Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bayraqlar necə yaranıb?

Dövlətlərin ən mühüm atributu olan bayraqlar ilk olaraq Çin və Hindistanda istifadə olunmuş, daha sonra isə bütün dünyaya yayılmışdır. Onların tarixi lap qədim zamanlara gedib çıxdığı üçün ilk hansı bayrağın yarandığını demək çətindir. Lakin dünyanın ən qədim bayrağı hələ də istifadə edilən Dannebroq bayrağı hesab edilir.

Dannebroq XIII əsrdə Danimarkanın dövlət bayrağı olub. Bu bayraq daha sonradan digər Skandinaviya ölkələrinin bayraqlarının dizaynına təsir göstərib. Bayraq rəsmi olaraq qəbul edilməmişdən öncə vikinqlərin ərazilərində istifadə edilib və üçbucaq kənarlara malik olub. Avstriya da ən qədim bayrağa sahib ölkələrdəndir. Bu ölkənin bayrağının tarixi 1230-cu ilə təsadüf edir.

Bayraqların qədim zamanlarda hərbi koordinasiyaya kömək məqsədi ilə döyüş bölgələrində istifadə olunduğu düşünülür. O zamanlar rabitə üçün piyada və ya atla mesaj göndərməkdən daha sürətli hesab edilən vizual vasitənin istifadəsi məqsədəuyğun idi. Məsələn, ağ bayraq - beynəlxalq səviyyədə barışığın əldə edilməsi, yaxud müharibənin başa çatması və danışıqların aparılmasını xahiş etmək nişanıdır. Bu bayraq həmçinin təslim olmaq niyyətini də bildirir. Ona görə də adətən zəif hərbi tərəf bu bayraqla çıxış edərək danışıqlara başlamağı xahiş edir. Qara bayraq isə 1880-ci illərdən etibarən anarxiya ilə əlaqələndirilir. Bir çox anarxiya təşkilatlarının adlarında "qara" sözləri var. Müxtəlif dövrlərdə "Qara bayraq" adlı anarxiya təşkilatları mövcud olmuşdur. Vahid rəngli qara bayraq digər bayraqlardan fərqli olaraq bütün repressiv strukturları inkar edir. Bundan əlavə, qara bayraq həm də rəhmsizliyin simvoludur. Bundan əlavə, keçmişdə bayraqlardan gəmilərdə bir-birilərinə siqnal vermək, tez-tez ətraflı mesajlar ötürmək üçün də istifadə olunmuşdur.

Pessimist olmağın xeyri var

Amerikalı alimlər belə qənaətə gəliblər ki, pessimist insanlar optimistlərə nisbətən həyatda daha çox uğur qazana bilirlər.

Alimlərin fikrincə, optimist insanlar gələcəyə inandıqları üçün qarşılaşdıqları problemləri təbii sayır, bunu özlərinə dərd etmirlər. Onlar sabahın bu gündən daha yaxşı olacağına inanır və pis şeylər haqqında fikirləşmirlər. Optimist insanların həyata nikbin baxışı çox vaxt onlara problemi anında görməyə və tez zamanda həll etməyə imkan vermir. Pessimist insanlar isə həlledici anlarda emosional xarakter və qərəzli mövqeləri sayəsində daha uğurlu qərarlar verə bilirlər. Belə insanların problemlərdən şikayət etmək vərdişi onların həyat keyfiyyətinə mənfi təsir etsə də, düzgün qərar vermələrinə kömək edir.

Psixoloqların fikrincə, qəzəbli və hədələyici (məsələn: "bunu etsən, mən ayrılacağam", "ya mən, ya o") danışıq aparan, adətən qarşı tərəfi seçim qarşısında qoyan bu şəxslər istənilən nəticəni əldə etməyə daha tez nail olurlar. Alimlər bunun qəzəbli anlarda amigdala (beynin emosiya, duyğu və yaddaşa cavabdeh olan hissəsi) və adrenalin səviyyəsinin yüksəlməsi ilə əlaqəli olduğunu düşünürlər. Hansı ki, bu hormonlar qərar vermə anında motivasiyanı və qətiyyəti artırır.

Sən demə, həyat belə başlayıb...

Bu gün dünyanı infrastruktur, müasir texnologiya, çay, dəniz, bitki, heyvanlar aləmi və nəhayət, insanlar olmadan təsəvvür etmək çətindir. Lakin bir zamanlar dünya sadəcə maqmanın "qaynar şorbası" olub...

Planetin soyumağa başlaması, suyun, okeanların əmələ gəlməsi bir neçə yüz milyon il çəkib. Daha sonra isə fotosintetik bakteriyaların təkamül prosesi xeyli zaman alıb. Bəs Yer üzündə həyat necə başlayıb?

Kaliforniyalı elm adamları bu sirri açmaq üçün ilk hüceyrələrin necə yarandığını araşdırıblar. Skripps Tədqiqat İnstitutunun mütəxəssisləri müasir canlı hüceyrələrin prekursorları olan protohüceyrələrin ilk dəfə necə meydana gəldiyinə dair yeni yanaşma təqdim ediblər. Alimlər belə qənaətə gəliblər ki, fosforlaşma adlı mühüm kimyəvi proses gözləniləndən daha tez baş verib.

Uzun müddətdir ki, protobiontların yağ turşularından ibarət olduğu düşünülürdü. Lakin həyatın yaranmasından əvvəl təxmin olunan mühitləri simulyasiya edən tədqiqatçılar, protobiontların tək zəncirdən qoşa fosfat zəncirinə necə keçdiyini müəyyənləşdiriblər. Hansı ki, bu proses onların daha sabit olmasına və kimyəvi reaksiyalara uyğunlaşmasına imkan verir.

"Bu kimyəvi təkamül prosesi zamanı fosfolipidlərin necə ortaya çıxa biləcəyinin yeni üsulunu kəşf etdik,"-deyə tədqiqat müəllifi, biofizik Aşok Deniz qeyd edib.

Niyə qocalanda boyumuz qısalır?

İndiyə qədər aparılan araşdırmalar göstərir ki, boyumuzun zamanla kiçilməsinin əsas səbəbi onurğamızdır. Müəyyən edilib ki, 30 yaşından etibarən onurğada dəyişikliklər yaranmağa başlayır.

Bu fenomenin əsas səbəblərindən biri onurğanın ətrafındakı əzələ liflərinin itməsi nəticəsində yaranan kifoz və ya yaşla bağlı əyilmədir. Zaman keçdikcə əzələlər zəifləyir, gücünü itirir və bədən çəkisi ilə mübarizə aparır. Yaşla birlikdə boyun kiçilməsinin yeganə səbəbi kifoz deyil. Estrogen və testosteron səviyyəsinin aşağı düşməsi sümük sıxlığında azalmaya səbəb olur ki, bu da boyun kiçilməsinə gətirib çıxarır. Boyun azalmasının digər səbəbi isə sınıqlardır. Çox vaxt ağrısız olan bu qırıqlar, onurğada olan fəqərələri səssizcə məhv edərək, kiçildir. Fəqərəarası disklərin degenerasiyası 30 yaşından başlayaraq onurğanın strukturuna da təsir göstərir. Həmçinin D vitamini çatışmazlığı və böyrəklərin kalsiumu udması ilə bağlı problemlər osteoporoza səbəb ola bilər ki, bu da sümükləri daha zəif və məsaməli edir. Bununla belə, alimlər aktiv həyat tərzi sürmək, D vitamini, kalsiumla zəngin düzgün qidalanma və idmanla müntəzəm məşğul olmaqla boyun kiçilməsinin qarşısını almağın mümkün olduğunu söyləyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".