Human Rights Watch Almaniyanı anti-müsəlman hərəkatına qarşı mübarizə aparmağa çağırır
Dünya xəbərləri

Human Rights Watch Almaniyanı anti-müsəlman hərəkatına qarşı mübarizə aparmağa çağırır

Human Rights Watch (HRW) Almaniyada artan irqçi hücumlara və cinayətlərə diqqət çəkərək, Almaniya hakimiyyətini anti-müsəlman hərəkatına qarşı mübarizə üçün daha güclü tədbirlər görməyə çağırıb.

"Respublika" "Anandolu Agentliyi"nə istinadən xəbər verir ki, HRW-nin rəsmi internet saytından verilən açıqlamada Almaniya hökumətinin müsəlmanları və irqçiliyə məruz qalan insanları qoruya bilmədiyi açıqlanıb. 

Bəyanatda bildirilib ki, bu cür hadisələr qarşısında hökumət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər və cəza tədbirləri kifayət deyil, anti-müsəlman əhval-ruhiyyəsi müəyyən edilməmiş olaraq qalır, narazılıqların aradan qaldırılması üçün lazımi işlərin görülməməsi və rəsmi məlumatların kifayət qədər olmaması müsəlmanların hücumlara məruz qalmasına təkan verir. 

Bəyanatda xatırladılıb ki, beynəlxalq müqavilələrə görə hökumət müsəlman icmalarını qorumağa borcludur.

Qeyd edək ki, 84 milyondan çox əhalisi olan Almaniya Qərbi Avropada Fransadan sonra ən çox müsəlman əhalisi olan ikinci ölkədir. Rəsmi məlumatlara görə, Almaniyada təxminən 5 milyon müsəlman yaşayır.

Töhfə SƏMƏDOVA,

"Respublika".