28-ci Bakı Enerji Forumu
İQTİSADİYYAT

28-ci Bakı Enerji Forumu

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Bakı Enerji Forumunun "Yaşıl hidrogen və xalis sıfır emissiya" sessiyasında sədrlik edərək əsas məruzəçi qismində çıxış edib. Bu barədə 3 iyun qurumdan verilən məlumatda bildirilir.

"Azərbaycanın Bərpa Olunan Enerji Sektorunun İnkişafında Yaşıl Hidrogenin Rolu" təqdimatı ilə çıxışda yerli proqramlar və strategiyalar, hidrogen enerjisinin inkişafı ilə bağlı yaradılmış işçi qrupunun fəaliyyəti, beynəlxalq şirkətlərlə əməkdaşlıq və imzalanmış layihələrdən bəhs edilib.

Sessiyada Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı nəzərə alınmaqla yaşıl hidrogenin dənizdə külək və digər bərpa olunan enerji layihələri ilə mümkün inteqrasiyası nəzərdən keçirilir.

Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Advisian” məsləhətçi şirkət tərəfindən hazırlanan “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması” hesabatı təqdim olunub.

Panel müzakirələrində həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Masdar, ACWA Power, Ansaldo Green Tech və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin çıxışları dinlənilib.

“Respublika”.