Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
İqtisadiyyat

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb.

“Respublika”nın Aqrar Sığorta Fonduna istinadən verdiyi məlumata görə, aprel-may ayları Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrüdür.

Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

Pomidor ölkənin bütün ərazilərində əkilir, ən çox pomidor əkinləri Xaçmaz rayonundadır. Burada 2 min hektara yaxın sahədə pomidor əkilir. Qubada 1 000 hektar, Sabirabadda 900 hektar, Şəmkirdə 1650 hektar, Ucarda 776 hektar, Kürdəmir və Biləsuvarda 600 hektar, Lənkəranda isə 1 121,3 hektar pomidor sahəsi var.

Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Təkcə 2023-cü il ərzində ölkəmiz pomidor ixracından təxminən 162 milyon ABŞ dolları məbləğində qazanc əldə edib. Son 3 ildə bu rəqəm demək olar ki, dəyişmir və pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.

Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.