“Quyruğu qapı arasında qalan” haylar kimə sığınacaq
Siyasət

“Quyruğu qapı arasında qalan” haylar kimə sığınacaq

Uzun illər Rusiyanın orbitində özünü təhlükəsiz hesab edən Ermənistan dəyişən geosiyasi proseslərdə "ofsaytda" qaldı. Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazda Azərbaycanın diktə edən tərəfə çevrilməsi kimi amillərlə yanaşı, daxili çəkişmələr də hayları dalana dirədi. "Məxməri inqilab" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın siyasi çəkicə zəif manevrləri əslində mamır bağlamış daşların hərəkətə gələcəyini göstərirdi. KTMT, MDB kimi Rusiyanın moderatorluğunun ön planda olduğu təşkilatlardan yayınma cəhdləri bunu deməyə əsas verirdi. Siyasi elitanın bu xüsusda əlində bayraq kimi tutduqları səbəb isə İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətidir. Azərbaycanın sülh əlini uzatmasına baxmayaraq, militarizasiya yolunu tutan, yeni havadarlar axtarışına çıxan rəsmi İrəvanın bu gedişi həm Ermənistan, həm də Cənubi Qafqaz üçün yaxşı nəticələnməyəcək.

Hadisələrin axarına nəzər saldıqda isə Ermənistanın tam olaraq Rusiyadan uzaqlaşdığını demək reallığı əks etdirmir. Baş nazir Nikol Paşinyanla yanaşı, digər dövlət adamlarının bir-birini təkzib edən yanaşmaları yekun nəticəni söyləməyə imkan vermir. Bu qarışıqlıq sülh prosesində də özünü göstərir. Şübhəsiz ki, destabillik Kremli də qəzəbləndirir. Xatırlatmaq lazımdır ki, Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyur. Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir. Bundan başqa, Ermənistanda RF FTX Sərhəd İdarəsi Ermənistan MTX Sərhəd Qoşunları ilə birlikdə "Zvartnots" hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki "Aqarak" buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edir.

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın açıqlamaları iki ölkə arasındakı gərginliyi görmək üçün kifayət edir. İndiki vəziyyətdə qərb bloku Rusiyanın iradəsini sarsıda bilmir. Bu kimi proseslər fikir ayrılıqları da doğurur. Ermənistandakı xaosun səbəbkarları hazırda Rusiya hərbi bazaları önündə aksiya keçirir, əsgər analarının kütləvi yürüşlərini təşkil edirlər.

Bütün bunlara baxmayaraq, Ermənistanın iqtisadiyyatı da məhz Rusiyadan asılı haldadır. "Fitch Ratings İns." beynəlxalq kredit reytinqi agentliyinin Ermənistanla bağlı yaydığı bəyanat rəsmi İrəvanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Belə ki, agentlik Ermənistan iqtisadiyyatının Rusiyadan tam asılı vəziyyətdə olduğunu açıqlayıb və hesab edilir ki, Ermənistan iqtisadiyyatı olduqca ciddi geopolitik risklər daşıyır. Bununla yanaşı, Ermənistanın ticarət və energetika sahəsində Kremlin təsiri altında olması təhlükəlidir və bu, yaxın gələcəkdə diversifikasiya ehtimalına şans buraxmır. Rusiya-Ermənistan münasibətlərinin gərgin olması isə rəsmi İrəvanın iqtisadi islahatlar aparmaq imkanlarını ümumiyyətlə bloklayır.

Kollektiv qərbin istəyi isə qətidir: Rusiya silahlı qüvvələrinin ölkədən çıxarılması, KTMT-dəki fəaliyyətin sona çatdırılması, Cənubi Qafqazda yeni cəbhə açılması üçün münbit şəraitin yaradılması. Bu çərçivədə artıq bir neçə vaxtdır ki, Fransa və Almaniya kimi ölkələr fəallıq göstərirlər. Lakin göndərilən "Bastion" zirehli texnikaları və ya sərhədləri qoruma təminatı məğlub Ermənistanı sadəcə şirnikləndirir. Üstəlik, rəsmi İrəvan da yaxşı anlayır ki, uğursuz Ukrayna planı kimi bir reallıq da var. İstənilən halda hayların da aqibəti məhz bu yöndə dəyişə bilər. Ermənistanın qəti şəkildə Rusiyadan qopmasını təmin edə biləcək amillər arasında NATO-ya üzv olma məsələsi durur ki, mövcud vəziyyətdə bu, mümkün görünmür. Ən azından üzv dövlətlərin bu məsələyə müsbət rəyi lazımdır. Türkiyə və Ermənistanın uzlaşması birbaşa rəsmi Bakı ilə İrəvan arasındakı sülh danışıqlarından keçir. Necə deyərlər, Paşinyan rejiminin "quyruğu qapı arasında qalıb". Haylar nə tam Rusiyanın himayəsini görə bilmir, nə də NATO-nun qapıları onun üçün açıq deyil. Maraqlıdır ki, belə bir vəziyyətdə də Ermənistanın revanşist meyilləri öz tempini azaltmır. Anti-Azərbaycan bloku ilə qurulan sıx əməkdaşlıqlar öz destruktivliyi ilə seçilir. Bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Suren Papikyan bildirib ki, "Silah və texnikanın əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar tapmışıq və bir çox supergüclərlə əlaqələr qurmuşuq. Xüsusən də Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrilib". Onun sözlərinə görə, imzalanmış müqavilələr və aparılan islahatlar Ermənistanın silahlı qüvvələrinin keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək.

Təbii ki, Ermənistanın qarşısındakı tək əngəl bunlar deyil. NATO-ya, Avropa Birliyinə daxil olmaq üçün kriteriyalar həm iqtisadi, həm də sosial cəhətdən öz təsdiqini tapmalıdır. Ermənistan isə hələ də regional layihələri baltalamaqla məşğuldur. Bununla yanaşı, müsbət qonşuluq əlaqələrinin formalaşması kimi amillər də əsas şərtdir. Ermənistanın qonşu ölkələrlə yaşadığı kəskin problemlər də buna imkan vermir.

44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu Ermənistan ordusunun arsenalında olan silahların və hərbi texnikaların əsas hissəsini darmadağın edərək məhv edib. Ermənistan indi ordusunu yenidən silahlandırmağa çalışır. Amma bu, Ermənistan ordusunun Azərbaycana ziyan vura biləcəyi reallığından xeyli uzaqdır. Ermənistan Fransadan və Hindistandan öz dövrünü başa vurmuş döyüş maşınları və silahları almaqla heç bir zaman bizə qarşı üstünlük əldə edə bilməz. 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri bunu bir daha sübut etdi.

Nurlan ABDALOV,

"Respublika".