Sağlam həyat
Maraqlı

Sağlam həyat

Broyler toyuqları təhlükə mənbəyidir

Son dövrlər süni şəkildə yetişdirilən, "broyler" kimi də tanınan toyuqların zərərləri barədə irəli sürülən iddialar bu yaxınlarda öz təsdiqini tapıb. Belə ki, bu cür toyuq ətinin müntəzəm qəbulunun bağırsaq xərçənginin inkişafına yol açdığı sübut edilib.

Tədqiqatlar göstərib ki, yoğun bağırsaq (kolon) xərçənginin inkişafı daha çox ət istehlakından qaynaqlanır. Qeyd edək ki, bu siyahıda təkcə qırmızı ət yox, toyuq əti də var. Xüsusilə, "broyler" toyuqlar kolon xərçənginin inkişafında tətik mexanizmi rolunu oynayır. Mütəxəssislər bunun həmin əti qızardarkən meydana gələn kanserogen maddələrdən qaynaqlandığını söyləyirlər. Bir çox "fast food" növlərinin toyuq ətindən hazırlanmasını nəzərə alsaq, bu qida uşaqlar və gənclər arasında daha çox populyarlıq qazanıb. Tədqiqat çərçivəsində 474 min nəfər müxtəlif yaş qrupunda kişi və qadının sağlamlıq məlumatları araşdırılıb. Müntəzəm olaraq süni yetişdirilən toyuq əti istehlak edən insanlarda bağırsaq xərçəngi aşkarlanıb. Qeyd edək ki, bu insanların böyük əksəriyyətini yeniyetmələr təşkil edib. Məhz bu səbəbdən mütəxəssislər hormonlar və antibiotiklərsiz yetişdirilən quş əti seçməyi məsləhət görürlər. Xüsusilə, uşaq və yeniyetmələrin belə məhsullardan uzaq durması tövsiyə edilir.

Onu hər gün içməyin, yoxsa...

Tərkibindəki yüksək protein və kalsium səbəbi ilə çox faydalı içki olan süd xüsusilə uşaqların zəka və fiziki inkişafında mühüm rol oynayır. O, nəinki uşaqların, bütün yaş qrupuna aid olan insanların sağlamlığı üçün vacibdir. Lakin həkimlər onun həddindən artıq istehlakının yetkin insanlar üçün zərərli ola biləcəyini açıqlayıblar. Elə bu səbəbdən də hər gün süd içmək məsləhət görülmür.

Həkimlərin sözlərinə görə, süd balanslaşdırılmış pəhrizin vacib hissəsidir. Bədəni zülal, yağ, mineral və vitaminlər kimi vacib komponentlərlə təmin edir. O, həmçinin sümük möhkəmlənməsini və sıxlığını artırır. Ancaq bu qidanın həddindən artıq qəbul edilməsi sağlamlığa zərər vermə ehtimalını artırır. Mütəxəssislər qeyd edir ki, südün tərkibində D-qalaktoza var ki, onun çoxluğu sistemli oksidləşdirici stres yarada və xroniki iltihabla müşayiət edilən müxtəlif xəstəliklərə səbəb ola bilər.

Tədqiqatlar həmçinin süd istehlakı ilə osteoporoz, qırıqlar və ölüm arasında əlaqə olduğunu göstərir. Çox miqdarda süd içmək bu problemlərin inkişaf riskini artırır. Bundan əlavə, süd və süd məhsullarının tərkibində süd şəkəri, laktoza olduğunu da xatırlamaq lazımdır. Laktozaya qarşı dözümsüzlüyü olan insanlar süd içdikdən sonra mədədə narahatlıq və ürəkbulanma problemi ilə üzləşə bilərlər.

Yüksək təzyiqin bir səbəbi də bu imiş

ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, normadan artıq işləmək yüksək təzyiqə səbəb olur. Elm adamları uzun iş saatlarının hipertoniya riskini artırdığını söyləyirlər.

Tədqiqat çərçivəsində Kanadanın Kvebek əyalətindəki 3 dövlət müəssisəsində 3500-dən çox işçinin sağlamlıq vəziyyəti təhlil edilib. Nəticədə həftədə 49 saat və daha çox işləyənlərin yüksək təzyiqdən əziyyət çəkmə ehtimalının 70 faiz artıq olduğu məlum olub. Həftədə 41-48 saat çalışanlarda isə hipertoniya riski 54 faiz təşkil edib. Qeyd edək ki, tədqiqatın nəticələri təhlil edilərkən stres, yaş, təhsil səviyyəsi, məşğuliyyət, siqaret aludəçiliyi, bədən kütləsi indeksi və digər amillər də nəzərə alınıb. Araşdırmanın nəticələri Amerika Ürək Dərnəyinin "Hipertoniya" jurnalında dərc edilib.

Baharda bu xəstəliklər kəskinləşir

Mütəxəssislər yazın gəlişi ilə əlaqədar bəzi psixi xəstəliklərin kəskinləşməsi barədə xəbərdarlıq ediblər. Onlar bu mövsümdə psixikası zəif olan insanlarda bipolyar pozuntu (bunlara maniakal vəziyyət, sayrışan hallar, təkrarlanan fikirlər və s. aiddir) və depressiyanın baş qaldıra biləcəyini söyləyirlər.

Araşdırmalar göstərir ki, təbiətin oyanması ilə bəzi insanların əhvali-ruhiyyəsində dəyişikliklər baş verir. Güllər açıb quşlar oxuduqca, belə insanlar özünə qapanır. Bu vəziyyətdə isə stres, təşviş halları daha da artaraq şəxsiyyət pozuntusu və şizofreniyanın kəskinləşməsinə səbəb ola bilər.

Yaz mövsümü xüsusilə depressiyanı aktivləşdirir. Əgər mövsüm dəyişməsi ilə hər hansı bir insan özünü yorğun, halsız, yuxusuz hiss edirsə, bu artıq yaz depressiyasının əlamətləridir. Qeyd edək ki, bahar depressiyası hər il eyni vaxta müşahidə olunur. Yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlıq və ya əksi ilə müşayiət olunan bu hal 2 həftədən artıq davam edirsə, o zaman mütləq həkimə müraciət etmək tövsiyə olunur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".