Azərbaycan Cənubi Qafqazda real güc mənbəyidir
Siyasət

Azərbaycan Cənubi Qafqazda real güc mənbəyidir

Ölkə başçımız İlham Əliyevin  düşünülmüş, gələcəyə hesablanmış daxili və xarici siyasəti  sayəsində bu gün  Azərbaycan tərəqqi dövrünü yaşayır. İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən, yalnız yerləşdiyi bölgədə deyil, bütün dünyada söz sahibi olan Azərbaycan  irimiqyaslı layihələrin təşəbbüskarı, iştirakçısı, həm də icraçısıdır. Heç bir ölkədən iqtisadi-siyasi asılılığı olmayan ölkəmiz  dünyada etibarlı tərəfdaş olaraq qəbul edilir. İnkişaf göstəriciləri, iqtisadi artım baxımından dünya ölkələri ilə ayaqlaşan dövlətimiz  tarixinin ən qüdrətli dövrünə qədəm qoymaqla Cənubi Qafqazın real güc mənbəyinə çevrilib.

Müstəqil siyasət yürüdən Azərbaycan hədəflərini öz gücü, öz potensialı hesabına, heç bir ölkənin təsiri altında olmadan müəyyənləşdirir və gələcəyə inamla addımlayır. Dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri quran dövlətimiz regionun əsas enerji təchizatçısıdır. Belə ki, ildən-ilə neft və qaz ehtiyatlarının istismarını genişləndirərək özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan bir sıra dövlətlərlə şaxələndirilmiş əməkdaşlıq zəminində neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə enerji dialoqu həyata keçirir, Avropanın enerji təhlükəsizliyi məsələsində aktor kimi çıxış edir. Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan ölkəmiz Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırılmasında həlledici rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi qitənin qaza olan tələbatına cavab verə biləcək və onun enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malik ən böyük infrastruktur layihədir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutlarının və Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın iştirakı ilə Cənub Qaz Dəhlizinin uğurla tamamlanması beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olan ölkəmizin artan gücünün, potensialının göstəricisidir. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmaqla XXI əsrin ən böyük layihələrindən biri, 33 milyard ABŞ dolları dəyəri olan Cənub Qaz Dəhlizinin icrası başa çatdırıldı.

Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdıran ölkə olaraq Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edir. İqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorunun inkişafı zəngin resurslara malik olan Azərbaycanı həm neft, həm də qaz ölkəsi kimi bütün dünyada tanıdır, eyni zamanda regionun iqtisadi cəhətdən güclü ölkəsi kimi rolunu artırır. Ötən il fevral ayının 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında ölkə başçımız demişdir: "Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu - Cənub Qaz Dəhlizi tamamlanandan sonra düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik".

Cənub Qaz Dəhlizi Azərbaycanın təkcə enerji ixrac edən dövlət kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artırır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarılmasında böyük rol oynayan, dövlətlərin arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verən, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərən Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir.

Böyük neft-qaz ehtiyatlarına sahib olan, xam neft, təbii qaz, neft məhsulları, elektrik enerjisi ilə daxili tələbatını ödəyən, eyni zamanda bu məhsulları həm də dünya bazarına çıxaran ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması vacib məsələ kimi qarşıya qoyulur. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə bu sahədə geinşmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə - 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan edilib.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı demişdir: "Avropa böyük hidrogen bazarıdır və biz üçüncü ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir. Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var".

Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verən, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyi Zəngəzur dəhlizinin açılmasından sonra daha da möhkəmlənəcək. Belə ki, Avropa və Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycan üzərindən Orta Asiyaya çıxışı təmin edəcək, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu istiqamətdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq. Azərbaycan və Türkiyə bu gün Orta Dəhlizin əsas hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımaların həcmini daha da artırmağa çalışır. Belə ki, regionda müasir infrastrukturun, nəqliyyat, o cümlədən turizm sahəsinin inkişafına xidmət edən BTQ Türkiyədən Gürcüstana, Azərbaycana, Rusiyaya, Türkmənistana, Qırğızıstana, Özbəkistana, Qazaxıstana və Çinə dəmir yolu ilə yük daşımalarının həyata keçirilməsinə imkan verir. Çinlə ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edən BTQ vasitəsilə konteyner qatarı Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Çindən Gürcüstana cəmi 8 günə çatır. Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan layihənin reallaşmasına 120 milyon dollar investisiya yatıracaq. Genişləndirmə işlərindən sonra isə BTQ xəttinin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyona yüksələcək.

Qərbdən Şərqə, Şimaldan Cənuba yeni marşrutların yaradılmasının təşəbbüskarı olan və bu layihələrin reallaşmasında mühüm rol oynayan Azərbaycan regionda nəqliyyat-kommunikasiyaların işə salınmasına böyük səy göstərir. Yükdaşımaların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan "Orta Dəhliz"in səmərəliliyinin artırılması istiqamətində atılmış addımlar bunu bir daha təsdiq edir. Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta Dəhliz Çin ilə Avropanı birləşdirir.

Bu gün neftlə bərabər, qaz hasilatının da artması nəticəsində iqtisadiyyatının sabit inkişaf mərhələsinə yüksəlməsi, ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş, dünyanın ən güclü ordularının reytinqində 50-ci yerlərdə qərarlaşan müzəffər orduya malik olması, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri də daxil olmaqla əsas ticarət yollarının kəsişməsində yerləşməsi Azərbaycanı regionda söz sahibinə və etibarlı tərəfdaşa, güc mənbəyinə çevirib.

Mehparə ƏLİYEVA,

"Respublika".