Dövlətin gənclər siyasəti: keçmişdən bu günə
Siyasət

Dövlətin gənclər siyasəti: keçmişdən bu günə

Gənclik gələcəkdir. Elə bu səbəbdən də hər bir xalq özünün xoşbəxt sabaha olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Bu da savadlı, dərin dünyagörüşünə malik gənclərin yetişdirilməsini hər bir ölkə üçün prioritet halına gətirir.

Ölkəmizdə də uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Hazırda müasir nəsil üçün zəruri olan bütün tələblər ödənilir. Təhsil, idman, iş, eləcə də digər bütün sahələrdə hüquqları qorunan gənclərə inkişaf üçün uyğun perspektivlərdən yararlanmaq şansı verilir. Ölkədə müxtəlif sahələrdə ixtisaslaşmış məktəblərin, peşə liseylərinin, ali təhsil müəssisələrinin, musiqi və idman akademiyalarının, həmçinin əyləncə mərkəzlərinin olması da bunun sübutudur. Cəmi 32 yaşlı bir ölkədə gənclər üçün bu şəraitin yaradılması isə heç də asan məsələ deyil.

Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşır, onların problemlərini diqqət mərkəzində saxlayır, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən idman bayramında tarixi çıxışı zamanı demişdir ki, mən gəncləri gördükcə daha da ruhlanıram, yeni nəsildən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram: "Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

Ulu öndərin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ sovet dönəmində də müşahidə olunurdu. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir, - deyən Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait yaradılmışdır. Azərbaycan gənclərinin I forumunda ölkə rəhbəri bu barədə demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm".

Bu həmin illərin ən böyük nailiyyətlərindən idi, həm də o dövr üçün inqilab xarakterli addım idi. Dövrün tələbinə uyğun olaraq imperiya daxilindəki kiçik dövlətlərin güclənməsinə, onların sosial rifahının yüksəlməsinə maraq yox idi. Odur ki, hələ ötən əsrdə xaricdə təhsilin təşviqini dövlət gənclər siyasətinin bir hissəsinə çevrilməsi kifayət qədər əhəmiyyətli addım idi. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərirdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada təhsil almağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar da elə gənclərin özü idi. Çünki ümummilli lider gənclərə arxalandığı kimi, gənclər də onu əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Dövlət başçısı ilə gənclər arasındakı bu möhkəm əlaqə 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərmanın imzalanması ilə nəticələndi. Bununla da, dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. 1996-2002-ci illərdə qəbul olunmuş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarlar da bu siyasətin davamı idi.  Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onları aparıcı qüvvəyə çevirmək və sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.

Məhz dövlət başçısının diqqət və qayğısının nəticəsi olaraq təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub. Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də yeni nəslin hərtərəfli formalaşmasına töhfədir. Bundan əlavə, dövlət başçısının "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür.

Təhsil sahəsini ölkənin inkişafının prioritetlərindən biri elan etmiş Prezident İlham Əliyev 2004-cü ilin avqust ayında orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramını təsdiq edən Sərəncam imzaladı. Həmin Proqram 2005-2007-ci illəri əhatə edirdi və artıq onun reallaşması təmin edilmişdir. Bu gün orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin hər 29 nəfərinə 1 kompüter nisbəti həll olunmuşdur. Halbuki proqrama qədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter nisbətində idi. Həmçinin, ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron dərsliklər, təlim materialları və əyani vəsaitlər hazırlanmışdır. Bir neçə məktəbdə "elektron məktəb" layihəsi reallaşdırılıb. Dövlət başçısının sərəncamı ilə 2008-ci ildə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" qəbul olundu. Bu, İKT-nin təhsil sistemində tətbiqinin həlledici mərhələsi hesab olunur. Məsələnin aktuallığını nəzərə alıb Təhsil Nazirliyində bu sahədə yeni idarə yaradılmışdır.

Son olaraq Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu da dövlətin gənclərə qayğısının gələcək dövrlərdə də davam edəcəyinə əminlik yaradır.

Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların səsi beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizin dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olurlar. Bu gün Azərbaycanın daima inkişafda olan gəncliyi doğma vətəni ilə qürur duyur.

Jalə QASIMZADƏ,

"Respublika".