MÜLAHİZƏLƏR, RƏYLƏR
Siyasət

MÜLAHİZƏLƏR, RƏYLƏR

QƏRBIN CƏNUBI QAFQAZLA BAĞLI PLANLARI VƏ ERMƏNISTANIN BUNA ALƏT OLMASI

Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda keçirilən VIII Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışı geniş müzakirələrə səbəb olub. Qərbin dünyada ticarət və maliyyə əlaqələri sistemini dağıtdığını deyən Rusiya Prezidenti Afrikada törədilən cinayətlər barədə də danışıb. Daha sonra jurnalistin Azərbaycan-Ermənistan arasında olan münaqişə barədə sualını isə özünəməxsus tərzdə cavablayıb. Belə ki, V.Putin 2020-ci ildə baş verən müharibə barədə bəzi detalları açıqlayıb və Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası prosesinin "yumşaq" keçməsində maraqlı olduğunu qeyd edib. Siyasi şərhçilər Putinin çıxışında bəzi nüanslar barədə öz fikirlərini bildiriblər.

HAYASTAN "ALTILIQ FORMATI"NIN PRINSIPLƏRINƏ XƏLƏL GƏTIRIR

Siyasi şərhçi Tofiq Abbasov belə hesab edir: "Putin sətiraltı bildirib ki, Ermənistanın siyasi rəhbərliyi qərbi cidd-cəhdlə bölgəyə gətirmək niyyəti güdür. Yəni burada söhbət yalnız ABŞ və Ermənistan arasında olan hərbi təlimlərdən deyil, həm də Avropa İttifaqının sayı durmadan artan müşahidəçilərindən gedir. Ermənistanda Qərb tərəfindən yeni postlar təşkil etməyə və onların saylarını artırmaqla məsələyə təsir dairəsini genişləndirməyə çalışırlar. Faktiki olaraq Qafqaz bölgəsində altı ölkə var. Prezident İlham Əliyev müharibə bitdikdən sonra Ermənistanın kənar qüvvələri bölgəyə gətirməsinə fikir olaraq bildirmişdi ki, rəsmi İrəvan "Altılıq formatı"nın prinsiplərini şübhə altına qoyur. İlham Əliyev müharibədən dərhal sonra "Altılıq formatı"nı təklif etdi və bir qayda olaraq münasibətlər tarazlaşmağa doğru yön aldı. Lakin Ermənistan, daha dəqiq desək, Paşinyan bu "Altılıq formatı"na xəyanət etdi. O vaxta qədər Rusiyanı strateji tərəfdaş adlandıran rəsmi İrəvan indi artıq deyir ki, Qərb də bizim tərəfdaşımızdır. Burada, əlbəttə ki, Rusiyanın Ukrayna istiqamətindəki problemli vəziyyətinin də Paşinyanı Qərbə sövq etdiyini bildirmək olar. Siyasi imici zəifləyən Moskvadan daha çox imtiyaz əldə etmək istəyən Ermənistan zaman keçdikcə özü də başa düşmədən qərbin oyuncağı olmağa başladı. Qərbə əlbəttə ki, Ermənistan lazım deyil. Ona lazım olan Ermənistanın coğrafiyasıdır ki, orada möhkəmlənsin və platforma yaratsın və İrana, Türkiyəyə, Rusiyaya qarşı təzyiqini artırsın. Ermənistan rəhbərliyi də hələlik bu müstəvidə qeyri-müəyyən xətt yürüdür.

O ki qaldı qərb dövlətlərinin Afrikadakı oyunbazlığına və vəhşiliyinə, əlbəttə ki, bu neomüstəmləkəçilik siyasətinin bariz göstəricisidir. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edən Prezident İlham Əliyev öz çıxışında qısaca bildirdi ki, yeni dünyada müstəmləkəçiliyə qəti yer yoxdur. Mən özüm də konfransda iştirak etmişdim və orada çıxış edən Yeni Kaledoniya, Martinikanın, Vanuatu kimi ölkələrin nümayəndələri bildirdilər ki, Fransa və eləcə də digər qərb ölkələri yenidən köhnə siyasətlərinə qayıtmaqla öz müqəddəratını həll etmiş xalqlara yeni problemlər yaradırlar və belə gedərsə, bu xalqlar öz hüquqları uğrunda mübarizəyə qalxacaqlar. Bu baxımdan, Azərbaycan daima müstəmləkəçilik siyasətini pisləyib".

