Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Universal peyvənd hazırlana bilər

2019-cu ildə başlayan və bir neçə il davam edən COVID-19 pandemiyası elm adamlarını  universal peyvənd axtarışına vadar edib. Belə ki, Kaliforniya Universitetinin alimləri tərəfindən bütün viruslara qarşı universal peyvənd yaratmaq üçün strategiya hazırlanıb.

Tədqiqatçıların fikrincə, yeni peyvənd körpələr və immuniteti zəif olan insanları müxtəlif xəstəliklərdən qoruya bilər. Yeni yanaşma bədənin təbii müdafiə mexanizminə təsir edərək travmaya müqavimət göstərməsinə kömək edir. Əsas ideya mRNA-ları (mikroRNA) bloklamaqla virusa qarşı mübarizə aparmaqdır. Peyvəndi xüsusi edən isə viral infeksiyalara qarşı immun qazandıran, kiçik müdaxilə edən RNT-lərə təsir etməsidir.

İlkin təcrübələrdə vaksin laboratoriya siçanları üzərində uğurla sınaqdan keçirilib. Qeyd edək ki, hazırda alimlər sınaqlarını preklinik mərhələsində davam etdirirlər.

İnsanabənzər yeni robot təqdim edilib

"Hyundai" şirkətinə məxsus olan və robototexnika sahəsində fəaliyyət göstərən  "Boston Dynamics"  şirkəti insana bənzər "Atlas" robotu layihəsi ilə vidalaşaraq yenisini  təqdim edib. Maraqlısı odur ki, yeni robot da "Atlas" adlandırılıb.

Yeni robotun dizaynı daha öncəki "Atlas" modelindən fərqlənir. Bir qədər kiçik ölçüyə sahib olan bu robot kommersiya məqsədlərində istifadə üçün nəzərdə tutulub. "Boston Dynamics"dən verilən məlumata görə, robot "Hyundai"ın  mühəndisləri ilə birgə hazırlanıb və sözügedən şirkətin müəssisələrində test ediləcək.

Qısa video ilə texniki özəllikləri təqdim edilən robot  çox böyük mübahisələrə səbəb olub. Belə ki,  robotun başını və gövdəsini  180 dərəcə döndərə bilməsi  daha çox filmlərdə rastlaşdığımız qatil robotları xatırladır. Başı yuvarlaq və daha çox insanabənzər bədənə sahib olan "Atlas" elektrik mühərriklərinin dəstəyi ilə daha səssiz, elastik və  sürətli bir quruluşa malikdir. Həcmli və ağır görünüşünü itirən və dərisini, sözün əsl mənasında, dəyişən "Atlas",  "Apptronik Apollo", "Sanctuary AI Phoenix" və "Tesla Optimus" kimi müasir robotların dizaynını əks etdirir.

"Hyundai" elektromobil bazarında liderlik edir

ABŞ Enerji Departamentinin  hesablamalarına görə,  "Hyundai" elektromobil bazarında liderliyi ələ keçirib. Şirkətin istehsal etdiyi elektromobillər inanılmaz nəticə göstərərək  ən səmərəli avtomobillər  adını alıb.

"Hyundai" ən səmərəli yanacaq sərfiyyatına malik olan  on elektrikli avtomobildən altısına sahibdir.

Qeyd edək ki, ən səmərəli elektromobillər siyahısında liderlik edən 2024 Hyundai Ioniq 6 uzun mənzilli RWD modeli olub. Ən səmərəli elektromobillər siyahısında ilk üç marka və modellər bunlardır: 2024 Hyundai Ioniq 6 uzun mənzilli RWD, 2024 Lucid Air Pure RWD və 2024 Hyundai Ioniq 6 standart diapazonlu RWD. Siyahıya 6 "Hyundai" modeli ilə yanaşı, iki "Kia" modeli də  daxil olub. Qeyd edək ki,  ilin birinci rübündə şirkətin 18500-dən çox elektrikli avtomobili satılıb.

Kosmik Günəş elektrostansiyasının prototipi hazırlanıb

"Space Solar" şirkəti 2030-cu ilə qədər Günəş elektrostansiyası vasitəsilə milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib. Belə ki, şirkətin mühəndisləri tərəfindən  kosmosda yerləşdirmək üçün "CASSIOPeiA" adlı Günəş elektrostansiyasının kiçik ölçülü prototipi hazırlanıb.

Şirkətdən verilən məlumata görə, elektrostansiya 1600 metrlik enə sahib Günəş panelləri ilə güzgüləri birləşdirəcək. Onun Yer kürəsi səthindən 30000 kilometr yüksəklikdə quraşdırılması planlaşdırılır. Mütəxəssislərin hesablamalarına əsasən sözügedən kosmik Günəş elektrostansiyasının inşası üçün çoxlu sayda raket uçuş missiyası və inşa prosesində iştirak edəcək robotlar lazım olacaq.

Bununla yanaşı, elektrik enerjisinin daimi şəkildə təmin olunması üçün elektrostansiya mütəmadi olaraq Günəşə tərəf istiqamətlənməlidir. Yerinə yetirilməsi lazım olan digər vacib məqam isə ondan ibarətdir ki, mütəxəssislər ictimaiyyəti kosmosdan Yer kürəsinə ötürülən şüaların təhlükəsiz olduğuna əmin etməlidirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".