Mədəni inkişaf bütün dövrlər üçün prioritetdir
Mədəniyyət

Mədəni inkişaf bütün dövrlər üçün prioritetdir

44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi qəhrəmanlarının adı bu gün haqlı olaraq hər yerdə böyük iftixar hissi ilə çəkilir, şəhidlərin müqəddəs ruhu əziz tutulur, qazilərin sağlam həyata qayıtması üçün bütün imkanlardan istifadə olunur. Öz canı-qanı bahasına Qələbə əldə edən Şanlı Ordumuzun əsgər və zabitləri Azərbaycan Prezidenti, Ali Baş Komandanın sərəncamı ilə orden və medallarla təltif olundu. Qələbə sevincimizə sevinc qatan hadisələr bir-birini əvəz edir. Mədəni tədbirlər isə bu baxımdan xüsusilə fərqlənir. Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya səs saldı. İndi bu qədim mədəniyyət mərkəzinin tarixi abidələri, o cümlədən Vaqifin məqbərəsi, muzeylər, musiqi ocaqları təmir olunub yenidən həyata vəsiqə alır. Bir sözlə, mədəni inkişaf bütün dövrlərdə olduğu kimi, Zəfərimizdən sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq.

Müsahibimiz, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdan rayonunun mədəni həyatında görülən işlər barədə danışmağı xahiş etdik. Onun fikirlərini oxuculara təqdim edirik:

– 44 günlük Vətən müharibəsində parlaq Zəfərimizdən ilhamlanan mədəniyyət işçiləri yeni bir düşüncə tərzi ilə fəaliyyətlərini davam etdirirlər. Mədəniyyət xalqın mənəviyyatıdır. Mənəviyyat isə sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq insanın düşüncə tərzini özündə əks etdirir. Bu gün hər bir azərbaycanlı sanki daha çox yaradıcı olmaq arzusundadır. İlk növbədə hər kəs işğaldan azad edilmiş Qarabağımızda quruculuq naminə öz töhfəsini vermək həvəsindədir. Kürdəmir rayonunun mədəniyyət işçiləri də ölkədə həyata keçirilən yeniləşmə prosesinin iştirakçısı kimi öndə getməyə, əsrlərlə formalaşmış mədəni dəyərləri inkişaf etdirməyə, mədəni sərvətləri qoruyub saxlamağa çalışırlar.

Ölkəmizin mədəni-siyasi həyatının iştirakçısı olan mədəniyyət işçilərimiz Mədəniyyət Nazirliyinin 2021-ci il üçün müəyyən etdiyi hədəflərə çatmaq məqsədilə müxtəlif mədəni tədbirlər həyata keçirirlər.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayonda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin zəngin bədii irsinin təbliği istiqamətində tədbirlər davam etdirilir. Klub tipli müəssisələrdə, kitabxana və muzeylərdə təşkil edilən tədbirlər, sərgi və müzakirələr maraqla qarşılanır. Fevral ayında Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Kürdəmir regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “2021-ci il Nizami Gəncəvi ilidir” adlı tədbir, Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin və Kürdəmir Rayon Təhsil Şöbəsinin birgə təşkil etdiyi “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsi və digər tədbirlər Nizami irsinin təbliği sahəsində uğurlu işlərdəndir.

Bir sözlə, mədəniyyət müəssisələri yeni fəaliyyət istiqaməti müəyyənləşdirir, Mədəniyyət Nazirliyi strukturunda həyata keçirilən islahatlar çərçivəsində yeni bir dövrə qədəm qoyur. Kadrların bacarıq və qabiliyyətinə daha çox önəm verilir, vətənpərvərlik mövzulu tədbirlərin hazırlanıb keçirilməsi diqqətdə saxlanılır.

– Pandemiya dövründə iş sisteminizi necə qurursunuz?

