Ağdam hadisələri: 35 il əvvələ baxış
Digər xəbərlər

Ağdam hadisələri: 35 il əvvələ baxış

Taleyim elə gətirib ki, 1988-1993-cü illərdə baş vermiş Qarabağ hadisələrinin şahidi olmuşam. Ermənilərin bu torpaqlarda törətdikləri cinayətlər,  soyqırımları,  terror hadisələri, azərbaycanlıların üzləşdiyi faciələr haqqında qeydlər apardığım vərəqləri saralmış dəftərçəm yenidən mənə bələdçilik edir.  Həmin illərdə Qarabağdakı erməni icmasının həyat şəraiti çox yüksək səviyyədə olub, onların yaşadıqları ən ucqar kəndlərə belə avtobuslar işləyib, telefon xətti çəkilib, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərib. Ermənilər tərəfindən Qarabağın qapısı adlandırılan Vəng  balaca bir kənddir və orada yaşayan azsaylı ermənilər üçün İrəvan və Bakı şəhərlərinə birbaşa avtobus reysləri açılmışdı. Həmin marşrutlardakı avtobuslar  ziyanla işləsələr də heç kəs ermənilərin xətrinə dəymirdi. Xəbis ermənilər həmin marşrutları elə cızmışdılar ki, avtobuslar Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərdən keçmirdi.

Qarabağ hadisələri necə və niyə başlanıldı? Xalqımızın ümummilli lideri Heydər Əliyev 1982-ci ildə keçmiş sovetlər birliyindəki vəzifəsindən istefa edəndən sonra ermənilər çox fəallaşdılar, çünki şovinistlərin qabağını kəsən əzəmətli dağ onların yolundan götürülmüşdü. Hadisələrin başlanılmasının ən böyük səbəbkarı isə əlləri dirsəklərinə qədər xalqımızın qanına batan keçmiş sovetlər birliyinin rəhbəri M.Qorbaçov idi.

Qatı millətçi və şovinist, türk düşməni, əslən Qarabağın Kətik kəndindən olan Z.Balayan 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap etdirdiyi "Ocaq" kitabı hadisələrin başlanılması üçün ilk qığılcım oldu. Ermənilər keçmiş sovet qanunlarına tabe olmaq istəmirdilər. 1987-ci ilin noyabr ayında M.Qorbaçovun  iqtisadi məsələlər üzrə müşaviri,  akademik Aqanbekyan Fransanın "Humanite" qəzetinə  verdiyi qalmaqallı  bəyanat açıq-aşkar etirazların sistemli hal almasına təkan verdi və erməni millətçilərin,  şovinistlərin açıq fəaliyyətə başlamaları üçün işarə oldu. 

1987-ci ilin noyabr ayında ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiyası başlandı və getdikcə kütləvi xarakter aldı.  Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması insanları fəlakətə sürüklədi. Cəmi bir il ərzində, 1988-ci il yanvarın axırlarına qədər Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmadı.  Həmin ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlılar da ermənilərin təzyiqinə və təhqirlərinə düçar oldular. Keçmiş sovet rəhbərliyi isə bütün bu cinayətləri görməməzliyə vurur, hətta, ermənilərə havadarlıq edirdi. 1987-ci ilin payızında Ermənistandakı bir çox narazı qüvvələr vəziyyətin dəyişdiyini hiss etdilər və oktyabrın əvvəlində Yerevanda ekologiyaya həsr olunmuş mitinqdə ilk dəfə olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. 1987-ci il dekabrın 1-də bədnam yazıçı Zori Balayan başda olmaqla erməni heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi SSRİ Ali Sovetinin iclasında Qorbaçova təqdim etdi. Əvvəllər gizli fəaliyyət göstərən  və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan "Qarabağ" təşkilatı maneəsiz şəkildə Yerevanda, "Krunk" (Durna) təşkilatı isə Xankəndidə fəaliyyətə başladı. Ən əsası isə  ermənilər iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmağa başladılar. 

