Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs
Mədəniyyət

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı plenar sessiya keçirilib

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı 4-cü plenar sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın UNESCO üzrə milli komissiyasının baş icraçı direktoru və Baş katibi Ceyms Bricin moderatorluq etdiyi plenar sessiyada çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda mədəni irs abidələrinin iqlim dəyişikliyinin təsirlərindən birbaşa sığortalanmadığını diqqətə çatdırıb. İqlim dəyişikliklərinin torpaqların eroziyasını sürətləndirdiyini bildirən nazir müavini fikirlərinə belə davam edib: "1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi üçün Qubada yaradılan memorial kompleksdə aparılan müvafiq qazıntılar zamanı torpaq eroziyasının xeyli artdığı müşahidə edildi. Qobustandakı qayaüstü rəsmlərdə də iqlim dəyişikliyinin təsirindən müəyyən mənfi proseslər gedib. Yağışların həcminin azalması Damcılı kimi digər tarixi obyektlərin də mövcud durumunu çətinləşdirib. Memarlıq obyektləri əsrlərin sınağından çıxmasına baxmayaraq, təbiətin təsirinə məruz qalırlar. Burada daha çox bioloji və kimyəvi amillər üzə çıxır. Onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində görüləcək işlər çətinləşir. Azərbaycan ərazisində UNESCO-nun siyahısında olan azı 6 obyekt təhlükədədir".

İqlim dəyişikliyi səbəbindən milli parklarda, yasaqlıqlarda vəziyyətin heç də ürəkaçan olmadığını söyləyən S.Yusifova bununla bağlı tədqiqatların aparıldığını deyib. Qeyd edib ki, təhlillər əsasında təkliflər hazırlanıb. "Biz təbiətin və milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib etmişik. Bu da vahid strategiyaların tətbiqi ilə bağlı yeni imkanlar açıb. Bu gün bir çox ölkə eyni problemlə üzləşib. Odur ki, effektiv uyğunlaşma strategiyalarının həm milli, həm də beynəlxalq səviyyədə hazırlanmasına ehtiyac duyulur. Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə ardıcıl töhfələrini verir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bu istiqamətdə irəli sürüləcək hər hansısa strategiyalara dəstək verməyə hazırdır.

Əfsuslar olsun ki, iqlim dəyişiklikləri ilə yanaşı, müharibələr də təbiətə və mədəni irsə mənfi təsir göstərir. Təxminən 30 il ərzində Ermənistan işğalı altında qalmış abidələrimiz məhv olub və orada mədəni soyqırımı törədilib. Qarabağ və Şərqi Zəngəzurda yerləşən təxminən 35 xüsusi əhəmiyyət kəsb edən mədəni irsin obyekti xeyli mənfi təsirə məruz qalıb. Onların sırasında biz vandalizm aktlarını da xüsusilə qeyd etmək istəyirik. On minlərlə tarixi abidə məhv edilib, yüzdən çox abidəyə çıxış əngəllənib. Bu, həmin ərazilərə aparan yolların minalanması ilə izah olunur. Həmin abidələrin qorunması Böyük Qayıdış Prosesinin ayrılmaz hissəsidir", - deyə nazir müavini əlavə edib.

Çıxışında sənayeləşmənin ətraf mühitə təsirindən, biomüxtəlifliyin azalmasından danışan Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun (CBCGDF) Baş katibi Jinfeng Zhou deyib: "Bu anadək heyvanat aləminin yalnız müəyyən cins və növlərinə diqqət yetirmişik. Bir çox növlər diqqətdən kənarda qalıb. Bəzi cinsləri tamamilə itirmişik. Bu halda qarşılıqlı əlaqəyə ehtiyac duyulur. İnsanlar, cəmiyyətlər həmin problemdən yaxşı məlumatlı olsalar, bir araya gəlsələr, gələcəklə bağlı məsələləri anlasalar, iqlim, biomüxtəliflik sahəsində gedən mənfi proseslərin qarşısını ala bilərik".

