ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir
Sosial həyat

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir

Martın 14-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə açılış nitqi ilə çıxış ediblər, UNESCO Baş Konfransının Prezidenti Simona-Mirela Miçulesku isə videomüraciətlə tədbir iştirakçılarını salamlayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır. O vurğulayıb ki, Türk dünyası böyük bir ailədir: "Biz dövləti təmsil edən qurumlar olaraq bütün çağırışlara cavab verməli, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırmalıyıq".

Sonra TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək bildirib ki, Türk dövlətləri özləri də zəngin mədəni irslərinin siyahısını yaratmalıdırlar: "Bu gün Bakıda "Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən" mövzusunda keçirilən beynəlxalq konfrans çox vacibdir".

UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku konfrans iştirakçılarına videomüraciətində qeyd edib ki, mədəni irsin qorunması münasibətlərin inkişafına töhfə verir: "Biz anlamalıyıq ki, qlobal mədəni maraqlara xidmət edirik və gələcəyimizi bunun əsasında qurmalıyıq".

Çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarında dini, mədəni və tarixi abidələrin dağıdıldığını deyib, bu gün Azərbaycan dövlətinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışlarında böyük Türk dünyasının mədəni irsinin qorunmasının vacib olduğunu vurğulayıblar. Qeyd olunub ki, türk mədəniyyətinin dünyada tanıdılması istiqamətində görülən işlər Türk dünyası çərçivəsində həyata keçiriləcək layihələrə dəstək üçün stimul olacaq.

Həmçinin iştirakçılar UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin çıxışlarını dinləyiblər. Qeyd olunub ki, Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq. Türkdilli xalqlar olaraq heç bir tərcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin qeyd edildiyi cari ildə həyata keçirilən tədbirlərdən söhbət açıb.

Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker çıxışında mövzunun aktuallığını vurğulayıb.

Daha sonra iştirakçılar Azərbaycan Milli Elmlər Akademiyasının bütün Türk dünyasının mədəni irsi sayılan "Divanü lüğat-it-türk"ün 950 illik yubileyi münasibətilə təşkil etdiyi sərgi ilə tanış olublar.

Konfransın ilk günündə fasilələrlə dörd sessiya keçirilib. Birinci sessiya Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin moderatorluğu ilə Türk dünyasının mədəni irsinin qorunması üzrə milli strategiyalar və yanaşmalar, ikinci sessiya Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə mədəni irsin qorunması, sənədləşdirilməsi və təbliği üzrə türk təşkilatının əməkdaşlığı, üçüncü sessiya Türk Dil Qurumunun prezidenti Osman Mertin moderatorluğu ilə mədəni irsin qorunması və təbliği üçün innovativ yanaşmalar və zəruri işlər, sonuncu sessiya isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə mədəni irsin qorunması sahəsində milli komissiyaların əməkdaşlığı mövzusuna həsr edilib.

Sessiyalar zamanı Türk Dövlətləri Təşkilatının, UNESCO üzrə Milli komissiyaların, UNESCO-nun mədəni irs departamentlərinin, yerli qurumların nümayəndələri, eləcə də müxtəlif Türk dövlətlərindən ekspertlər təqdimatlar ediblər.

Konfransda, həmçinin bəyanat işlənib-hazırlanıb. Konfransın bağlanış mərasimində sözügedən bəyanat qəbul ediləcək.

Qeyd edək ki, iki gün davam edəcək konfransın ikinci günündə Mədəni İrsin Qorunması/Mühafizəsi üzrə Milli komissiyaların layihələr əsaslı əməkdaşlığı mövzusunu əhatə edən sessiyanın, o cümlədən dəyirmi masa müzakirələrinin keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbir vasitəsilə Bakıda bir araya gələn təşkilat rəhbərləri Azərbaycan Milli Xalça Muzeyində sərgilənən türk geyimləri, xalçaları və ornamentlərini izləyəcək, İçərişəhəri (Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini) ziyarət edərək ölkəmizin mədəni irsi ilə daha yaxından tanış olacaqlar.