azərbaycan ərazisi olmasını çoxdan qəbul ediblər. Ermənilərin fikrincə, görüşün yekununa dair bəyanatda Qarabağın statusu barədə heç nə deyilməməsi də Minsk qrupunun faktiki olaraq ləğvi kimi dəyərləndirildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin görüşünün yekunlarına dair 7 aprel tarixli açıqlamasında isə bildirildi ki, görüş zamanı postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviqi üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası istiqamətində konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Bunların fonunda görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diktə etdi. Bu görüş həmin dövrdə göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasında maraqlıdır.

Bu səbəbdən də 14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il tarixli Brüssel görüşlərindən sonra 2022-ci ilin 22 may və 31 avqustunda, eləcə də ötən il mayın 14-də Avropa İttifaqı-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli təmaslar keçirildi. Hətta 5-ci görüşün yekununda liderlər Azərbaycanın 86,6 min kvadratkilometr və Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiq olduqlarını təsdiqlədilər. Yəni baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi qaydada qəbul etdi. Ən vacib məqamlardan biri isə o oldu ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel liderləri Qranadada keçirilən Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti görüşə dəvət etdi. Həmin dövrlərdə sözügedən qurumun Cənubi Qafqazdakı reallıqlara yanaşması obyektiv olsa da, daha sonra proses xarici güclərin müdaxiləsi ilə pozuldu. Brüssel formatında uğur qazana bilməyən Ermənistan Fransanın müdaxiləsi nəticəsində məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istədi. Amma Fransa XİN başçısının Ermənistan səfəri, Ketrin Kolonnanın İrəvanda ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları bu formatı mümkünsüz etdi. Həmçinin Fransanın baş diplomatının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı da görüşün müqəddəratını həll etdi. Nəticədə ötən il oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə görüşü baş tutmadı. Hökumətimiz şəxsi iradəsi ilə hərəkət edərək göstərdi ki, Azərbaycan regionda diktə edən tərəfdir.

Bu məsələdən sonra isə Yelisey Sarayı Cənubi Qafqazla bağlı daha çox aktivlik nümayiş etdirməyə başladı, İrəvanın silahlandırılması növbəti mərhələyə qədəm qoydu. Müəyyən dövrlərdə Amerika Birləşmiş Ştatları da prosesə qoşuldu. Rəsmi Vaşinqton xüsusilə Azərbaycanın suverenliyini bərpa etməsindən sonra humanitar məsələlərlə bağlı ittihamlar irəli sürdü. Rəsmi Bakının qətiyyətli mövqeyi və Cənubi Qafqazda Qərbin Rusiya əleyhinə oyunlarına qoşulmaması isə "qoca qitə"nin aqressiyasını daha da artırdı. Elə bu səbəbdən də ötən dövrdə Brüsseldə uğurla keçirilən üçtərəfli görüşlər bu il fərqli müstəvidə davam etdirilir. Belə ki, aprelin 5-də Belçikanın paytaxtında Ermənistan-Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı arasında müştərək konfrans keçirilib. 2 il ərzində dəyişən mənzərə isə onu göstərir ki, Avropa və ABŞ Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq üçün əlindən gələni edir. Rəsmi İrəvan isə kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. "Qoca qitə"nin təbliğat maşını və ya "piyada"sı qismində çıxış etmək isə Nikol Paşinyanın iqtidarı və Ermənistanın dövlətçiliyi üçün yaxşı ssenari vəd etmir.

Jalə QASIMZADƏ,

"Respublika".