Frison Horta Fondunun təsisçisi və baş direktoru Nupur Tron yetişməkdə olan nəslin ətraf mühitə sevgi ruhunda böyüdülməsinin, iqlim dəyişikliyi problemləri ilə erkən tanış olmasının vacibliyini qeyd edərək deyib: "Əgər iqlim dəyişikliyi problemlərinə səsimizi çıxarmasaq, təbiət daha ağır vəziyyətlə üzləşəcək. Elə tədbirlər görməliyik ki, gənclərin təbiətlə ahəngdarlığını möhkəmləndirək".

ICESCO Baş katibinin müşaviri Heşam Əl Əskəri bildirib ki, aparılan tədqiqatlara əsasən, iqlim dəyişiklikləri ilə bağlı üç fərqli xəbərdaredici ssenari mövcuddur. Ən son araşdırmalara görə, iqlim dəyişikliyinin mədəni irs abidələrində olduqca mənfi təsirləri müşahidə edilir. Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır. Son beş il ərzində aparılan tədqiqatlar yeni modellərin işlənib hazırlanmasına imkan yaradıb. Mədəni irsin qorunması ilə bağlı qarşımızdakı məqsəd çox vacibdir. Bu, bizim keçmişimizlə bağlıdır və gələcəyimizə aiddir".

Çıxışında fövqəladə hallara hazırlıq və cavab tədbirlərindən danışan "Smithsonian"ın Asiya Mədəniyyət Tarixi Proqramının direktoru, "Smithsonian"ın Antropologiya Departamentinin Asiya, Avropa və Yaxın Şərq üzrə kuratoru Pol Maykl Taylor deyib: "Nəinki insan həyatının, hətta mədəni irs obyektlərinin qorunması üçün fövqəladə hallara hazırlıq olmalıdır. Əgər mədəni irsin qorunması haqqında danışırıqsa, ən yaxşı variantlardan biri həmin eksponatların surətlərinin rəqəmsal formada çıxarılmasıdır".

O, mədəni irsin qorunması sahəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq etdiklərini, hətta birgə kitab hazırladıqlarını da diqqətə çatdırıb.

"İqlim dəyişiklikləri dünya irsinə ən böyük təhlükələrdən biridir", - deyən Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Albino Jopela bu gün Afrikada yerləşən məkanların təhlükədə olduğunu qeyd edib. "Afrika qitəsində UNESCO-nun irs siyahısına daxil olan təxminən iki minə yaxın obyekt var. Onlardan təqribən 6 faizi təhlükə ilə üzləşib. Siyahıda olan Afrika abidələrinin 7 faizinə iqlim dəyişiklikləri birbaşa təsir göstərir. Mədəni irs obyektlərinin idarə edilməsi ilə bağlı müxtəlif strategiyalara ehtiyac var", - deyən icraçı direktor tədbirə dəvətə, eyni zamanda, Afrika Ümumdünya İrs Fonduna maliyyə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkəmizdə 7 mindən çox arxeoloji abidənin mövcud olduğunu diqqətə çatdırıb. Deyib ki, onlar bizə əvvəlki nəsillərdən qalıb və qorunma statusundadır. Hökumətin abidələrə qayğısına baxmayaraq, yenə də onların qorunması ilə bağlı müəyyən problemlər var. "Ən böyük problem uzun illər işğal altında qalmış torpaqlarımızda olan abidələrdir. Ərazilərin xeyli hissəsi minalı olduğundan onlara yaxınlaşa bilmirik. Xüsusilə arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik", - deyə o əlavə edib.

Küveytin UNESCO yanında daimi nümayəndəsi, səfir Adam Al Mulla iqlim dəyişiklikləri prosesinin sürətləndiyini, hətta müxtəlif yerlərdə sürətini üç dəfə artırdığını bildirərək deyib: "İqlim dəyişiklikləri çoxtərəfli cavab tədbirlərinin görülməsini, strategiyaların hazırlanmasını və həyata keçirilməsini tələb edir. Bu, təxirəsalınmaz şəkildə həyata keçirilməlidir. Mədəniyyətlərarası Dialoq Forumu hər kəsi iqlim dəyişiklikləri təhlükəsinə qarşı mübarizədə birləşdirir".