Ədəbiyyatımızın böyük klassiki
Mədəniyyət

Ədəbiyyatımızın böyük klassiki

Cəhd qıl neməti-təmamə yetiş,

Elm təhsil qıl, məqamə yetiş.

Azərbaycan poeziyasının dayaqlarından olan Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da qədim Şamaxı şəhərində dünyaya gəlmişdir. Ruhani ailəsində doğulan şair haqqında ilk məlumat A.Zaxarov tərəfindən verilmişdir. Hələ kiçik yaşlarında olanda Şamaxının mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edir. O, Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası Molla Hüseynin himayəsində böyüyür, ondan ərəb və fars dillərini öyrənir. On il sonra anası ilə Şamaxıya qayıdan şair orta təhsilini Şamaxıda mədrəsədə alır.

Bu, o vaxtlar idi ki, başqa bölgələr kimi Şamaxıda da təhsilin səciyyəsi yalnız dini təhsil, ruhani təhsili ilə ölçülürdü. İnsanlar təhsilin inkişafını yalnız Şərqin dini mərkəzlərini ziyarət etməkdə görürdülər. Belə bir mühitdə böyüyən Şirvani 21 yaşı olarkən ruhani təhsili almaq üçün İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra Şam şəhərinə köçərək burada təhsilini davam etdirir. Təhsil aldığı müddətdə dünyəvi elmlərə maraq göstərən gənc Şamaxıya döndüyü zaman burada yeni üsuli-məktəb açaraq ömrünün axırına kimi müəllimlik edir. Digər məktəb və mədrəsələrdən fərqli olaraq, o, burada uşaqlara dini elmlərlə yanaşı, həm də Azərbaycan və fars dillərini də tədris edir. Eyni zamanda, tarix, coğrafiya, hesab və digər fənlərlə bağlı da şagirdləri məlumatlandırır. Bu mənada məktəb o dövrdə böyük marağa səbəb olmuşdu. Şirvaninin açdığı məktəbdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir çox yazıçılar təhsil almışdılar. Şair maddi sıxıntı çəkməsinə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik etmişdir. Sonda isə həm mövhumatçıların, ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücumları, həm də o dövrdə Şamaxıda dövlət tərəfindən açılan məktəblərin təsiri nəticəsində tədricən Şirvaninin məktəbi öz fəaliyyətini dayandırmağa məcbur olur. Lakin bir müddət sonra yenə də sevimli peşəsi ola müəllimliyə qayıdır. Seyid Əzim Şirvani Şamaxıda açılmış şəhər məktəbinə müəllim təyin edilir. Şair ömrünün sonuna kimi həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir.

O, yaradıcılığa təxminən 1850-ci illərdə başlamışdır. Bədii irsi azərbaycanca və farsca olan iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca olan bədii irsinin əsasını qəzəl janrı təşkil edir. Klassik üslubda, qəzəl və müxəmməs janrında yazdığı aşiqanə lirik şeirlər, mənzum hekayələr, təmsillər yaradıcılığının əsasını təşkil edir. Onu əsasən Füzuli ədəbi məktəbinin davamçısı adlandırırdılar. Şeirlərinin əksəriyyətini isə məhəbbət mövzusu, saf, təmiz eşq təşkil edir. Gözəllik vurğunu olan şair təsvir etdiyi gözələ xilqət kimi yanaşaraq, onu ülviləşdirir.

Sən hürimisən, yoxsa pəri,

                        ya ki mələksən,

Yox, səhv elədim kim,

                        bular olmaz bəşər.

Həmçinin şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Qəzəl janrında yazdığı şeirlərinin böyük əksəriyyəti lirik şeirlərdən ibarətdir. Onun qəzəl və şeirlərinin əsas motivini həyata sevgi, nikbin əhvali-ruhiyyə, dini etiqad təşkil edir. Onun yaradıcılığının ikinci mərhələsi maarifçi və tənqidi-satirik şeirləri ilə başlayır. Bu isə artıq onun yaradıcılığında realizmin üstünlük təşkil etməsindən irəli gəlirdi. Onun bu istiqamətdəki yaradıcılığının inkişaf etməsində əsas təkanverici qüvvələrdən biri "Əkinçi" qəzeti olmuşdur. Şair "Əkinçi" vasitəsilə oxucularına və cəmiyyətə təsiretmə fürsəti qazanmışdır. Seyid Əzim Şirvani yaradıcılığında yeni dövr və mərhələ açan qəzet, həm də onun üçün yeni mövzu, müasir tələblər səviyyəsində dövrün problemlərinə yanaşma meydanı olmuşdur. "Əkinçi" eyni zamanda, şairin xalqla ünsiyyət, müraciət, təbliğat mexanizminə çevrilmişdir. O, bu yolla xalqı, milləti qəflət yuxusundan oyadaraq savadsızlığa son qoymağa və təhsil almağa səsləyirdi.

Onun şeirlərinin əsas mövzularından biri də doğruluq, mərdlik və dostluq idi. Şair şeirlərində əsasən öyüd-nəsihətə üstünlük verərək, cəmiyyətə cəhalətdən qurtulmağı tövsiyə edirdi. Hətta satirik şeirlərində belə tərbiyəvi amillər təbliğ olunurdu. Lakin onu realist şair kimi tanıdan şeirləri əsasən bunlar idi: "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və s. Ustad şair Şamaxıda təşkil olunmuş "Beytüs-Səfa" adlı ədəbi məclisə başçılıq etmişdir. Şair həyatda olduqca ağrılı-acılı günlər yaşamışdır. Gördüyü təqib və tənələrdən usanan Seyid Əzim Şirvani öz hisslərini belə ifadə etmişdir:

Eylədim ta ki, hər büsata güzər,

Məni gördükdə xalq söylədilər:

Budur gəldi səfanətin kani,

Hacı Seyyid Əzim Şirvani.

Şair 19 yaşı olanda anasının istəyi ilə Məşədi Mövsümün qızı Ceyran xanımla ailə qurur. Seyid Əzim Şirvaninin bu evlilikdən Mir Cəfər adlı oğlu, Həcər və Fatma adlı qızları dünyaya gəlir. 1859-cu ildə Şamaxı şəhərində baş verən güclü zəlzələ zamanı onun da ailəsi ciddi zərər görmüşdür.

Seyid Əzim Şirvaninin "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" ilə yanaşı, həm də "Tacül-kütüb" adlı dərsliyi də var. Həmin dərslikdə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələr də daxildir. Seyid Əzim Şirvani həmin kitabı əlyazma şəklində Qori Seminariyasında tatar şöbəsinin müdiri işləyən A.O.Çernyayevskiyə göndərir. A.O.Çernyayevski isə həmin kitabdan bir neçə hekayəni "Vətən dili" dərsliyində çap edir.

Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də 53 yaşında Şamaxı şəhərində vəfat etmiş və Şahxəndan qəbiristanlığında dəfn edilmişdir. Ölümündən sonra rəhmətə getməsi ilə bağlı bir çox şayiələr yayılmışdır. Hətta onun sui-qəsd nəticəsində dünyasını dəyişməsi barədə də söz-söhbət gəzirdi.

Ramidə YAQUBQIZI,

"Respublika".