QƏLƏBƏDƏN QƏLƏBƏYƏ
Siyasət

QƏLƏBƏDƏN QƏLƏBƏYƏ

Prezident İlham Əliyevin siyasəti Azərbaycana uğurlar gətirməkdə davam edir. 44 günlük Vətən müharibəsindən sonra bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam rayonları işğaldan azad olunduğu kimi, bu gün erməni işğalı altında qalmış dörd anklav olmayan kəndimiz də qaytarılır. 

Qərb sərhədlərimizin delimitasiyası prosesinə mane olmağa çalışırdı. Amma   ölkə başçımızın dəyişməz mövqeyi və siyasi iradəsi Ermənistanı delimitasiyaya məhz Qazax rayonundan başlanmasına razı salmasına yol açdı. Azərbaycan üç il yarım əvvəl müharibənin başa çatdığını və qalan məsələlərin sülh danışıqları yolu ilə həll olunmasını dəstəklədiyini bəyan etsə də, Qərb Azərbaycanın Ermənistana yenidən hücum edəcəyi ilə bağlı reallığa söykənməyən təxribat xarakterli informasiyalar dövriyyəyə buraxmaqda davam edirdi. Bu gün dörd kəndimizin qaytarılması prosesinin baş tutması Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqların daha uğurlu olduğunun sübutudur. Qərb bizim işlərimizə qarışmasa, biz öz münasibətlərimizi qısa zaman kəsiyində formalaşdıra bilərik.

Bəzi fikir ayrılığı yaradan məsələləri də bizim öz aramızda həll etməyimizdə heç bir problem görmürəm. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin uğurla davam etdirilməsi ölkələrimizi sülhə daha da yaxınlaşdırır. İnanıram ki, yaxın zamanda ölkələrimiz əməkdaşlıq və qonşuluq münasibətlərinin formalaşması mərhələsinə keçid edəcəkdir. Təbii ki, bütün bu uğurların müəllifi Prezident İlham Əliyevdir.                                                          

Azər BADAMOV,

Milli Məclisin deputatı.