PROSESLƏRI LƏNGITMƏ CƏHDLƏRININ QARŞISI ALINIR

Siyasi şərhçi İlyas HÜseynov Putinin çıxışındakı vacib nüanslara toxunub: "Rusiya Prezidenti Vladimir Putin Vladivostokda İqtisadi Forumda çıxışı zamanı Cənubi Qafqazdakı proseslərə də toxunub və burada bir sıra diqqətçəkən məqamlar var. Xüsusilə, biz Ermənistan-Rusiya münasibətlərində soyuqlaşmanı hiss edirik. Bununla bağlı nəhayət ki, Putin də öz münasibətini bildirdi. Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması Rusiya tərəfindən diqqətlə izlənilir. Hazırkı dövrdə geopolitik vəziyyət çox tez dəyişir. Burada Rusiya-Ukrayna münaqişəsinin də təsiri mövcuddur. Digər tərəfdən qeyd etməliyik ki, Cənubi Qafqaza sülh gəlməli, iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalı, sərhədlərin delimitasiya və demarkasiyası aparılmalı və yekun sülh müqaviləsi imzalanmalıdır. Lakin görürük ki, Ermənistan müxtəlif geopolitik mərkəzləri regiona dəvət edir. Bunu həm təşkil olunan səfərlər, həm də keçirilən hərbi təlimlər vasitəsilə müşahidə edirik. Bu da bölgədə vəziyyəti daha da gərginləşdirir. Maraqlıdır ki, Rusiyadan qopmağa çalışan Ermənistan hər zaman son anda Rusiyadan imdad diləyir. Artıq Putinin fikirlərində də müəyyən mənada rəsmi Moskvanın nə düşündüyünü görə bilirik. Bundan əvvəl "Valday" Beynəlxalq Diskussiya Klubunda da Putin təqribən oxşar fikirləri səsləndirmişdi. Amma nəticə etibarilə Azərbaycanın prinsipial məsələlərdə mövqeyi dəyişməz olaraq qalır: ərazi bütövlüyü və suverenlik məsələsi bizim üçün qırmızı xətdir. Qarabağ da daxil olmaqla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Burada Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlərin şişirdilməsi sırf manipulyativ xarakter daşıyır və əlbəttə ki, prosesləri tormozlamaq üçün atılan addımdır. Düşünürəm ki, bunun qarşısı bundan sonra da alınacaqdır".

