Qərbi Azərbaycana qayıdış haqqımızdır
Siyasət

Qərbi Azərbaycana qayıdış haqqımızdır

Mədəni-tarixi irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Hayların Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər bizi bu yerlərdən didərgin salmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızda məskunlaşmadan sonra qarşımızda duran ən mühüm məsələlərdən biri gecikmiş ədaləti bərpa etmək, Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızı qovuşdurmaqdır.

Qərbi Azərbaycana qayıdış dövlət siyasətində mühüm yer tutur. Əfsuslar olsun ki, tarix boyu erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz yaralara səbəb olub. Hələ 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisindən hissə-hissə və planlı şəkildə soydaşlarımız öz tarixi torpaqlarından deportasiya olunmuş, tarixi-memarlıq incilərimiz erməni vandalizminin qurbanına çevrilmişdir. Uzun illər bu cinayət əməlləri sistemli hal almışdır. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları saxta erməni toponim adları ilə dəyişdirilmişdir. Hələ İkinciDünya müharibəsi dövründə isə erməni daşnak liderləri “böyük Ermənistan” uğrunda ikili “fəaliyyət” göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi haqda düşünürdülər.

Qeyd etdiyimiz kimi, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz ad gününü əlamətdar bir hadisə ilə yaddaqalan edir. Məhz ölkə başçımızın 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı.

Nurlan ABDALOV,

“Respublika”.