– Ötən il COVİD-19 infeksiyasının yayılması, koronavirus xəstəliyinin əhali arasında kəskin şəkildə artması səbəbindən mədəniyyət müəssisələrində təşkil edilən bütün tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq həyata keçirilir. Bu gün əsas məqsədimiz əməkdaşlarımızın sağlamlığını qorumaqdır. Bu mənada biz mədəniyyət işçiləri arasında peyvənd olunmaqla bağlı maarifləndirmə işi aparırıq.

– İstərdim, Kürdəmir rayonunda yerləşən mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda həyata keçirilən tədbirlər haqqında məlumat verəsiniz.

– 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi 44 günlük döyüşdən sonra tarixi qələbəmizlə nəticələndi. Otuz il həsrətində olduğumuz yurd yerlərimiz Azərbaycan əsgərinin rəşadəti, dünya hərb tarixinə yazılacaq döyüş qabiliyyəti nəticəsində erməni tapdağından xilas oldu.

Müharibə dövründə və qələbədən sonra Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsini, döyüş yolunu özündə ehtiva edən mədəni tədbirlər daha geniş yer aldı. Bilirsiniz ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar arasında Xocavənd və Füzuli rayonu da var. Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəflərindən biri də mədəniyyətin Qarabağa qaytarılmasıdır. Regional İdarənin tabeliyində olan mədəniyyət müəssisələri öhdələrinə düşən işləri layiqincə icra etməyə çalışırlar. Tarixi həqiqətlərin xalqa çatdırılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif səpkili tədbirlər, kitab və rəsm sərgiləri təşkil edirik.

Şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbirlərdə ərazi bütövlüyümüz uğrunda döyüşmüş hər bir vətəndaşa xüsusi diqqət və qayğı ifadə olunur. Rayonumuzdan olan hər bir şəhidin ailə üzvləri ilə görüşlər keçirilir, mənəvi dayaq göstərilir. Kürdəmirli şəhid, gizir Cəmil Həşimlinin xatirəsinə ehtiram əlaməti olaraq Kürdəmir rayon Mərkəzi Kitabxanasının oxu zalına onun adı verilmiş, “Kürdəmir şəhidləri” adlı guşədə şəhidlərimizin xatirəsi əbədiləşdirilmişdir. Bu gün Kürdəmir Dövlət Rəsm Qalereyasının böyük sərgi salonu da Vətən müharibəsində şəhid olmuş Adəm Əliyevin adını daşıyır. Müharibə veteranlarına da diqqət və qayğı ilə yanaşılır, onların işlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Vətən müharibəsində böyük döyüş yolu keçmiş, Kürdəmir rayon Mollakənd kənd sakini Sadıqov Ayaz Allahqulu oğlu və şəhid Adəm Əliyevin qardaşı Arif Əliyev Kürdəmir Dövlət Rəsm Qalereyasında işlə təmin olunub. Rayonun Qarasaqqal kəndindən olan şəhid Nurlan Dadaşovun anası Rəfiqə Dadaşovanın da işlə bağlı müraciəti müsbət həllini tapmışdır.

Vətən müharibəsi şəhidləri Adəm Əliyev, Nurlan Dadaşov, Cəmil Həşimli, Ramin Babayev, Nahid Mikayılov, Məlik Zülfüqarov, Murad Yunusov, Nurlan Eminov və başqalarının ailə üzvləri ilə keçirilən görüşlərdə şəhidlərin döyüş və qəhrəmanlıq yolundan ətraflı bəhs olunmuşdur. Mədəniyyət müəssisələrində təşkil olunmuş “Kürdəmir rayonunun Vətən müharibəsi şəhidləri”, “Tarix yazan qəhrəmanlar”, “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün”, “Kürdəmirli şəhidlərimiz”, “Kəndimizin şəhidləri” adlı guşə və sərgilər də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuşdur.

