Siyasət

"3+3" = faydalı əməkdaşlıq

"3+3" formatı əməkdaşlıq platformasıdır. Bu platforma regionda iqtisadi, kommunikasiya və humanitar əlaqələr qurmaq məqsədi daşıyır. Təklif olunan bu regional əməkdaşlıq mexanizmi Cənubi Qafqazın üç ölkəsini (Gürcüstan, Ermənistan və Azərbaycan) və onların üç böyük qonşusunu (Türkiyə, Rusiya və İran) əhatə edir.

Gürcüstan istisna olmaqla, regionun digər ölkələri bu platformanı dəstəkləyir. Bu formata daxil olan ölkələr tarixən, coğrafi, iqtisadi və mədəni baxımdan bir-biri ilə bağlı olublar. "3+3" formatı regionda davamlı sülh və sabitliyin təmin edilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz regionunda yaradılmış yeni reallıqlar üçün geniş imkanlar açır.

Bu əməkdaşlıq formatının təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Platformanın yaradılması təşəbbüsü Vətən müharibəsinin başa çatmasından az sonra irəli sürülüb və fərqli reaksiyalarla qarşılanıb. Hər bir mövzuda Azərbaycanla birlik nümayiş etdirən qardaş Türkiyə ölkəmizin bu təşəbbüsünə də tam dəstəyini ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk günlərdən qeyd edib ki, "3+3" formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Qafqazda "3+3" platformasına dəstək verilməsi ideyasına soyuq yanaşıb. Müxtəlif bəhanələrlə, formatın fəaliyyətini aşağı qiymətləndirib. Tbilisiyə səfərinin məqsədi haqda danışan müdafiə naziri "iki ölkə arasında yaxşı tərəfdaşlıq münasibətlərinin olması ilə bağlı mesaj vermək istədiyini" qeyd edib. Ostin gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşündən sonra keçirdiyi brifinqdə bildirib: "Gürcüstan bizim üçün kritik əhəmiyyət daşıyan regiondur və mən ona görə buradayam ki, Gürcüstanı, bütün dünyanı bizim gözəl münasibətlərimizin olduğuna əmin edim". ABŞ müdafiə naziri Gürcüstana dair ölkəsinin yeni "Gürcüstanın müdafiəsi və çəkindirmə" təşəbbüsü haqda da məlumat verib. Bu təşəbbüsün ABŞ-ın müdafiə departamenti üçün önəmini diqqətə çatdırıb.

Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında verdiyi müsahibəsində "3+3" formatı haqqında danışarkən qeyd edib: "Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir".

Cənubi Qafqaz regionu strateji cəhətdən qlobal kəsişmə nöqtəsi və böyük güclərin maraqlarının ənənəvi toqquşma qovşağıdır. Region son illərdə Qarabağ müharibəsi, Gürcüstanda daxili dəyişikliklər və Rusiya-Ukrayna müharibəsi kimi dəyişikliklərə məruz qalıb. Qərb isə regionun problemlərinin həllinə dəstək olmaq üçün "faydalı" təşəbbüslərini əksik etməyib. Qərbin Cənubi Qafqaza fərqli yollarla müdaxilə etmə səyləri uzun illərdir ki, davam edən bir prosesdir.

Bütün bu regiona müdaxilə cəhdlərinin kontekstində "3+3" regional əməkdaşlığının önəmi bir daha ortaya çıxır. Oktyabrın 23-də Tehranda İran, Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin "3+3" formatında görüşü keçirilib. Burada siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilib, o cümlədən Ermənistanla Azərbaycan arasında əlaqələrin inkişafı mövzusu da müzakirə olunub. Görüşün yekunlarına dair birgə bəyanatda platformanın növbəti iclasının Türkiyədə keçiriləcəyi bildirilib.

Platforma həm də iştirak edən ölkələr arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın artırılması, bölgə əhalisi üçün daha çox ticarət, investisiya və iş imkanlarının yaradılması və s. baxımından da əhəmiyyətlidir. Onu da qeyd edək ki, "3+3" formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu da sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanlarının geniş olmasının göstəricisidir. Bundan əlavə, format regional əlaqələrdə, dialoq və əməkdaşlığın təmin edilməsi ilə gərginliyin azaldılmasına və regionda sabitliyin təşviqinə kömək edəcək. Həmçinin "3+3" platforması regionun enerji və nəqliyyat layihələri üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa və Asiya arasında daha sıx əlaqə yarada bilər ki, bu da region üçün faydalıdır. Nəhayət, format daha geniş regional əməkdaşlığa və özünü təmin etməyə səbəb olmaqla bölgədə xarici güclərin təsirinin azalmasına gətirib çıxaracaq. Yeni geosiyasi dəyişikliklər fonunda "altılıq" formatında əməkdaşlıq mexanizmi perspektivli görünür və işlək formata çevrilir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".