Multiregionallıq: diplomatiyamızın uğurları
Siyasət

Multiregionallıq: diplomatiyamızın uğurları

Bu, həm də dövlət başçısının düşünülmüş, strateji hədəfləri aydın olan xarici siyasət kursunun nəticəsidir

Multiregionallıq. Azərbaycan Prezidentinin son dövrlər həyata keçirdiyi fəal xarici siyasət kursunda məhz bu amil daha qabarıq görünür. Yəni dövlət başçısının xarici siyasəti müxtəlif regionları əhatə edir. Adətən ölkələr bir region çərçivəsində ikitərəfli, bəzən çoxtərəfli formatlar kontekstində adi diplomatiya yürüdür. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir. Dövlət başçısının beynəlxalq səviyyədə artan nüfuzu, qazandığı uğurlar bu amillərə söykənir. Həmin uğurların zirvəsində isə Vətən müharibəsindəki tarixi Qələbəmiz dayanır. Azərbaycan o zirvəyə düz 30 il addım-addım irəlilədi. 20 illik prezidentliyi dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza ataraq gələcək böyük qələbəmiz üçün zəmin yaratdı.

Azərbaycanın multiregional siyasəti, qurduğu yeni ikitərəfli və çoxtərəfli əlaqələr ölkəmizə geniş coğrafiyada öz maraq və mənafelərini müdafiə etmək üçün əlverişli şəraiti təmin edir. Ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir. Məsələn, 2022-ci ildə beynəlxalq Frankofoniya Təşkilatının aparıcı qüvvəsi olan Fransa Ermənistanla birlikdə bu təşkilatın son toplantısında Azərbaycana qarşı öz çirkin niyyətlərini reallaşdıra bilmədi.

Dövlət başçısının fəal xarici siyasəti Vətən müharibəsində qazandığımız Zəfərin nəticələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir, o, fərqli dövlət və güc mərkəzləri ilə fəal, səmərəli münasibətlər quraraq milli maraqlarımızı reallaşdırır.

Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun rəsmən istifadəyə verilməsi, Praqa, Sankt-Peterburq səfərləri, keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, o cümlədən Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı və çıxışı onun milli maraqlarımızın qorunması, həyata keçirilməsi və inkişafı naminə qət etdiyi yolun məntiqi davamı kimi atılan addımlardır.

Azərbaycanın Türk dövlətləri ilə tərəfdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıqdan inteqrasiyaya keçid, Türk Dövlətləri Təşkilatının inkişafı, güclənməsi istiqamətində xüsusi yeri və rolu var. Azərbaycan-Türkiyə münasibətləri isə bu gün özünün pik nöqtəsindədir. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmiş, 2020-ci ildə Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində, bir əsrdən çox müddətdə Qarabağda kök salmış separatizmin kökünün kəsilməsində diplomatik və mənəvi-siyasi dəstək göstərmişdir. Bununla bağlı Prezident İlham Əliyev 2020-ci il oktyabrın 9-da "CNN International" televiziya kanalına verdiyi müsahibəsində demişdi: "Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı".

Hazırda dünyada beynəlxalq sistemin formalaşma prosesi gedən nöqtələrdən biri Orta Asiyadır. Bu region təkcə türkdilli respublikalarla zəngin deyil, dünyanın ən vacib enerji bazası, Çinə, Hindistana, Rusiyaya, İrana və digər məntəqələrə uzanan nüfuz qurşağını, mühüm ticarət yollarını təşkil edir. Azərbaycan isə bu yolun tən ortasında - Asiyadan Avropaya keçiddə yerləşir. Bu mənada, Orta Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi önəmlidir.

Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv dövlətlərlə əməkdaşlığı da dövlət başçısının dünya miqyasında nüfuzunun, ona olan ehtiramın əyani təsdiqidir. Azərbaycanın ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələrini inkişaf etdirməsi, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində önəmli yer tutmasında böyük əhəmiyyət kəsb edir.

XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan "İpək Yolu" (TRASEKA) layihəsinə əlavə dəstək olaraq ölkəmizin təşəbbüsü - liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır. Azərbaycan Prezidenti BTQ-nin əhəmiyyəti barədə deyib: "Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək Yolu" deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir".

Azərbaycanın müxtəlif regionlarla, ölkələrlə, təşkilatlarla qarşılıqlı əlaqələrini inkişaf etdirməsini gözü götürməyənlər də var. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına, sülh prosesinin davam etdirilməsinə maneə yaradır, ölkəmizə qarşı haqsız ittihamlar irəli sürür, görmədiyi iş üçün onu "cəzalandırmağa" çalışırlar. O qüvvələr arasında Fransa və ABŞ daha çox fərqlənir. Fransa bir qədər də irəli gedərək Ermənistanı silahlandırır.

Ölkəmizin multiregionallıq siyasəti çərçivəsində Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin keçirdiyi videokonfransda 3 dövlət arasında əməkdaşlığın strateji cəhətdən önəmli məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın siyasi coğrafiyanı müsbət dəyərləndirməklə yanaşı, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərdən, eləcə də Əfqanıstandan böyük dəstək alması da xüsusi qeyd edilib. Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsləri, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı istiqamətində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

Bütün bunlar isə diplomatiyamızın uğurları, Azərbaycan Prezidentinin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədli şəkildə, ardıcıl həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir.

Zümrüd QURBANQIZI,

"Respublika".