Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rolu qeyd olunub.

Valentina Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayıb, həmçinin böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini diqqətə çatdırıb.

Federasiya Şurasının sədri, ölkələrimizin münasibətlərinin inkişafında qanunverici orqanların da rolunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan qurtardıqdan sonra Ermənistana münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladıb. Rəsmi İrəvan isə Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib. S.Qafarova nəticədə Azərbaycan bu ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib.

O diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir, sülh müqaviləsinin imzalanması regionda davamlı sabitliyin, təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq. Təəssüf ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Parlamentin sədri bəzi dövlətlərin Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.

Sahibə Qafarova ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin mövcud vəziyyəti barədə də fikirlərini bölüşüb.

İki ölkə arasında parlamentlərarası münasibətlərə də toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.