ABŞ
Siyasət

ABŞ "hind quşu" ənənəsinə uyğun davranır

Qlobal miqyasda baş verən geosiyasi təlatümlər bir sıra aktual məsələləri üzə çıxarır. Dünya güclərinin münaqişə ocaqları ilə bağlı qərarları bəzi məsələləri yenidən gündəmə gətirir. Xüsusən bu, Amerika Birləşmiş Ştatlarının xarici siyasətində özünü kəskin büruzə verir. Dövlət başçısı Co Baydenin ikili siyasəti ABŞ rəsmilərini də münasibət bildirməyə vadar edib. Münaqişələrə neytral mövqedən yanaşmalı olan Amerika "odun üzərinə benzin tökür". Məhz Azərbaycan-Ermənistan arasında mövcud gərginlik Ağ Evin işğalçı dövlətə dəstək verməsinin açıq təzahürüdür.

Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin müvəqqəti xərclər haqqında qanun layihəsini imzalamasının ardından maraqlı məqam diqqət çəkir. Belə ki, qanun layihəsi çərçivəsində Ağ Evin İsrail və Ukraynaya yardımı nəzərdə tutulmasa da, prezident sözügedən ölkələrə maliyyə ayrılmasında israr edir. Hətta Ukraynaya 100 milyon dollarlıq yardımın ayrılması ilə bağlı artıq ilkin qərar da qəbul edilib. Bu isə xarici siyasətində olduğu kimi, daxildə də ikili standartlara uyğun siyasi xətt yürüdən Amerika Birləşmiş Ştatları hökumətində fikir ayrılıqlarına səbəb olub. Senatorlar ölkənin çətin vəziyyətində başqa bir dövlətə yardım ayrılmasının doğru olmadığını bildirirlər. Qeyd etmək lazımdır ki, ötən həftə ABŞ Azərbaycana qarşı "907-ci düzəlişin" bərpasını nəzərdə tutan riyakar addımlar atması və Qarabağı tərk edən ermənilərə maliyyə yardımı ayırması barədə dinləmələr də keçirmişdi. Məhz bu qadağa sayəsində Azərbaycan postsovet ölkələri arasında Amerikadan birbaşa yardım almayan yeganə dövlət olub.

Ağ Ev artıq "Ermənistana yardım" adı altında Cənubi Qafqaza müdaxilə üçün ilkin addımlar atır. Belə ki, Amerika Birləşmiş Ştatları Ermənistanda yeni atom elektrik stansiyası (AES) inşa etmək niyyətindədir. Amerika Birləşmiş Ştatlarının "NuScale" şirkəti Ermənistana kiçik modullu AES-in inşasını təklif edib. Bu təkliflə bağlı artıq Ermənistan hökuməti ilkin tədqiqatlara başlayıb. Bununla da İrəvanın qərbyönümlü siyasəti energetika sahəsindən də yan keçməyib. Lakin "NuScale" şirkətinin bir çox ölkədəki layihələri heç də uğurla başa çatdırılmayıb. Yüksək maliyyə xərcləri fonunda gözləntiləri doğrulda bilməyən bu şirkətin Ermənistanda nə dərəcədə uğurlu olacağı isə şübhə altındadır.

Proseslərdən belə aydın olur ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda özünə yeni müttəfiq kimi məhz Ermənistanı görür. Bu isə bir çox siyasi müşahidəçilər tərəfindən regionda soyuq müharibə yaratmaq cəhdi kimi qiymətləndirilir. Co Bayden yürütdüyü bu siyasətlə Ermənistanı ABŞ-ın "51-ci ştatı" olaraq görür.

Co Baydenin hazırkı vəziyyətini ən çox tənqid edən isə Donald Trampdır. O, verdiyi qərarlara görə Baydeni ölkənin ən axmaq lideri adlandırıb. Bildirib ki, Ağ Evin hazırkı rəhbəri nə davranışlarının, nə də danışdığının fərqindədir. Bayden isə sözün əsl mənasında bu fikirləri təsdiq edən davranışlar sərgiləyir. Hər il ABŞ-da keçirilən "Şükran günü" münasibətilə "hind quşu"nun əfv edilməsi ənənəsi bu il də davam edib. Amerikanın qeyri-adi ənənələrindən biri olan "hind quşu"nun əfv edilməsi çərçivəsində Co Bayden iki hind quşunu əfv edərək onları "bir ailənin yeməyinə çevrilməkdən" xilas edib. Maraqlısı isə odur ki, Bayden bunu özünü məsxərəyə qoyaraq edib.

Görünür, ABŞ Ermənistanı "hind quşu" olaraq görür və dünyada baş verən geosiyasi təlatümlərin nəticəsi olaraq məhv olmasını istəmir. Lakin ABŞ-ın "51-ci ştatı" olan Ermənistan öz xəstə təxəyyülündən əl çəkərək sülhə dəstək verərsə, o zaman nə Amerikaya, Qərb blokuna ehtiyac qalar, nə də ki, məhv olmaq təhlükəsi ilə üzləşər.

Tacir SADIQOV,

"Respublika".