Bu günün və gələcəyin təməli
Digər xəbərlər

Bu günün və gələcəyin təməli

Bu gün Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin, yəni "Əsrin müqaviləsi"nin ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Zəngin neft və qaz sərvətlərinə malik

olan Azərbaycan dünyada "neft diyarı", "Odlar diyarı" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi" adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə "Əsrin müqaviləsi"ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır. Müqavilə bütövlükdə Cənubi Qafqazın enerji xəritəsinə yeni düzən gətirərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır. Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Ölkə başçımızın rəhbərliyi ilə saysız-hesabsız görüş və danışıqlar məhz bu məqsədə qulluq edirdi. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə önəmli olması vurğulanmalıdır.

Son illər neft sahəsində çalışan insanlara və onların ailə üzvlərinə göstərilən daimi diqqət və qayğı daha da artırılıb. Əvvəllər dənizdə çalışan neftçilərin əmək və sosial şəraitləri lazımi səviyyədə deyildi və burada bir çox çətinliklər mövcud idi. Lakin Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi, bu sahəyə də olan diqqət və qayğısı, o cümlədən Dövlət Neft Şirkəti rəhbərliyinin böyük səyləri ilə bu gün Pirallahıda, Neft Daşlarında, həmçinin Çilov adalarında və digər ərazilərdə çalışan böyük neftçi ordusunun əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub və bu iş daha yüksək səviyyədə davam etdirilməkdədir. Neftçilərə olan diqqət və qayğının bariz nümunəsi kimi 2012-ci ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələrindən ibarət yeni bir rayonun - Pirallahı rayonunun yaradılmasıdır. Bakı şəhərinin yeni rayonunun yaradılması ilə əhalisinin böyük bir hissəsini neftçi ailələrinin təşkil etdiyi qəsəbələrin sosial-iqtisadi infrastrukturu yenidən və daha yüksək səviyyədə qurulmaqdadır.

 Ölkə başçısının diqqət və qayğısıdır ki, onlarla neftçi əmək fəaliyyətində əldə etdikləri nailiyyətlərə görə fəxri adlarla təltif olunur və mükafatlandırılır. Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində Prezident İlham Əliyevin geniş çıxışı və neftçiləri təbriki bunu bir daha sübut etdi.

Bir daha vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda neft sektorunun inkişaf etməsində neftçilərimizin əməyi, zəngin təcrübəsi və peşəkarlığı danılmazdır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, qorxmazlığı ilə xalqımızın rəğbətini qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlərin yazılması, mahnıların bəstələnməsi, filmlərin çəkilməsi bunu bir daha təsdiqləyir.

Nurlan ABDALOV,

"Respublika".