Adəm İsmayıl Bakuvinin “Məşhər divanı: Yalanın 17 anı
Mədəniyyət

Adəm İsmayıl Bakuvinin “Məşhər divanı: Yalanın 17 anı" əsərinin səhnə təcəssümü nümayiş etdirilib

Aprelin 24-də Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş "Məşhər divanı: Yalanın 17 anı" kitabının təqdimat mərasimi baş tutub. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, hüquq müdafiəçisi Novella Cəfəroğlu, kulturoloq Fuad Məmmədov, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şair Fəxrəddin Meydanlı və başqa qonaqlar iştirak edib.

Tədbirdə İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə bir daha qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı, "Məşhər divanı: Yalanın 17 anı" kitabının əhəmiyyəti vurğulanıb, onun tarixi hadisələrin sintezindən ibarət olduğu qeyd edilib. Daha sonra real tarixi hadisələrin və şəxslərin utopik məhkəməsinin təsvir olunduğu əsərin səhnə təcəssümü nümayiş etdirilib. Nümayişin ardınca Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov tədbirdə çıxış edib. F.Məmmədov kitabın tarixi hadisələr baxımından əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra çıxış üçün söz millət vəkili Ceyhun Məmmədova verilib. Deputat erməni vəhşiliyinin ifşası istiqamətində görüləcək kifayət qədər iş olduğunu diqqətə çatdırıb: "Ermənilər yenə də nə isə etməyə çalışırlar. Ötən əsrin əvvəllərində ermənilər saxta soyqırımla bağlı kitablar çap ediblər". Millət vəkili, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktlarını da xatırladıb. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da tədbirdə çıxış edib. T.Zülfüqarov tarixçilərin və siyasətçilərin bu cür tarixi kitablar ərsəyə gətirməsinin vacibliyini vurğulayıb. Sabiq xarici işlər naziri belə əhəmiyyətli əsər yazdığı üçün müəllifə öz dərin təşəkkürünü bildirib.

Sonda isə əsərin müəllifi Adəm İsmayıl Bakuvi öz fikirlərini qonaqlarla bölüşüb. A.İ.Bakuvi tədbirin bu gündə keçirilməsinin təsadüfi olmadığınə qeyd edib. O bildirib ki, müəllifi olduğu kitab ermənilərin saxta soyqırımı iddialarına bir cavabdır. Tədbirin sonunda 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş "Məşhər divanı: Yalanın 17 anı" kitabı bir çox xarici dillərə, eləcə də erməni dilinə tərcümə olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".