Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib
Digər xəbərlər

Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri, xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Vəkil Marşı səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov konfransı açaraq bildirib ki, tədbirdə 166 nümayəndə iştirak edir. Seçilən nümayəndələrin üçdə ikisi tədbirdə iştirak etdiyi üçün konfrans tam səlahiyyətli sayılır.

Sonra Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətinə dair videohesabat dinlənilib. Qeyd olunub ki, ölkəmizdə vəkillərin sayının artırılması istiqamətində 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən genişmiqyaslı işlər görülür. Vəkilliyə qəbulla bağlı 2004-2018-ci illərdə beş yazılı test imtahanı keçirilib və vəkillərin sayı 931 nəfər təşkil edib. Son beş ildə keçirilən 10 yazılı test imtahanı nəticəsində isə vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Hazırda vəkillik fəaliyyətini davam etdirən Kollegiya üzvlərinin sayı 2240 nəfərdir. Üzvlər arasında gənc vəkillərin sayı artıb. Vəkillərin 1770 nəfəri Bakıda, 470-i isə rayonlarda fəaliyyət göstərir. Həm qadın vəkillərin, həm də regionlardakı vəkillərin sayı dəfələrlə artıb. 2018-ci ildən əvvəl vəkil qurumlarının sayı 39 idisə, hazırda bu rəqəm 125-i ötüb. Onların bir çoxunun ofisləri yenilənib, təmir olunub, maddi-texniki bazası gücləndirilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti sədrinin müşaviri Anar Əsədov maliyyə hesabatını təqdim edib.

Gündəliyə uyğun olaraq seçkilər keçirilib, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, müavinləri və üzvləri, eyni zamanda, Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçilib. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov açıq səsvermə nəticəsində yenidən bu vəzifəyə seçilib. Həmçinin Vəkillər Kollegiyasının və vəkillik fəaliyyətini tənzimləyən bəzi sənədlərə əlavə və dəyişikliklər edilib, Kollegiyanın büdcəsi təsdiqlənib.

Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov tərəfindən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişikliklə bağlı hazırlanmış qanun layihəsi, "M.D.M." MMC-nin direktoru, baş memar və layihəçi Vüqar Həsənov tərəfindən Vəkillər Kollegiyasına Bakıda və Gəncədə ayrılmış binaların müvafiq olaraq yenidən qurulması və bərpasına dair layihələr təqdim edilib.

Eyni zamanda, Özbəkistanda yaşayan, bu ölkənin Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü, əslən Şuşadan olan Əli Nəsirli "Fəxri vəkil" adı ilə təltif olunub.    

AZƏRTAC