Yaxşı iş üz ağardar
Region

Yaxşı iş üz ağardar

Son illərdə rayonlarda pambıq bitkisinin əkininə maraq daha da artıb və bu da səbəbsiz deyil. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalı ilbəil artır.

Respublikamızın iri pambıqçılıq rayonundan olan İmişlinin "ağ qızıl" ustaları ötən illərdə olduğu kimi, cari ildə də çiyid səpinini mütəşəkkil aparırlar. Fermerlər bu il daha çox məhsul əldə etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Hazırda tarlalarda qızğın iş gedir. Pambıqçılıqda uğur qazanmış İmişli rayonunun Aranlı kəndində yaşayan fermer Mehman Əliyev deyir:

- Uzun illər boyu az qala unudulan pambıqçılıq dövlət başçımız cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində nəhayət, yenidən bizim dədə-baba məşğuliyyətimizə çevrildi. İndi "ağ qızıl", sözün əsl mənasında, kəndçinin çörək, ruzi-bərəkət mənbəyidir. Pambıqçılıqla məşğul olmaq ənənəsi bizim ailəyə atamdan miras qalıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə atam uzun müddət pambıqçılıq üzrə təsərrüfat rəhbəri işləyib. Ailəmizdə olan söhbətlərdən mənə məlum olurdu ki, yaşadığımız İmişli rayonunun Aranlı kəndindəki keçmiş "Lenin" adına kolxoz təkcə rayonda yox, respublikamızda qabaqcıllar sırasında olub. Ona görə də Heydər Əliyev pambıq mövsümü vaxtı rayonlara səfəri zamanı İmişli rayonuna, bizim yaşadığımız Aranlı kəndinə bir neçə dəfə gəlib. Pambıq sahələrində zəhmətkeşlərlə çəkdirdiyi xatirə şəkilləri bir çox evləri bəzəyir və unudulmaz xatirə kimi qorunub saxlanılır.

Bir neçə ildir ki, ailə üzvlərimlə birlikdə pambıq əkib-becəririk, demək olar ki, əldə etdiyimiz gəlir bizi təmin edir. Bu il də 44 hektar sahədə çiyid səpini aparırıq. "P-AQRO" MMC ilə müqavilə bağlamışam. Texnika sarıdan heç bir çətinliyimiz yoxdur, anbarlarımızda çiyid, gübrə və dərman ehtiyatları mövcuddur. Biz əsasən qardaş Türkiyədən gətirilmiş "Bəyaz Altun" 440 və "Lazer" məhsuldar toxum sortlarından istifadə edirik. Fermer sonra bildirdi ki, Prezidentimiz İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olanlar ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış və bu sahə üzrə Dövlət Proqramı qəbul olunmuşdur.

Fermerlər onlara yaradılan bu münbit şəraitə və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, gələcək bol məhsulun möhkəm bünövrəsi artıq qoyulmaq üzrədir. Havalar əlverişli keçsə bu il yüksək məhsul əldə etmək mümkün olacaq. Yaxşı iş həmişə üz ağardar, torpağa yaxşı qulluq edəndə birəbeş əvəzini qaytarar.

Ərəstun ABDULOV,

"Respublika".