ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR
Siyasət

ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

Əziz həmvətənlər,

Dəyərli seçicilər,

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəffər oğlu Həsənquliyevin "Böyük dəyişikliklər" adlanan seçki platformasının dövlət quruculuğu ilə bağlı hissəsini müzakirənizə təqdim edirik:

– Qarabağ üzərində dövlət suverenliyinin bərpası münasibətilə geniş amnistiya aktının qəbulu;

– 9 ay ərzində dövlət idarəetməsinin parlament respublikası modelini əsas götürən yeni Konstitusiyanın qəbulu;

– 2025-ci ilin fevralında yeni Konstitusiyaya uyğun olaraq proporsional seçki sistemi əsasında yeni parlament seçkilərinin keçirilməsi;

– Yeni Konstitusiyada ölkəmizin Şimali Azərbaycan Cümhuriyyəti adlandırılması;

– Dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyətin bölünməsi (hakimiyyətin ayrı-ayrı qollarının bir-birinə nəzarət etməsi və balans yaratması) prinsipinə real məzmun verilməsi;

– Milli Məclisin Ali Məclis adlandırılması;

– Çoxpartiyalı sistemin inkişafı üçün parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunmasının konstitusion əsasının yaradılması və hər bir partiyaya və ya partiyalar blokuna Ali Məclisə keçirilən seçkilərdə topladığı səsdən asılı olmayaraq yerlərin 2/3-dən artığına sahib olmanın qadağan edilməsi;

– Yeni Konstitusiyaya uyğun olaraq yeni seçki məcəlləsinin qəbulu;

– Bürokratik aparatın müstəqil siyasi qüvvə kimi siyasi sistemdə çıxış etməsinə, o cümlədən siyasi vəzifələrə kadrlar seçməsinə son qoyulması;

– Parlamentdə 5 il müddətinə seçiləcək prezidentə məhdud səlahiyyətli "seremonial şəxs" status verilməsi, icra hakimiyyətinin başında Baş Nazirin dayanması;

– Baş Nazirin namizədliyinin parlament seçkilərində qalib gələn siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi və Ali Məclisdə seçilməsi;

– Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və dövlət aparatını çevik və yığcam etmək üçün məmurların sayının 1/3-dək azaldılması;

– Millət vəkillərinin 4 il müddətinə seçilməsi, onların sayının 151 nəfərə çatdırılması;

– Ali Məclisin Daxili Nizamnaməsində parlament fraksiyalarına idarəetmədə geniş yer verilməsinin nəzərdə tutulması, fraksiya nümayəndələrinin parlament sədrinin müavinləri, eləcə də komitə sədrləri və müavinləri səviyyəsində təmsil olunmaları;

– Yerli rəy sorğuları keçirmədən insanların normal həyatını pozan şəhərdaxili kütləvi mədəni və idman tədbirlərinin keçirilməsinin qadağan olunması, o cümlədən, Bakı sakinləri arasında Formula-1 yarışları ilə əlaqədar rəy sorğusunun keçirilməsi;

– Hesablama Palatası sədrinin və auditorlarının yarıdan çoxunun parlamentdə müxalifəti təmsil edən siyasi partiyaların təqdim etdiyi namizədlər sırasından seçilməsi;

– Büdcə və büdcəyə nəzarət komitəsinin yaradılması, adıçəkilən qurumun sədrinin və üzvlərinin yarıdan çoxunun Ali Məclisdə müxalifəti təmsil edən siyasi partiyalar və siyasi partiyalar bloklarının təmsilçiləri sırasından seçilməsi;

– Dövlətin idarəetmə xərclərini azaltmaq, regionların inkişafına nail olmaq, yerli hakimiyyət orqanlarının formalaşdırılmasında xalqın iştirakını təmin etmək üçün ölkədə mövcud olan rayonlar ləğv edilərək onların yerində inzibati ərazi vahidi kimi 15 regionun yaradılması;

– Regionun 25, yaxud 31 nəfərdən ibarət məclislərinin, məclisdə isə regionun rəhbərinin seçməsi;

– Hər yaşayış məntəqəsinin öz bələdiyyəsinin olması;

