ABŞ İsraildən 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi alacaq
Dünya xəbərləri

ABŞ İsraildən 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi alacaq

ABŞ İsrail istehsalı olan 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyası almağı planlaşdırır.

"Respublika" xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin Tender İdarəetmə Sisteminin ( SAM ) internet saytında dərc olunub. Açıqlamada Dəniz Piyadaları Korpusunun “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyasının alınmasının təfərrüatları paylaşılıb.

Dəniz Piyadaları Korpusu 2022-ci ilin iyul və oktyabr aylarında “Dəmir günbəz” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmişdi.

ABŞ Quru Qoşunları Komandanlığı 2019-cu ilin fevralında İsraildən məhdud sayda “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri alacağını açıqlamışdı.

İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və 2011-ci ildən İsrail ordusunun inventarında olan “Dəmir günbəz” sistemi qısa mənzilli raketlərə qarşı istifadə edilir.