ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT
Region

ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT

Tərtər

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Novruz bayramı ərəfəsində Kəngərli kənd sakini, yeni övladı dünyaya gəlmiş şəhid Qənbərli Qənbərin qardaşı, 3-cü qrup Vətən Müharibəsi qazisi Qənbərli Qorxmaz Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına geyim və qiymətli hədiyyə təqdim edib.

Qeyd edək ki, Qorxmaz Qənbərli Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Qazimizin şəhid qardaşı Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətindəki döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vəli VƏLİYEV,

"Respublika".

Naftalan

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilir.

Bu gün həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsində müqəddəs zirvəyə ucalan bütün şəhid ailələri, qazilərimiz qayğı ilə əhatə olunub. Torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi, YAP Naftalan Təşkilatının sədri və digər məsul əməkdaşlar Novruz bayramı münasibətilə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisindən olan şəhid ailələrini ziyarət ediblər. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Ziyarət zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayaraq, bütün gənclərə örnək olduğu vurğulanıb. Şəhər icra hakimiyyəti tərəfindən ailələrə bayram sovqatı təqdim edilib. Şəhid ailələri dövlətimiz tərəfindən diqqətlə əhatə olunduqları üçün ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".