– Naxçıvan MR-də yerli əhalinin "nazirlər və məmurlar ordu"sundan xilas ediməsi, dövlət idarəetmə xərclərinin əhəmiyyətli səviyyədə azaldılması, Naxçıvanın muxtar dövlət statusunun ləğv edilməsi və muxtar ərazi kimi 15-ci region statusunun verilməsi (Qeyd: Naxçıvanın muxtar respulika statusunun saxlanılmasının tərəfdarları Moskva və Qars müqavilələrinə istinad edirlər (Həmin müqavilələrdə Naxçıvanın muxtar ərazi kimi Azərbaycanın tərkibində olması nəzərdə tutulur, respublika, vilayət, yaxud mahal kimi yox);

– Naxçıvanın azad iqtisadi zona elan olunması;

– Hakimiyyətin hədsiz mərkəzləşməsinə son qoyulması, mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması və regionlara geniş özünüidarə səlahiyyətlərinin verilməsi;

– Konstitusiyaya nəzarət məqsədilə Baş Nazir tərəfindən regionlar üzrə valilərin (səlahiyyətli nümayəndələrin) təyin olunması;

– Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dövlət hakimiyyət orqanlarında təmsil olunmayan, 50%-i parlamentdə müxalifəti təmsil edən siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən müstəqil şəxslərdən təşkil edilməsi;

– Dövlət hakimiyyət orqanlarında siyasi vəzifə daşıyan, dövlət idarə, müəssiə və təşkilatlarında vəzifə tutan və vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayətin törədilməsində iştirak edən şəxslərin əməllərinin korrupsiya cinayətləri hesab olunması;

– Vergi ödəyicilərinin ödədiyi illik verginin həcminin ictimaiyyət üçün açıq olması;

– Dövlət satınalmalarında şəffaflığın artırılması üçün əlavə hüquqi mexanizmilərin yaradılması;

– Prezidentin, Baş Nazirin, deputatların və hakimlərin vəzifədən kənarlaşdırılmasının (vəzifə səlahiyyətlərinə xitam verilməsinin) yalnız ağır cinayət törətdikdə və bu barədə Ali Məhkəmənin rəyi olduqda mümkün olması və həmin şəxslərin hamısı üçün vəzifədən kənarlaşdırmanın eyni prosedur qaydalarının tətbiq olunması;

– Məhkəmə sistemində islahatların davam etdirilməsi, vətəndaşları və sahibkarları məmur özbaşınalığından qoruya bilən, mülkiyyət toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyətinin formalaşdırılması;

– Andlı iclasçılar institutunun tətbiqi, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi, hakimlərin sayının 2 il ərazində Avropa standartlarına çatdırılması (Qeyd: Avropada hər 100 min nəfərə 20 hakim düşürsə bizdə bu rəqəm 6-dır);

– Konstitusiya Məhkəməsinin ləğv olunması, qanunların izahının veriilməsi hüququnun qanunu qəbul edən orqana - Ali Məclisə, qanunların izahı ilə əlaqədar Ali Məclisə müraciət hüququnun qanunvericilik təşəbbüsü subyektlərinə verilməsi;

– Vəkillərin sayının 2 il ərzində Avropa standartlarına çatdırılması (Qeyd: Avropada 100 min nəfərə 147 vəkil düşürsə, bizdə bu rəqəm 23-dür);

– Sahibkarlara qarşılıqlı razılıq əsasında xarici arbitrajlara müraciət etmək hüququnun verilməsi;

– İstisnasız olaraq birinci instansiya məhkəmələrində ən azı 5 il işləmiş hakimlərin Apellyasiya Məhkəmələrinin hakimi seçilə bilməsi, eyni qaydada ən azı 5 il Apellyasiya Məhkəməsinin hakimi işləmiş şəxsin Ali Məhkəmənin müvafiq kollegiyasına seçilmək hüququnun nəzərdə tutulması;

– Azərbaycan Respublikasının vahid Dövlət İstintaq Komitəsinin yaradılması, Baş Prokuror və Ədliyyə naziri vəzifələrinin birləşdirilməsi, prokurorluğun Ədliyyə Nazirliyinin tərkibinə daxil edilməsi;

– Böyük ictimai rezonans doğurmuş və cəmiyyət tərəfindən obyektiv araşdırılmasına şübhələr olan cinayət işlərinin istintaqının yenilənməsi və andlı iclasçıların iştirakı ilə məhkəmədə yenidən baxılması;

– Yuxarıda qeyd olunan vəzifələri həyata keçirmək üçün yeni parlament seçkilərinə qədər milli birlik hökumətinin formalaşdırılması.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır