QALİB LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU
Siyasət

QALİB LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU

Ötən gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Bu isə o deməkdir ki, Qazaxın işğal altında qalan kəndlərindən anklav olmayan dördü dinc yolla Azərbaycanın nəzarətinə keçəcək. Sözügedən kəndlərin bir güllə atılmadan, şəhid vermədən geri qaytarılması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur.

Diplomatik masada qazandığımız bu Zəfər bizə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı xatırladır. Həmin gün dövlət başçımızın hərbi-siyasi müdrikliyi sayəsində əzəli Azərbaycan topaqları, ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcər, Ağdam və Laçın heç bir itki verilmədən düşmən işğalından azad edilmişdi. Aprelin 19-u Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız eyni hissləri bir daha yaşadı. Artıq bütün dünya son iki əsrdə başabəla "dənizdən-dənizə böyük Ermənistan" ideologiyasının Ali Baş Komandan tərəfindən birdəfəlik tarixin zibilliyinə göndərilməsinə şahidlik edir.

İkinci Qarabağ müharibəsindəki parlaq qələbə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu antiterror tədbirləri, bu günlərdə Rusiya sülhməramlı kontingentin Qarabağı tərk etməsinin ardınca 4 kəndin Azərbaycana qaytarılması Prezident İlham Əliyevin xalqımıza verdiyi növbəti müjdədir. Hələ Vətən müharibəsinin gedişində "nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm", - deyən dövlət başçısı hər keçən gün ölkəmizi bir addım da irəli aparır və qazandığı uğurlarla həmin sözlərin həyatiliyini daim aktual olaraq öz qüvvəsində saxlayır.

Prezident İlham Əliyev qeyri-anklav 4 kəndin qaytarılmasını 2020-ci ildən başlayaraq gündəmə gətirib. İkinci Qarabağ müharibəsindəki Şanlı Qələbə də imkan verdi ki, bu istiqamətdə ardıcıl işlər aparılsın. Bu ilin yanvar ayında yerli telekanallara müsahibə verən ölkə başçısı 90-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi 8 Azərbaycan kəndinin qaytarılması zərurətini qeyd etmişdi: "... O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Aprelin 19-da əldə olunmuş razılıq sərhədlərin delimitasiyası istiqamətində atılan ilk addımdır. Qərarda istinad nöqtəsi isə 1991-ci ildə bağlanan Alma-Ata Bəyənnaməsi əsas götürülür. Lakin razılaşmada göstərilir ki, əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq.

Qeyd edək ki, delimitasiyanın məhz bu istiqamətdən başlanması Azərbaycanın təkidi ilə baş tutub. Bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları istiqamətində hansısa bir irəliləyiş əldə olunursa, bunun rəsmi Bakının təşəbbüsləri əsasında həyata keçirildiyini əminlikə deyə bilərik. Xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistana 5 baza prinsipindən ibarət "Sülh müqaviləsi" layihəsi təqdim edib. Həmin təklifdə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, eləcə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə yanaşı digər məsələlər yer alıb.

Azərbaycan 4 kəndini dinc yolla qaytarmaqla, uzun müddətdir ki, Qərb mediasının və institutlarının tirajladığı "müharibə" dedi-qodularının da əsassız olduğunu sübut etdi. Fransa başda olmaqla Qərb dövlətlərinin intensiv olaraq "Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır" "proqnoz"ları da beləcə iflasa uğradı. Kəndlər ətrafında müharibənin başlanması gözləntiləri olsa da, razılığın əldə edilməsi bölgədə sülh gündəliyinin hələ də davam etdiyini göstərir. Bununla yanaşı, komissiyanın 8-ci görüşünün müsbət məcrəda keçməsi ikitərəfli formatın rəsmi Bakı və İrəvan arasındakı problemlərin həllində daha effektiv olduğu qənaətinə gəlməyə imkan verir. Azərbaycan hər zaman məsələnin bu istiqamətdə, yəni təkbətək formatda həllinin tərəfdarı olub. Çünki bu günə qədər iki ölkə arasında vasitəçilik etməyə çalışan siyasi mərkəzlər sülh prosesindən daha çox regiondakı öz maraqlarına xidmət ediblər. Azərbaycan xüsusilə ABŞ və Aİ-ni bu prossesdən kənarda saxlamaqla, Ermənistanla qarşılıqlı şəkildə anlaşaraq məsləni birgə həll etdi.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında ilk belə addım ötən il dekabrın 7-nə təsadüf etmişdi. Həmin gündə hər iki ölkə birgə açıqlama yayaraq bütün dünyanın diqqət mərkəzində olmuşdu: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir". Belə bir açıqlama ilə hər iki tərəf qarşılıqlı, heç bir vasitəçiyə ehtiyac olmadan əsirlikdə saxlanılan hərbçiləri azad etmişdi.

Musa BAĞIRLI,

"Respublika".