Bağlı qapılar arxasında cızılan bütün planlar alt üst edildi
Siyasət

Bağlı qapılar arxasında cızılan bütün planlar alt üst edildi

Son üç ilin hadisələrinə diqqət yetirəndə bir daha aydın olur ki, beynəlxalq güclərin haqsız mövqeyi və erməni təəssübkeşliyi qarşısında Azərbaycan həqiqətən tarixin gedişatını dəyişdirdi, iki əsrdə itirdiklərimiz 44 günə və üstəgəl 23 saata bərpa edildi, ərazi bütövlüyümüzə, tam suverenliyimizə qovuşduq. Güclü diplomatiyanın, Qarabağ Fatehinin qətiyyətinin, iradəsinin uğurlu nəticələri dünyanın bəzi nöqtələrində bağlı qapılar arxasında cızılan bütün planları alt-üst etdi. Tarixi qələbədən sonra işğaldan azad edilən torpaqlarda genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə başlanıldı, xalqın mənəviyyatında, ruhunda, arzularında intibah baş verdi. Bütün bunlara baxmayaraq, bəzi əhəmiyyətli məsələlər yarımçıq qalmışdı və onların həll edilməsi üçün xeyli zaman lazım idi. Lakin ölkənin siyasi-ictimai həyatında son bir il ərzində ard-arda elə hadisələr baş verdi ki, Cənubi Qafqazda nüfuz savaşı aparan güclərin belə gözləmədiyi vəziyyət çoxlarını mat qoydu, Lider qətiyyəti, fədakarlığı, doğma xalqına məhəbbəti ən uca zirvəyə yüksəldi.

2023-cü il aprel ayının 23-ü. Həmin gün Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bu, adi bir gün deyildi, 23 aprel ərazi bütövlüyümüzün tam bərpası demək idi və Azərbaycan bunu beynəlxalq hüquq çərçivəsində etdi, öz ərazisini, sərhədlərini qorumağa başladı. Əlbəttə ki, siyasi oyunların getdiyi masalarda bunu etmək böyük iradə, cəsarət, əzmkarlıq tələb edirdi. Hər şey dəqiq ölçülüb-biçilmişdi, Azərbaycan ona edilən təzyiqlərə baxmayaraq, bu iradəni, cəsarəti, gücü bütün dünyaya nümayiş etdirdi. Məğlub edilmiş Ermənistan havadarlarının təhriki ilə cığallıq edir, üzərinə götürdüyü öhdəliklərdən yayınırdı. Qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, revanşist çıxışlar edirdilər. Bütün bunlara baxmayaraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə, Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ölkəmizin sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyət idi. Həmin günə qədər isə dünyada bir çox proseslər baş verdi və sərhəd-buraxılış məntəqəsinin yaradılması hansı zərurətdən yarandı sualı da cavabsız qalmadı.

Qısa xronologiyaya nəzər salaq. 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusunun bölmələri 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu 28 ildən sonra bir güllə atılmadan işğaldan azad edildi və bundan əvvəl, noyabrın 9-da isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni, igidlər yurdu Laçın barədə ermənilərin və onların havadarlarının xəbis niyyətini qəhrəman Azərbaycan ordusu alt-üst etdi, hərbi və diplomatik yolla rayon işğaldan azad edildi. İlk vaxtlar Laçın şəhərindən keçən yol Rusiya sülhməramlılarının nəzarət zonasında qaldı. Ermənilər həmin yoldan gecə-gündüz istifadə edir, Xankəndidə və ətraf ərazilərdə qalmış işğalçı ordu hissələrinə silah-sursat daşıyırdılar. Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yeni yolun inşası öz əksini tapmışdı. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol nəzərdə tutulduğundan iki il tez istifadəyə verildi. Laçın dəhlizinə alternativ olan və Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanır və Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir. Birmənalı şəkildə aydın oldu ki, artıq Laçın dəhlizi mövcud deyil, yeni Laçın yolu istifadəyə verilib.

Ermənilərin yüz ildən çox cəhd etdikləri kirli və çirkin plan iflasa uğradı. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı".

Ermənistan imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edirdi. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə edirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: "Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır".

Qeyd etmək lazımdır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısının alınmasında müstəsna əhəmiyyətə malik idi. Eyni zamanda Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyırdı. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək Ermənistanın Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etməsi bir daha göstərir ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğun idi. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. Lakin nə Ermənistan, nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradırdılar. Fransanın "humanitar yardım" adı ilə həyata keçirdiyi növbəti təxribat da baş tutmadı. Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmadı və "humanitar yüklü" 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən "Spayka" avtomobillərinin sırasında qaldı.

Analitiklər hesab edilər ki, Laçın dəhlizi adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib: "Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi".

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması dövlətçilik tariximizin mühüm səhifələrindən biridir. Ölkəmizin suveren hüququ və suverenliyinin təsdiqi hesab edilən bu addım Ermənistanın separatçı əməllərinə təqdirəlayiq cavab idi. Bir daha qeyd edək ki, Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Zəfərdən ötən müddətdə Ermənistan acı məğlubiyyətinin əvəzini müxtəlif yollarla çıxmağa çalışır, ekologiyamıza zərbə vurur, təbii sərvətlərimizi qanunsuz istismar edirdi. 2022-ci ilin dekabr ayında Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəallar, könüllülər və media nümayəndələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına qarşı dinc etiraz aksiyasına başladılar. Həmrəylik və birlik nümayiş etdirən ekofəalların gecə-gündüz, isti-soyuq demədən mübarizəsi və qanuni tələbləri nəticəsində Laçın-Xankəndi yolunda nəzarət de-fakto Azərbaycan tərəfindən həyata keçirilirdi. Ermənistan bu müddətdə dövlətimizə qarşı qarayaxma kampaniyası aparır, guya, "Laçın yolu blokadadadır", "Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı genosid törətməyə hazırlaşır" kimi yalançı bəyanatlarla beynəlxalq ictimaiyyəti çaşdırır, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olurdu. Lakin ilk gündən Laçın yolu bağlanmamış, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçmişdir.

Bununla belə, keçmiş xunta rejiminin Xankəndidə toplanmış "Təhlükəsizlik Şurası"nda "aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratması Qarabağ ermənilərinin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi deməkdir" kimi bəyanatları, humanitar problemlərin həllinə "canıyananlıq"la yanaşmaları onların ikiüzlü siyasətinin növbəti təzahürü idi. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Ermənistanın ən yaxın himayədarı Fransa bunu "pisləyən" bəyanat verdi, ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel qeyd etdi ki, ABŞ Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır. Ölkə başçısının "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik" fikirləri öz təsdiqini Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsində Azərbaycanın üçrəngli bayrağının qaldırılması ilə tapdı.

Salman ALIOĞLU,

"Respublika".