Təəssüflə qeyd edək ki, Azərbaycanın o zamankı rəhbərliyi, eyni zamanda xalqımız erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi.   Qorxaqlıqda və hiyləgərlikdə "ad" çıxarmış ermənilər keçmiş sovet dönəmində "mübariz xalq" kimi dünyaya təqdim edilirdi. Təbii ki,  bu hərəkatı başlayan ermənilər Ermənistan,  Dağlıq Qarabağ Muxtar Vilayəti,  Moskva rəhbərliyi,  SSRİ və dünya ermənilərinin potensialına, xüsusilə Qorbaçov və onun rüşvətxor arvadı Raisaya arxalanırdılar.  Hadisələr 1988-ci ilin fevral ayında daha aqressiv şəkil aldı,  İrəvanı və Xankəndini mitinqlər dalğası bürüdü.  Ermənistanı azərbaycanlılardan təmizləyəndən sonra erməni ideoloqları münaqişə ocağını keçmiş Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin sıx yaşadıqları ərazilərdə alovlandırmağa başladılar. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzində Qarabağ məsələsi barədə ilk etiraz mitinqi təşkil edildi.  Buna cavab olaraq,  fevralın 19-da Bakıda nümayiş keçirildi.  1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclasında vilayətin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi.  1988-ci il fevralın 21-də keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxardı və həmin sənəddə keçmiş vilayət sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırıldı. Həmin qərar açıq-aydın göstərdi ki, sovet rəhbərliyi silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə edirlər.  Separatçı ermənilərin bu qərarına etiraz olaraq fevralın 22-də Ağdamda böyük bir mitinq təşkil edildi. Həmin gün Ağdam əhalisi uşaqdan-böyüyə kimi ayağa qalxdı, qəzəblənmiş camaatı mərkəzi meydan tutmurdu. Hətta, ətraf rayonlardan, o cümlədən  Bərdədən,  Ağcabədidən,  Yevlaxdan,  Gəncədən, Bakıdan və digər rayonlardan yüzlərlə adam etiraz üçün Ağdama gəlmişdi.  Mitinqçilər dərhal həmin qərarın ləğv edilməsini, ermənilərin qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdilər. Qeyd edək ki, rayonun partiya və sovet orqanlarının rəhbərləri Xankəndidə keçirilən mitinqlər dövründə gözləmə mövqeyində durmuşdular. Bu da təbii idi,  çünki Bakıdan və yaxud  Moskvadan bu barədə göstəriş olmasa, onlar heç nə edə bilməzdilər. Meydandakı xalq özü qərar çıxardı, on minə yaxın insan Xankəndiyə tərəf üz tutdu. Onlar qəzəblə irəliləyir, 15-16 yaşındakı yeniyetmələr isə lap qabaqda gedirdilər.  İzdiham get-gedə artırdı və cəsarətlə demək olar ki, həmin insan selinin qarşısını heç nizami ordu ilə də almaq mümkün deyildi. On minlərlə adamın hayqırtısı dağı-daşı lərzəyə salmışdı, rayon rəhbərləri, ağsaqqallar, ana və bacılar izdihamın qarşısında diz çökür, Qarabağın nüfuzlu ağsaqqalı seyid Lazım ağa onları geri qaytarmağa çalışırdılar. Böyüyə, qadına hörmət izdihamı dayandırdı.  Lakin keçmiş Əsgəran rayon mərkəzinin yaxınlığında erməni əhali,  milis və rus hərbçiləri ilə Ağdamdan Xankəndiyə, qayda-qanun,  yaratmağa yollanan çoxsaylı kütlə  arasında toqquşma baş verdi.  Qarqar çayın yatağında ermənilər iki gənci - Əli və Bəxtiyarı qətlə yetirdilər və hər iki tərəfdən 50 nəfərə yaxın adam zərər çəkdi.

20 fevral 1988-ci il - "Artsaxın dirçəliş günü" kimi "qeyd edilən" tarixin 35-ci ildönümündə Ermənistan XİN-in bəyanatında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub. Həmin dövrdə Azərbaycan KP MK-nın ikinci katibi işləyən Vasili Konovalov öz xatirələrində bu haqda yazıb:

- Biz fevralın 11-də Xankəndi şəhərinə ezam olunmuşduq.  İki gün ərzində mənə iki dəfə zəng olundu ki,  Xankəndini tərk edim.  Birinci dəfə İrəvandan Qarabağ hərəkatının başçılarından biri olan İqor Muradyan mehmanxanaya zəng vurdu.  Fikrini qısa və konkret bildirdi: "Şəhəri təcili tərk edin".  İkinci dəfə isə məni yığıncağın gedişatı zamanı Xankəndinin birinci katibi Zaven Movsesyanın kabinetinə çağırdılar.  Eyni sözlər təkrar olundu.  Mən onda bildim ki,  bu münaqişə dərin köklərə gedəcək.  Təsəvvür edin ki,  İrəvandan heç bir səlahiyyətə malik olmayan bir şəxs Azərbaycan KP MK-nın ikinci katibinə zəng vurur və ona göstəriş verir. Ermənilər Moskva şəhərində Kreml qərargahında kök salmış havadarlarına arxalanaraq etnik azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin saldılar.

30 ilə yaxın erməni işğalı davam etdi, dünyaya dərs keçmək istəyən,  demokratiyadan dəm vuran Qərb ölkələri bütün vasitələrlə çalışdılar ki, erməni işğalını dondursunlar, Azərbaycanın ərazi bütövlüyü pozulsun.  Ağdam hadisələri tarixin ibrət dərsidir. Ermənilərin və havadarlarının arzuları çin olmadı, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalını dayandırmaq üçün başlanan Vətən müharibəsi şanlı qələbə  ilə başa çatıb,  torpaqlarımız işğalçılardan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına azad edilən ərazilərdə miqyasına və həcminə görə dünyada analoqu olmayan nəhəng layihələr icra olunur.  Doğma yurd yerlərinə qayıtmaq sevincini yaşayan yüz minlərlə insan var. Böyük Qayıdışa hazırlaşırıq.  Belə bir məqamda Ağdam hadisələrinə 35 ildən sonra baxış gənc nəsil üçün çox vacibdir.

Salman ALIOĞLU,

"Respublika".