Rayonun klub tipli müəssisələrində və kitabxanalarda keçirilən tədbirlərdə, nümayiş etdirilən kitab sərgilərində də vətənpərvərlik mövzusu önə çəkilir, hər bir Vətən müharibəsi şəhidinin, qazisinin və müharibə iştirakçısının döyüş yolunun təbliği əsas istiqamət kimi götürülür. I və II Qarabağ müharibəsini əks etdirən kitab sərgiləri də oxucular tərəfindən maraqla qarşılanır.

– Bu il ərzində Kürdəmir rayonunda yaddaqalan hansı tədbirlərdən danışmaq istərdiniz?

– İlin ən böyük və yaddaqalan tədbirləri sırasında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbirlər diqqəti cəlb etmişdir. May ayında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” devizi ilə keçirilən “İstedad” baxış müsabiqəsində vətənpərvərlik mövzusu əsas yer tutur.

Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində keçirilən tarix dərslərində, “Azərbaycan xalqının Lideri”, “Zəngin tarixi irsimizin təbliğinə böyük töhfə”, “Bizim tanıdığımız Ulu Öndər” adlı onlayn mühazirə və videokonfransda da Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı söhbət açılmışdır.

Gənclərin vətənpərvərlik tərbiyəsində Qarabağ müharibəsi qəhrəmanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının qəhrəmanlıq yolunun təbliğinin böyük əhəmiyyəti vardır.

Tarixi Aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş tədbirlər bu qəbildən əhəmiyyətli hesab olunur. Şəhid, hərbi pilot, “Azərbaycan Bayrağı” ordenli Əbubəkr İsmayılovun doğum günü münasibətilə “Azərbaycan səmasının şahinləri” adlı onlayn mühazirə hazırlanmış və izləyicilərə təqdim edilmişdir. Aprel ayının 2-də mədəniyyət müəssisələri tərəfindən aprel şəhidləri yad edilmişdir. Həmin gün rayonun Sığırlı kəndindən olan, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş aprel şəhidi, gizir Tural Qurbanovun məzarı da ziyarət edilmiş, xatirəsi anılmışdır. Kürdəmir Tarix-diyarşünaslıq Muzeyində aprel şəhidi, “Azərbaycan Bayrağı” ordenli hərbi pilot Əbubəkr İsmayılovun şəxsi əşyalarından ibarət sərgi təşkil olunub.

Ötən dövr ərzində görkəmli şəxsiyyətlərin, sənət adamlarının yubileylərinin qeyd edilməsi istiqamətində müxtəlif mövzulu tədbirlər mədəniyyət müəssisələrinin gündəlik fəaliyyətində əsas yer tutmuşdur.

Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Bu gün sosial-iqtisadi islahatlarla yanaşı, milli-mənəvi dəyərlərimizin, bəşəri sivilizasiyanın tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin də qorunması və inkişaf etdirilməsi vacib şərtlərdəndir. Biz mədəniyyətimizin dünya səviyyəsində təbliğinə dəstək göstərməli, erməni vandalları tərəfindən viran qoyulmuş abidələrin, Qarabağ mədəniyyətinin dirçəldilməsi istiqamətində tədbirlərə daha çox yer verməliyik.

Xalqımızın əldə etdiyi Zəfər XXI əsr Azərbaycan dövlətçiliyi tarixinin şanlı salnaməsidir. Ali Baş Komandanın xalqımız, dövlətimiz qarşısındakı cahanşümul xidmətləri tariximizin, mədəniyyətimizin yeni inkişaf mərhələsinin əsasını qoydu.

Qələbəmizdən sonra Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam, Şuşada baş tutan “Xarıbülbül” musiqi festivalı, beynəlxalq təşkilatlarla qurulan mədəni əlaqələr bir daha sübut edir ki, Azərbaycan mədəniyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi və köməyi sayəsində qarşıda duran məqsədə çatacaq və dünya mədəniyyəti xəzinəsinə töhfələr verəcəkdir.

T.YADULLAOĞLU,

“Respublika”.