ÇIRKIN SIYASƏTIN VASITƏÇISI

Ekspert, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal BƏŞirov Rusiya Prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunda çıxışının ciddi rezonans doğurdunu bildirib: "Bu, xüsusilə də Ermənistan ictimaiyyətində ciddi ajiotaja səbəb oldu. Ermənistana aid olan sosial şəbəkə istifadəçiləri hazırda bu fikirləri müzakirə etməkdədirlər. Putin çıxışında bir sıra ciddi reallıqları dilə gətirdi, hansılar ki, dövlət başçıları tərəfindən müzakirə edilib. Bu da hazırkı dönəmdə Ermənistan cəmiyyətində anti-Rusiya təbliğatının məntiqi cavabı idi. O, keçmiş münaqişə ilə bağlı bəzi məqamlara diqqət çəkdi. Qarabağ məsələsinin Ermənistan tərəfindən müəyyən edilməsini əslində Vladimir Putin ritorik qaydada dilə gətirdi. Yəni Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistana aid olmadığını, Ermənistan dövləti tərəfindən müəyyən edilməsi məsələsini dilə gətirərkən əslində Putin keçmiş münaqişə zamanı da, ondan sonra da qondarma rejimin, hətta Ermənistan dövləti tərəfindən belə tanınmaması məqamlarına işarə etmiş oldu. Vladimir Putin bir daha diqqətə çatdırdı ki, əgər Ermənistan özü Qarabağı Azərbaycanın ərazisi hesab etdiyini bildiribsə, münaqişədən əvvəlki dönəmdə də Qarabağın "müstəqil" olmasını tanımayan Ermənistan dövləti hazırkı məqamda heç bir digər tərəfi, o cümlədən də Rusiyanı ittiham edə bilməz. Mən düşünürəm ki, əslində bu proseslər bir daha ondan xəbər verir ki, Rusiya Ermənistanı cəzalandırmaq istəyir. Təbii ki, bunu müxtəlif istiqamətlərdə, o cümlədən də keçmiş münaqişə ilə bağlı sülhməramlı missiyanı üzərinə götürməklə həyata keçirməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra çox təəssüflər olsun ki, bəzi məqamlarda bizim öz cəmiyyətimizdən belə bir fikirlər eşidirik ki, Qarabağ və eyni zamanda işğal altında olan digər ərazilər Rusiya tərəfindən Azərbaycana verildi və yaxud Rusiya şərait yaratdı ki, Azərbaycan öz torpaqlarını qaytarsın. Bu kimi fikirlərin əsassız olmasını Azərbaycanın keçmiş münaqişəni öz gücünə, öz ordusunun, öz şanlı əsgərinin və zabitinin gücünə qaytarması bir daha qətiyyətlə sübut edir. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı işğaldan azad etməsi ilə bağlı məqamlar və onun məntiqi davamı olan bərpa-quruculuq və Böyük Qayıdış layihələri bu gün çox aydın şəkildə gözümüzün önündə canlanır.

Ermənistanın baş naziri Nikol Paşinyanın ikibaşlı siyasəti gah Qərbə, gah da Moskvaya meyillənmə imkanları artıq məhdudlaşır və həmin o qüvvələr açıq şəkildə Ermənistana təzyiq göstərirlər ki, bir yöndə siyasət yürütsün. Yəni ya Qərb, ya Rusiya yönümlü. Və Ermənistan bunlardan birini seçdiyi təqdirdə, digərinin qurbanına çevriləcək. Ermənistan dövlətinin bu gün o imkanları yoxdur ki, o, müstəqil siyasət yürütsün.

2021-ci ilin yayında Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi zamanı müşahidə etdik ki, revanşist qüvvələr, hansılar ki, Nikol Paşinyana rəqib idilər. Onların nüfuzu, ümumiyyətlə sıfıra bərabər oldu. Nikol Paşinyanın müharibədə məğlub olmasına və eyni zamanda kapitulyasiya aktının imzalanmasına rəğmən Ermənistan cəmiyyəti ona səs verməyi üstün tutdu. Erməni xalqı Serj Sarkisyan, Robert Koçaryan və digər cinayətkar ünsürlərə səs vermədi. Buna görə də reallığı nəzərə alaraq deyə bilərik ki, Rusiya hazırkı mərhələdə Nikol Paşinyanın nüfuzdan salınması istiqamətində prosesi reallaşdıracaq. Daha sonra təbii ki, gələcəkdə əgər bu proses uğurla davam edəcəksə, Nikol Paşinyanın hakimiyyətdən getməsi yönündə də səylər artacaq. Təbii ki, bu, bir neçə ay və bir neçə il də çəkə bilər...

O ki qaldı Rusiyanın Afrikada Qərb ölkələrinin cinayəti ilə bağlı fikirlərə, təbii ki, bu artıq bütün dünyada bəlli olan bir tarixdir və Rusiya lideri Afrikada Fransanın, Belçikanın və digər müstəmləkəçilik siyasəti həyata keçirməyə cəhd göstərən dövlətlərin cinayətlərinə toxunub. Çox təəssüflər olsun ki, dünyada sülh, əmin-amanlıq, təhlükəsizlik, demokratiya, insan hüquq və azadlıqlarını dilə gətirən və bu istiqamətdə addım atdıqlarını iddia edən dövlətlərin qısa keçmişlərinə nəzər salanda onların hansı cinayətlər törətdiklərinin və hətta bundan utanmadıqlarının belə şahidi oluruq".

T.SADIQOV,

"Respublika".