ABŞ-da koronavirusun yeni ştamı sürətlə yayılır
Siyasət

ABŞ-da koronavirusun yeni ştamı sürətlə yayılır

Ötən illərə nisbətən təsir dairəsi azalmış COVID-19 virusunun yeni variantının aşkarlanması ilə dünyada yenidən həyəcan təbili çalınır. Xüsusilə ABŞ-da bu məsələ təşviş yaradıb.

Belə ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata əsasən ölkədə COVID-19-a gündəlik yoluxmanın təxminən 44 faizi yeni ştamın payına düşür. Əvvəlki hesablamalara əsasən bu göstərici 21,4 faiz olub. Mərkəzin açıqlamasında qeyd olunur ki, virusun JN.1 variantına xüsusilə Nyu-Cersi, Nyu-York kimi şimal regionlarında daha çox təsadüf edilib. Bu ərazilərdə 67 faiz yeni ştama yoluxma qeydə alınıb. JN.1 ştamı mərkəzin bu ilin avqustundan qeydə aldığı və izlədiyi BA.2.86 variantına yaxındır. Xatırladaq ki, yeni ştam ABŞ-da bu ilin sentyabrında aşkar edilib.

COVID-19 virusunun yeni ştamının yüksək yoluxma qabiliyyətinə malik olması cəmiyyətdə xaotik vəziyyət yarada bilər. Son vaxtlar COVID-19 virusunun yeni ştamlarının aşkarlanması bunu deməyə əsas verir. Mutasiyaya uğrayaraq yeni variantların meydana çıxması virusun təsirinin hələ bundan sonra da artacağına işarədir. Qeyd edək ki, bu cür infeksiyalara yoluxma payız-qış aylarında daha da artır, yaz-yay aylarında isə nisbətən zəifləyir. Virusun yeni JN.1 ştamı da yüksək yoluxma qabiliyyətinə malikdir. Ştamın tam xüsusiyyəti hələlik bəlli deyil, lakin yayılma sürətinin digər viruslara nisbətən daha çox olduğu bildirilir. Ştamın sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkib. ÜST ABŞ-da COVID-19-un JN.1 variantına yoluxmanın son həftələrdə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxan şəxslərin xəstəxanada müalicəyə götürülmə sayında 10,4%-lik artım müşahidə olunur.

Qlobal təhdid kimi COVID-lə mübarizədə bir sıra əngəllər günümüzdə də özünü büruzə verir. ÜST JN.1 ştamının dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bildirib. Yeni ştamın bu cür sürətlə yayılması ona işarədir ki, sadalanan ölkələrdə vətəndaşlar arasında, xüsusilə amerikalılar vaksinasiya məsələsinə qeyri-ciddi yanaşır. Bu, həm ölkə daxilində riski çoxaldır, həm də sözügedən ölkələrə səfər edən vətəndaşların həyatına ciddi təhlükədir. Bir məqam da var ki, qlobal məkanda peyvənd milliyyətçiliyi üzündən yeni ştamın digər ərazilərə yoluxması müəyyən risklər yarada bilər. Məhz bu yerdə xatırlatmaq lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə idi. Azərbaycan Prezidentinin apardığı mübarizə istehsal olunan peyvəndin ədalətsiz bölüşdürülməsinə qarşı yönəlmişdi. Əldə edilən uğur öz növbəsində Azərbaycanı Qoşulmama Hərəkatının sədri kimi Təşkilata üzv olan bütün dövlətlərin və xalqların hüquqlarının müdafiəçisinə çevirdi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu. Digər tərəfdən, 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə görülən mühüm işlərdən biri idi. Sammitdə ölkə başçımızın BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı və bu təklifin 150-dən çox ölkə tərəfindən dəstəklənməsi 2020-ci ilin dekabrında xüsusi sessiyanın keçirilməsi ilə nəticələndi. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Nurlan ABDALOV,

"Respublika".