Ağdam-Əsgəran yolu daha əlverişlidir
Digər xəbərlər

Ağdam-Əsgəran yolu daha əlverişlidir

Ermənistanın Laçın yolunun açılması tələbinə Azərbaycan Ağdam-Əsgəran yolunu təklif edir. Bu isə erməni separatçıları arasında narazılığa səbəb olub. Qarabağın erməni icmasının inteqrasiyası istiqamətində verilən qərarlardan təlaşa düşən ermənilər prosesə mane olmağa, işin gedişini əngəlləməyə çalışırlar. Onlar təkcə Ermənistanda deyil, erməni lobbisinin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə də etiraz aksiyaları keçirirlər. Belə ki, bir neçə gün öncə erməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə aksiya keçiriblər. Hər addımda dünyanı öz yalanlarına inandırmağa çalışan haylar Laçın postunun açılması tələbi ilə şüarlar səsləndiriblər. Guya, Qarabağda ermənilərə qarşı humanitar fəlakət yaşanır. Erməni təbliğat maşınının təsiri ilə anti-Azərbaycan mövqeyi tutan tərəflər anlamırlar ki, onlar öz yanlış addımları ilə regionda sülhə və barışığa əngəl törədirlər. Bu isə ilk növbədə Ermənistanın öz əleyhinə işləyir. Çünki onsuz da iqtisadi cəhətdən çökmüş ölkə dünyada baş verən proseslərdən geri qalır. Qonşu dövlətlərin qoşulduğu və birgə əməkdaşlığa başladığı irihəcmli beynəlxalq səviyyəli layihələrdə iştirak etmək hüququnu itirir. O ki, qaldı Qarabağ ermənilərinə, onlar Azərbaycan vətəndaşlarıdırlar. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul edir və lazımi dəstəyi göstərməyə hazırdır.

30 il müddətində Azərbaycan ərazilərində məskunlaşan qanunsuz erməni silahlı dəstələrinin bu gün əl-qolları bağlanıb. Azərbaycanın Laçın yoluna tam nəzarət etməsi, keçid məntəqəsi yaratmasından sonra həmin silahlı dəstələrin fəaliyyəti məhdudlaşıb. Onlar daha əvvəlki kimi rahat şəkildə hərəkət edə bilmirlər. Qarabağda yaşayan ermənilərin ərzaq tədarükünə gəldikdə isə humanitar yardımın Ağdam-Əsgəran yolu ilə çatdırılması logistik baxımdan daha sərfəlidir. Çünki bu yol qısadır və daşınma üçün daha ucuz başa gəlir. Hətta Azərbaycan tərəfinin bu təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib. Ermənistan isə bu təkliflə razılaşmayaraq bir daha özünün məkrli xislətini və məqsədlərinin tamam başqa şey olduğunu sərgiləyir. İyulun 25-də keçirdiyi mətbuat konfransında Paşinyan bildirib ki, beynəlxalq birliyin dəhliz məsələsində verdiyi reaksiya Ermənistanı qane etmir.

Ermənistan tərəfi unudur ki, ötən hər saat onların əleyhinə işləyir. Qanunsuz erməni silahlı dəstələri dəfələrlə Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər vasitəsilə qaçaqmalçılıq məhsullarını Qarabağa keçirmək cəhdləri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti təxribatıdır. Məlumdur ki, Ermənistan tərəfi humanitar yardım adı altında Qarabağa silah-sursat və canlı qüvvə daşımaq marağındadır. Azərbaycan tərəfi bu halların baş verməməsi üçün keçid məntəqəsində yoxlamaları daha da gücləndirib. Ermənistan isə yenə də öz ampluasında çıxış edir. Onlar dünyanı inandırmağa çalışırlar ki, Azərbaycan humanitar yüklərin qarşısını alır. Əlbəttə ki, bu, cəfəng və absurd fikirdir. Ölkəmiz istər xəstələrlə, istərsə də humanitar yüklərin daşınması ilə bağlı birmənalı şəkildə hər zaman ermənilərə öz dəstəyini göstərib. Erməni tərəfinin mənasız inadının arxasında isə tamam başqa məqamlar dayanır. Qarabağda olan separatçı qüvvələr cidd-cəhdlə orada yaşayan erməni icmasına bu və ya digər vasitə ilə təsir etməyə çalışırlar, havadarlarının köməyi ilə siyasi məqsədlərini güdürlər. Ağdam-Əsgəran yolu ilə istənilən yüklərin daşınması mümkün olsa da, ermənilər özlərini bilərəkdən blokadada saxlayırlar. Süni görüntü yaradaraq, dünyanı öz yalanlarına inandırmağa çalışırlar. Onların bu hərəkətləri isə Azərbaycanın daxili işlərinə qarışmaq və qanunlarına zidd getməkdir. Laçın yoluna nəzarət, Ağdam-Əsgəran yolundan istifadə təklifi isə Azərbaycanın daxili işidir. Ermənistanın bu təklifə razılıq verməməsi isə yalnız öz əleyhinə olan qərarıdır.

Lakin Ermənistanın başqa çıxış yolu yoxdur. Ruben Vardanyan kimi düşmən qüvvələr Xankəndidəki separatçı qüvvələrə təzyiq göstərərək Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər vəchlə manelər yaradırlar. Ermənistanın və havadarlarının Laçın yolunun açılması cəhdləri boş cəfəngiyyatdan başqa bir şey deyil. Düzdür, onların məqsədləri aydındır. İllər uzunu bu yoldan silah, hərbi texnika, qanunsuz silahlı dəstələr və minalar daşınırdı. Azərbaycanın Qarabağ bölgəsinin bütün təbii sərvətləri talanıb Ermənistana aparılırdı. Demək ki, Vardanyan və onun kimi separatçı qüvvələrin sülh prosesini ləngitmək cəhdlərinin arxasında yalnız öz biznes maraqları durur. Bu mənada, Ermənistanın iddiaları əsassızdır.

Ramidə YAQUBQIZI,

"Respublika".