İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Bakı şəhəri dünyanın "İdman paytaxtı" seçilib

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Paytaxtımız bu statusa beynəlxalq təşkilatın rəsmi məktubuna əsasən layiq görülüb. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən işlər yüksək qiymətləndirilib. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Üzgüçülərimiz 9 medal qazanıblar

Rusiyanın Kazan şəhərində mayın 3-dən 5-dək keçirilən üzgüçülük üzrə "Rektor Kuboku"nda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar.

Yarışın ilk günündə milli komandamızın üzvlərindən Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar. Növbəti gün isə Əbdürrəhman Rüstəmov 100 m batterflay üsulunda 2-ci yer, 200 m qarışıq üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər tələbə idmançılardan Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medala layiq görülüb, Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200 m qarışıq üsulda isə 3-cü yerə sahib olublar.

Uğurlu çıxış

Mayın 1-dən 5-dək Rusiyanın Moskva şəhərində "Maksima Stables" atçılıq klubunda atçılığın dresaj növü üzrə cavan atlar (5-7 yaş) və böyük əsas atlar arasında Qələbə kubokunun finalı keçirilib.

Azərbaycan idmançısı Aydın Əlibəyov cavan atlar arasında keçirilən yarışda 4 qızıl medal qazanıb.

Güləş hakimlərimiz beynəlxalq kateqoriyaya yüksəlib

Azərbaycanın güləş hakimləri növbəti uğura imza atıblar. Rumıniyadakı imtahanların yekunlarına əsasən, Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli hakim statusuna yiyələniblər.

Bununla da geniş iştiraklı hakimlərin sayı 25-ə çatıb. Qeyd olunur ki, hazırda Azərbaycanın IS dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimi var.

Nərgiz İSMAYILOVA,

"Respublika".